“Qarabağda toqquşma ehtimalı hələ də qalır” – Aktual təhlil 

“Yarımçıq qalan məsələlər həllini tapmalıdır”

“Əks halda Azərbaycan ya Qarabağın tamamilə qaytarılmasını, ya da Ermənistanla Xankəndi arasında sərhəddin bağlanmasını tələb edəcək”

“Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Ermənistan üçün ola biləcəyindən daha pis ssenaridir”

“Çünki indi təkcə yeddi rayon deyil, həm də Qarabağın içərisindəki bir hissə Azərbaycanın nəzarəti altına keçib”

“Yəni “oyun”dan ziyanla çıxan yeganə tərəf Ermənistan oldu”


Dünən paytaxt Bakıda keçirilən Qələbə paradı təkcə düşmənlərə yox, bütün dünyaya göz dağı idi. Biz hərbi qənimətləri nümayiş etdirməklə planetə mesaj verdik. Dedik ki, türkün nə beli bükülər, nə də biləyi. Çünki türk daim haqlıdır, ədalətin tərəfindədir. Məhz buna görə ağır, həyəcanlı 44 günün sonunda zəfər qazandıq.
Amma dünən paraddan dərhal sonra Prezident, Ali Baş komandan İlham Əliyevlə Türkiyə dövlət baççısı Rəcəb Tayyib Ərdoğan arasındakı müzakirələrdən və imzalanan sənədlərdən sonra belə məlum oldu ki, görüləcək işlərimiz hələ çoxdur. Əlbəttə, necə deyərlər, silahlı yerə qoymamalı, ayıq-sayıq olmalıyıq. Çünki düşmən hər an intiqam niyyətinə düşə bilər. 


Böyük bir tarix yazdığımız məlumdur. “Sherg.az” olaraq bu tarixi təhlil etmək və gələcək haqqında proqnozlarını öyrənmək məqsədilə Rusiyada yaşayan soydaşımız, Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və tarixi kafedrasının baş müəllimi Kamran Həsənovla həmsöhbət olduq:

-Müharibənin başlanma səbəblərini hansı məqamlarda görürsünüz?

-İndiyədək dəfələrlə müəyyən danışıqlar aparılsa da, həll olunmamış konflikt müharibə ehtimalını artırırdı. Konkret məqamlara gəldikdə deməliyəm ki, bu daha çox Ermənistanın hərbi-siyasi hakimiyyəti ilə əlaqədardır. Paşinyanın rəhbərlik etdiyi hökumətin birmənalı olmayan açıqlamaları, Şuşa şəhərində yallı oynaması ilə bizim mənəviyyatımıza toxunması, “Qarabağ Ermənistandır” deməsi müharibəni qaçılmaz etdi və danışıqlar prosesinə xələl gətirdi. Döyüşlərin başlanması Azərbaycanda sosial sifarişə çevrilmişdi. Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq qərarı verməsilə ordu hərəkətə keçdi.

-Əvvəlki illərə nisbətən Rusiyanın budəfəki mövqeyini necə qiymətləndirirsiniz?

-Fikrimcə, Rusiyanın mövqeyi Azərbaycan üçün daha əlverişlidir. Etiraf etməliyik ki, Kremllə Ermənistan münasibətləri əvvəllər daha yaxşı idi. Rəsmi Moskva vassalını silahla, qazla müntəzəm təmin edirdi. Azərbaycana heç bir güzəştə getmirdi. Bizə nə kredit verir, nə də hərbi müttəfiq kimi baxırdı. Lakin Rusiya müharibədə tamamilə bitərəf mövqe tutdu. Bu, böyük hadisədir. Çoxları Rusiyanın münasibətini təxmin edə bilmirdi.  Amma dediyim kimi, bu dəfə şimal qonşumuz neytral idi. Səbəb isə Ermənistan daxilindəki siyasi proseslərlə yanaşı, eyni zamanda Bakı ilə Moskva arasında diplomatik münasibətlərin yaxşılaşmasıdır

-Sizcə, ABŞ-dakı hakimiyyət dəyişikliyi Cənubi Qafqazdakı proseslərə necə təsir göstərəcək?

-Bayden rəhbərliyinin Türkiyəyə qarşı mənfi münasibət bəslədiyini bilirik. Odur ki, Ankaranın müttəfiqi olan Bakı üçün ondan hansısa xeyir gözləməyə dəyməz. ABŞ, həmçinin Rusiya ilə münasibətdə də radikal mövqe tutur, onu sanksiyalarla təhdid edir. Əgər Paşinyan yanvaradək müqavimət göstərə bilsə, yeni ABŞ hakimiyyəti Ermənistanı dəstəkləyəcək. Və bu adla proseslərə müdaxilə edəcək. Bir sözlə, dəyişikliklər Ermənistana köməyin artması və regionda Amerikanın təsirinin güclənməsinin qarşısını almaq üçün Azərbaycan, Türkiyə, Rusiya münasibətlərinin qüvvətlənməsilə təzahür edəcək.

-Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla bağlı fikirləriniz necədir?

-Bu, Ermənistan üçün ola biləcəyindən daha pis ssenaridir. Çünki indi təkcə yeddi rayon deyil, həm də Qarabağın içərisindəki bir hissə Azərbaycanın nəzarəti altına keçib. Bu, düşmən üçün çox ağırdır. Bizim isə tarixi uğurumuzdur. İkinci bir tərəfdən razılaşma, həmçinin ehtimal olunan itkilərin qarşısını aldı. Qarabağda mövcudluğu təmin olunduğuna görə, bəyanat Rusiyanın da maraqlarına cavab verdi. İndiki vəziyyət Türkiyə üçün də məqbuldur. Axı o da müşahidə prosesində iştirak edəcək. Yəni “oyun”dan ziyanla çıxan yeganə tərəf Ermənistan oldu.

-Hərbi əməliyyatlar yenidən bərpa oluna bilər?

-İndi dəfələrlə az olsa da, toqquşma ehtimalı hələ də var. Bölgədə Rusiya sülhməramlılarının olması ən vacib faktordur.  Yarımçıq qalan məsələlər uzun müddət, məsələn, 5-10 il ərzində həllini tapmasa, o zaman Azərbaycan ya Dağlıq Qarabağın tamamilə qaytarılmasını, ya Ermənistanla Xankəndi arasında sərhəddin bağlanmasını tələb edəcək.

-Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz?

-Azərbaycanın yeddi rayonu geri qaytarması aydındır. Buna heç bir şəkk-şübhə yoxdur. Dağlıq Qarabağda nə olacağını demək isə çətindir. Bu sualın konkret cavabı üçün 5-10 il vaxt da lazım ola bilər. Bəli, Qarabağ nə olursa olsun, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Lakin ən azı yaxın gələcəkdə orada ermənilərin yaşaması da istisna deyil. Hərbi əməliyyatların və diplomatik həmlələrin real nəticələrə gətirib çıxardığını nəzərə alsaq, məncə, hansısa sürətli bir dəyişiklik gözləmək lazım deyil.