“Hərbi qulluqçuların təltif edilməsi davam etdiriləcək”

“Bu, hərbi-vətənpərvərlik ruhunun təbliği, tarixi-varislik prinsipi baxımından əhəmiyyətlidir”

“Mükafatların adlarının seçilməsinin özü də simvolik və müstəsna əhəmiyyət daşıyır”


Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbçiləri təltif olunub.
Həmçinin Tovuz döyüşlərinin şəhidləri general-mayor Polad Həşimov, polkovnik İlqar Mizəyev və keçmiş zabit İbad Hüseynov Milli qəhrəman adına layiq görülüblər.



 Hərbi ekspert Emin Həsənli bu barədə “Sherg.az”a danışarkən Sərəncamın əhəmiyyətinə toxunub:

 “Bildiyiniz kimi, üç hərbçimiz Milli Qəhrəman adına layiq görüldü. Bəzi hərbçilərimiz isə “Vətən” və “Qarabağ” mükafatları ilə təltif edildilər. Fikrimcə, təltiflər qarşıdakı günlərdə də davam etdiriləcək.

Bu, bir tərəfdən hərbi-vətənpərvərlik ruhunun təbliği, tarixi-varislik prinsipi baxımından əhəmiyyətlidir. Digər tərəfdən isə həmin qəhrəmanlarımızın adları əbədi yaşayacaq, dərsliklərə düşəcək.

Bilirsiz, müharibəyə üç qardaş gedir-biri şəhid, biri qazi, biri veteran olur. Biz bunu Vətən müharibəsində də gördük. Azərbaycan ordusuna qələbə yaraşır.

Ali Baş Komandan başda olmaqla Silahlı Qüvvələrimiz tarixi zəfər qazandılar.

Biz 44 günlük hərbi əməliyyatlar dövründə ancaq irəli getdik və tarix yazdıq. Onu da deyim ki, mükafatların adlarının seçilməsinin özü də simvolik və müstəsna əhəmiyyət daşıyır”.