Ermənistan qarışdı ! - “44 günlük müharibə ağır dərs oldu”

“Azərbaycan Qələbə paradına sevinəndə, onlar yenə etiraz aksiyası keçirirdilər”

“Bir kəndin itirilməsinə görə Sarkisyanı bağışlamayan ermənilər Paşinyana da güzəştə getməyəcək”
 
“Məncə, məsələ daha tez-qarşıdakı iki ay ərzində həll olunacaq”


Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilib. Etirazçılar hökuməti Ermənistanın milli maraqlarına xəyanətdə günahlandırıblar. Dekabrın 5-də müxalifət Baş nazir Nikol Paşinyan və onun komandasına ultimatum verərək 8 dekabr saat 12:00-dək istefa verməsini tələb etmiş, əks halda vətəndaş itaətsizliyinin başlaması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin Paşinyan həmin tələbi reallaşdırmadığı üçün paytaxt İrəvan və ölkənin müxtəlif regionlarında etiraz aksiyaları başlayıb.

Paşinyanın istefasını tələb edən aksiyalardan biri Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Polis qüvvələri etirazçılara xəbərdarlıq etdikdən sonra mitinqlər şəhərin müxtəlif istiqamətlərində öz aksiyalarına davam ediblər. Ölkənin Baş Prokurorluğunun binası önündə də etiraz aksiyası keçirilib.
Polis hökumət əleyhinə keçirilən aksiyalarda 81 nəfərin saxlanıldığını bildirib.

 Aylardır ki, Ermənistanda vəziyyət belədir. Elə dünən də biz Qələbə paradına sevinəndə, onlar yenə etiraz aksiyası keçirirdilər.

Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Paşinyan haqqında dediyi “Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən” sözləri də “suyun getdikcə bulandığını” göstərir. Yəni baş nazir hara qaçır qaçsın, siyasi “ölüm”ündən qurtula bilməyəcək.



Politoloq Əhməd Əlili bu barədə “Sherg.az”a açıqlamasında baş nazirin hakimiyyətdə qalmasının indiki situasiya üçün sərfəli olduğunu bildirib: 

“Paşinyanı hakimiyyətdə saxlayan yeganə qüvvə Rusiya prezidenti Vladimir Putinin onun haqqında dediyi xoş sözlərdir. Və bu, Azərbaycanın təkidi ilə baş verir. Çünki Ermənistandakı müxtəlif müxalif siyasətçilər bəyanatı icra etməyəcəklərinə dair çağırışlar səsləndirirlər. Bu isə nə bizim, nə də Kremlin maraqlarına cavab verir. Nəzərə almaq lazımdır ki, hakimiyyətə gələn yeni şəxs ən azından bəyanatın icrasını yubada bilər. Belə bir “sürprizin” reallaşmaması üçün biz onun hakimiyyətdə qalmasında maraqlıyıq”.

Ə.Əlinin fikrincə, Paşinyanın devrilməsi sadəcə vaxt məsələsidir: 

“Ermənistan xalqı başa düşür ki, Moskva nə desə o da olacaq. 44 günlük müharibə onlara dərs oldu. Odur ki, əksəriyyət Rusiya əleyhinə fikir səsləndirmək niyyətində deyil. Çoxu Putinin Paşinyan haqqında dediyi fikirləri dəstəkləyir. Amma bir müddət əvvəl dediklərimi yenə təkrarlayıram: bir kəndin itirilməsinə görə Sarkisyanı bağışlamayan ermənilər Paşinyana da güzəştə getməyəcək. Düzdür, Paşinyan may-iyunda seçkilərin keçirilməsini istəyir. Amma, məncə, məsələ daha tez-qarşıdakı iki ay ərzində həll olunacaq”.