Mediaya dair Memorandum !- “Yeni mətbuat infrastukturu formalaşacaq”

“Bundan sonra yeni iş keyfiyyətlərinə malik kadr hazırlığı ilə məşğul ola bilərik”

“Türkiyənin media sahəsindəki təcrübəsindən yararlanacağıq”


Azərbaycan və Türkiyə arasında Media Sahəsində Strateji işbirliyinə dair Memorandum imzalanıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında paylaşım edib. Prezidentin köməkçisi bildirib ki, iki ölkə arasındakı media platforması layihəsi praktiki olaraq inkişaf edir. Əlbəttə, belə bir təşəbbüs həm də iki qardaş ölkənin bir-birinə daha çox yaxınlaşmasını təmin edəcək.



Media mütəxəssisləri “Sherg.az”a açıqlamasında bu barədə daha ətraflı danışdılar. BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli sənədin əhəmiyyətini üç aspektdən qiymətləndirib: 

“İlk növbədə Azərbaycan öz həqiqətlərini həmin platforma vasitəsilə dünyaya çatdıra biləcək. İkincisi, Azərbaycan media mühitində dəyişikliyin olması və yeni media infrastukturunun formalaşmasıdır. Üçüncüsü, kadr və təhsil məsələlərində yeniliklər olacaq. Fikrimcə, biz bundan sonra yeni iş keyfiyyətlərinə malik kadr hazırlığı ilə məşğul ola bilərik. Əgər işlər arzuolunan səviyyədə davam etsə, bu üstünlüklərdən yararlanacağıq”.



 “Ayna-Zerkolo” qəzetinin baş redaktoru Elçin Şıxlı da bunun müsbət nəticələrə səbəb olacağını düşünür:

 “Detallar hələ məlum olmasa da, hər halda məsələyə müsbət yanaşıram. Beləliklə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün imkanlarımızı genişləndirəcəyik. Türkiyə də keçmiş sovet məkanına həqiqətlərini anlatmaqdan ötrü bizdən istifadə edə bilər. Eyni zamanda Türkiyənin media sahəsindəki təcrübəsindən yararlanacağıq. Ən vacib məqamlardan biri isə sözügedən platformanın region ölkələrinin çoxtərəfli əməkdaşlığına kömək edəcəyidir. Detallar hazırlanarkən jurnalistlərin də fikirlərinin öyrəniləcəyinə ümid edirəm”.