Yalnız şəxsiyyət vəsiqəsi ilə... – “Türkiyəyə gediş-gəliş asanlaşır”

“Qarşıqlı əməkdaşlığımız, insanlarımızın inteqrasiyası sürətlənəcək”

“Həm də iqtisadi cəhətdən səmərəlidir. Sənəd işlərinə külli miqdarda pul sərf olunmayacaq”



Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında Türkiyə ilə Azərbaycan arasında gediş-gəlişin asanlaşacağı barədə yazıb: “Qardaşım Ceyhun Bayramovla imzaladığımız protokolla Türkiyə və Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəyik”. ““Tək Millət, İki Dövlət”ə də bu yaraşar! Xeyirli olsun”, - deyə Türkiyə XİN başçısı qeyd edib.



Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov “Sherg.az”a açıqlamasında bildirib ki, bu, hər iki tərəf üçün əhəmiyyətlidir: 

“Həmin  mövzu uzun illərdir gündəmdə saxlanılırdı. Proses fevral ayından başlamışdı. Avqustdan etibarən qarşılıqlı gediş-gəlişlə bağlı zəruri addımlar atıldı. Və, nəhayət, dünən müvafiq sənəd imzalandı.

Bu, həm texniki, həm də siyasi baxımdan önəmlidir. Beləliklə, qarşıqlı əməkdaşlığımız, insanlarımızın inteqrasiyası sürətlənəcək. Həm də iqtisadi cəhətdən səmərəlidir.

Nəzərə almaq lazımdır ki, xüsusilə Naxçıvan bölgəsində elə adamlar var ki, az qala, hər gün Türkiyəyə gedib-gəlirlər. Onlar daha sənəd işlərinə külli miqdarda pul sərf etməyəcəklər”.

A.Allahverənov, həmçinin tətbiq olunacaq yeniliklərdən də söz açıb:

 “Yəqin ki, bu məsələ həm də gələcəkdə Naxçıvan dəhlizinin inşasına hesablanıb. Hər halda sözügedən təşəbbüsün görünməyən tərəfləri də az deyil. Əsas sual klassik, ya “yeni nəsil” şəxsiyyət vəsiqələrindən istifadə ediləcəyidir.

Məncə, daha çox informasiya mənbəyi olan və eyni zamanda bir çoxları sənədləri əvəz edə bilən ikinci tip sənədlərə üstünlük veriləcək”.