Qarabağ münaqişəsinə dini rəng vermək siyasi möhtəkirlikdir

Professor Avropada genişlənən dini radikalizm və ultra-sağ meyldən danışdı

Qarabağ savaşında ağır məğlubiyyətə uğramış işğalçı Ermənistan və onun Qərbdəki bəzi tərəfdarları, o cümlədən bu məğlubiyyətlə barışmayan erməni diasporu dünya mediasında Azərbaycanla münaqişəyə dini-etnik don geyindirməyə, Dağlıq Qarabağı “sivilizasiyaların toqquşduğu” məkan kimi təqdim etməyə çalışır.

Təəssüf ki, belə hiyləgər yanaşma özünə tərəfdarlar tapır, bəzi siyasətçilər və media qurumları ermənilərin təbliğat toruna düşürlər. Məsələn, ötən günlərdə Fransa və Niderland kimi ölkələrin parlamentində Azərbaycan və Türkiyə əleyhinə qətnamə qəbul olunması, eləcə də Almaniyanın “Şpigel” kimi nüfuzlu jurnalında Qarabağ probleminə dini rəng verən məqalənin çap olunmasını bu təbliğatın nəticəsi kimi qiymətləndirmək olar.

BDU-nun professoru, siyasi icmalçı Qulu Məhərrəmli “Şərq”ə açıqlamasında Qarabağ probleminə dini don geyindirilməsini Avropada bu münaqişənin mahiyyətindən xəbərsiz olanlar üçün cazibədar və aldadıcı yanaşma hesab edir. Onun fikrincə, əslində problemə belə absurd yanaşma, bir tərəfdən ermənilərin Azərbaycan ərazilərini işğal etmək niyyətini pərdələməyə yönəlibsə, digər tərəfdən Ermənistanın çevrəsində bir xristian həmrəyliyi qurmağa, bu yolla Qərb cəmiyyətlərində özünə dindaş tərəfdarlar toplamağa xidmət edir. Yerevan Qərbin siyasi çevrələrindəki və mediadakı lobbiçilərini məhz bu manipulyativ “arqumentlə” yemləməyə çalışır.

Təəssüf ki, problemin mahiyyətinə bələd olmayan, başqa üsullarla da şirnikləndirilən həmin siyasətçilər və media adamları tez-tez bu “cazibədar” arqumentin tələsinə düşürlər. Halbuki, həmin adamlar münaqişənin mahiyyətini yüngülvari araşdırsalar, onun həqiqi mahiyyətini dərhal görər, burada heç bir dini amilin iştirak etmədiyinə əmin olarlar. Məsələn, görərlər ki, “müsəlman zülmündən əzab çəkən” Ermənistan, eləcə də Qarabağdakı ermənilər, məhz bölgənin ən böyük müsəlman ölkələrindən olan İran İslam Respublikasının iqtisadi yardımı sayəsində ayaqda qalır, məhz müsəlman-şiə Tehranın köməyi sayəsində ermənilər ərzaq, elektrik enerjisi və yanacaqla təmin olunur, həyat üçün vacib olan sahələri inkişaf etdirirlər. Deməli, bölgədə hansısa xristian-müsəlman qarşıdurması haqqında danışmaq tamamilə yersizdir və belə yalanlar yalnız Ermənistanın işğalçılıq niyyətlərini ört-basdır etmək üçündür.

Professor qeyd edib ki, Qarabağ problemində “müsəlman-xristian” motivinin yalan olduğunu bilən Avropanın bəzi məmləkətləri, onların islamofob siyasətçiləri və adlarını “tərəfsiz və qərəzsiz” qoymuş bəzi media qurumları da münaqişədən bəhs edərkən din amilini qabartmağa çalışırlar.

Təəssüf ki, məsələnin bu cəhətinin qabardılmasında hazırda Avropada artmaqda olan ultra-sağ meylin, xristian fundamentalizmi və neofaşizmin ayrıca rolu vardır. Belə meyilləri yayan mərkəzlərin artması ümumən Avropa dəyərlərinin özünü təhlükə altında qoyur.

Məhz belə ölkələrdə media qurumları Qarabağ problemindən yazarkən münaqişəyə dini don geyindirməyə çalışırlar. Məsələn, Almaniyanın nüfuzu “Spigel” jurnalında (30 noyabr 2020) çap olunmuş “Dağlıq Qarabağ münaqişəsi: Qərb Ermənistanı niyə satdı?” (“Berg-Karabach-Konflikt: Warum Armenien vom Westen verraten wird”) adlı məqaləsi açıq dini dözümsüzlük və xristian fundamentalizminin tipik nümunəsi sayıla bilər.
Professor Q.Məhərrəmli “Şpigel”dəki məqalənin müəlifi Volfram Veymeri yazdığı mövzunun mahiyyətini bilməməkdə, qərəzçilikdə aşkar yalan danışmaqda ittiham edib. Professorun fikrincə, hələ “Spigel” jurnalı guya keyfiyyətli media sayılır. Hərçənd, qərəz və böhtan dolu bu yazıda keyfiyyətli mediaya xas olan heç bir etik meyar gözlənilmir, balans yoxdur, yazının məğzi həqiqətdən çox uzaqdır, ermənilərə məhəbbət üzərində qurulduğundan Türkiyə və Azərbaycana nifrət püskürür, bayağı xristian həmrəyliyi təbliğ olunur. Hadisələr haqqında məlumatı olmayıb yazını oxuyan adamda belə təəssürat yaranır ki, Bakı və Ankara muzdlu terrorçularla əl-ələ verib bu “yazıq” xristian Ermənistana qarşı islami dəyərlərdən qaynaqlanan amansız müharibə aparır. Əslində belə yalan, əsassız, təhrikçi və qızışdırıcı yazı üçün təkcə “məşhur” müəllif yox, elə “Şpigel”in özü də etika məhkəməsi qarşısında dayanmalıdır.

Professor sonda bildirib ki, əvvəla, Qarabağ münaqişəsinə dini rəng vermək siyasi möhtəkirlikdir və belə yalançı təbliğat materialları ilə “zavallı”, “fağır və əzabkeş” Ermənistan obrazını yaratmağın heç bir əhəmiyyəti yoxdur, həm və belə şeylər tamamilə keçicidir.

İkincisi isə Ermənistan rəsmiləri öz ölkəsini və xalqını indi düşdüyü dərin siyasi-iqtisadi və psixoloji böhrandan çıxarmaq istəyirsə, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Türkiyə ilə münasibətlərini qaydaya salmalı, beynəlxalq hüquqa hörmət etməli və öz ərazisi daxilində öz gələcəyini qurmaq haqqında düşünməlidir.