Səssizliyin səbəbi var

Məkrli, ermənipərəst dövlətlər qələbəni həzm edə bilmirlər

Onlar Ermənistanı cinayətlərinə görə gözləyən ağır təzminatdan yayındırmaq istəyirlər


“Dövlətimizin və xalqımızın möhtəşəm qələbəsinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı keçirilən Zəfər paradımız təkcə mənfur düşmənlərimizə deyil, bütün dünyaya bir mesaj idi. Bu xalq çox şeyi unudar, xəyanəti əsla unutmaz. Biz babalarımızdan bizə, sonrakı nəsillərimizə ötürmək üçün miras qalmış torpaqlarımızın oğurlanmasına heç vaxt razı ola bilməzdik”.

Bu sözləri politoloq Xəyal Bəşirov “Şərq”ə açıqlamasında bildirib. Politoloq vurğulayıb ki, biz bu Qələbəmizlə və onun beynəlxalq aləmə səs salan paradı ilə bütün dünyaya bəyan etdik ki, bu qələbəni Azərbaycan Ordusu bizə yaşadıb: “Bu qələbə ilə biz tam olaraq müstəqilliyimizə və suverenliyimizə qovuşduq. İlk dəfə olaraq, konstitusiyamızın və qanunlarımızın təsir qüvvəsinin bütün ölkə ərazisinə şamil olunmasına nail olduq. Erməni təcavüzü nəticəsində yaranan bu 30 illik münaqişə dövründə həmişə bütün dağıntılar, itkilər və ölümlər Azərbaycan ərazisində baş verib. Buna artıq son qoyuldu və bütün ərazilərimizlə yanaşı, mülki vətəndaşlarımızın həyatı da təhlükəsizliyə alındı. Artıq bundan sonra Ermənistan tərəfi əvvəlki kimi təxribata yol verəcəksə, ilk dəfə olaraq cavabını bizim deyil, öz ərazilərində alacaq”.


X.Bəşirov vurğulayıb ki, möhtəşəm məqamlardan biri də paradda əldə etdiyimiz hərbi qənimətlərin nümayişi ilə bağlı idi:

“Tarixən, müharibələrdə düşməndən əldə olunmuş hərbi qənimətlərin həcminin çoxluğu və onların daha az məhvə məruz qalması qalib tərəfin gücündən və əldə etdiyi qələbənin möhtəşəmliyindən xəbər verib. Bəs bu 44 günlük amansız müharibəni və düşmənin kapitulyasiyası ilə nəticələnən Qələbəmizi müşahidə edən dünya dövlətləri niyə qalib Azərbaycanı və onun qalib rəhbərini təbrik etmir? Yoxsa bizim möhtəşəm qələbəmizə və düşmənin acı məğlubiyyətinə şübhə ilə yanaşırlar? Zənnimcə, bu qələbəyə və onun möhtəşəmliyinə heç kim şübhə ilə yanaşmır və yanaşa da bilməz! Təbriklərin olmamasının və səssizliyin əsas səbəbləri isə tam fərqlidir. Əsas məqsəd, otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğala məruz qoyub dövlətimizə və xalqmıza yüz milyardlarla zərər vuran Ermənistan dövlətini, vurduğu zərərə görə təzminatdan yayındırmaqdır. Məqsəd həm də bu zərərlə yanaşı azərbaycanlılara qarşı soyqırımları və vəhşilikləri həyata keçirən Ermənistanın cinayətkar rəhbərliyində təmsil olunanların beynəlxalq hərbi tribunalda mühakimə olunaraq layiqli cəzalarına çatmalarına mane olmaqdır. Ancaq bütün bunlar dünyada baş verən anoloji hadisələrə ikili yanaşmanın növbəti təzahürü olmaqla yanaşı, həm də çox əbəsdir. Çünki bu qələbənin əldə olunmasını otuz ilə yaxın gözləyən və buna nail olmağı bacaran xalqımız və dövlətimiz ona da nail olacaq. Şuşanı alaraq müharibəni möhtəşəm zəfərlə tamamlayan xalqımız, Ermənistanın bir dövlət kimi çökməsi hesabına da başa gəlsə, o təzminatın ödənilməsinə və əli xalqımızın qanına batmış koçaryanların, sarkisyanların, manukyanların, ohanyanların və digərlərinin layiq olduqları cəzalarını almalarına nail olacaq”.