Liderlərin Şuşaya səfəri lap möhtəşəm olacaq

Bundan sonra Azərbaycan Türkiyəsiz olmayacaq

"Bununla bir daha nümayiş etdiriləcək ki, Türkiyə Qarabağdadır, Azərbaycanın hər yerindədir, eyni zamanda bölgədədir. Regionun digər gücləri də Türkiyə reallığı ilə barışmaq məcburiyyətində qalacaqlar"

Prezident İlham Əliyevin və Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəfər paradının keçirilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bütün dünyanın diqqəti növbəti dəfə Azərbaycana, paytaxt Bakıya yönəldi. Hər kəs, ələlxüsus türklərə düşmən kəsilmiş qüvvələr Azərbaycan-Türkiyə vəhdətinin şahidi oldular.

Heç şübhəsiz, Türkiyə ilə əməkdaşlıq bütün sahələr üzrə ən üst səviyyəyə çıxarılacaq. Liderlərin parad sonrası görüşündə və mətbuat konfransında bu məqam xüsusilə vurğulanıb. Türkiyə prezidenti bəyan edib ki, bundan sonra Azərbaycan Türkiyəsiz olmayacaq və həmrəyliyimiz hər sahədə davam edəcək: “Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”. İki qardaş ölkə Qarabağda quruculuq işlərində də birgə iştirak edəcək, ortaq layihələr hazırlayacaq. Prezident İlham Əliyev qeyd edib ki, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq: “Əminəm ki, bizim türk qardaşlarımızın yardımı ilə buna nail olacağıq. Bu gün artıq konkret layihələr – avtomobil və dəmir yolları, infrastruktur layihələri haqqında danışdıq. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər və bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək. Şuşa şəhərinə yeni avtomobil yolu, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu açılandan sonra bərabər, inşallah, Şuşa şəhərinə gedəcəyik. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq”. 
Türkiyə lideri də bəyan edib ki, yollar çəkiləndən sonra Şuşaya getmək, orada bərabər olmaq lazımdır: “Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə görmək bizim üçün eşqdir”. 



Ölkə başçılarının Şuşayla bağlı mesajlarını “Şərq”ə təhlil edən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, 44 günlük müharibə dövründə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, əməkdaşlığı böyük əks-səda verdi, bütün dünya bunun yenidən şahidi oldu. Partiya rəhbərinin sözlərinə görə, heç kəsə sirr deyildi ki, müharibədən sonra iki qardaş ölkə arasında münasibətlər daha da inkişaf etdiriləcək:

“Bundan sonra Azərbaycan-Türkiyə əlaqələri növbəti mərhələyə keçəcək. Zəfər paradını Türkiyə prezidenti ilə Azərbaycan dövlət başçısının birgə qəbul etməsi, əsgərləri birgə salamlaması, türk qoşunlarının iştirakı regiona və dünyaya ciddi mesaj idi. Zamanla birliyimizin davamı kimi müxtəlif nüanslar ortaya çıxacaq. Təbii ki, bu vəhdətin ən bariz, təsirli və mesaj xarakteri daşıyan nümunələrindən biri iki liderin Şuşaya birgə səfəri olacaq. Bununla bir daha nümayiş etdiriləcək ki, Türkiyə Qarabağdadır, Azərbaycanın hər yerindədir, eyni zamanda bölgədədir. Regionun digər gücləri də Türkiyə reallığı ilə barışmaq məcburiyyətində qalacaqlar. O baxımdan prezidentlərin Şuşaya birgə səfərinin təşkil olunması çox önəmlidir. Ümumiyyətlə, Türkiyə-Azərbaycan birliyi dünyada yeni düzənin təməlini qoymaqdadır. Yaxın zamanda digər dövlətlər də bu birliyə qoşulacaq və yeni siyasi-iqtisadi və hərbi qütbünü yaradacaqlar”.