Jurnalistlərin ən böyük arzusu çin olur

Türkiyə və Azərbaycan arasında ortaq media platforması qurulur

Müharibə dövründə hiss olundu ki, Türkiyənin bu sahədə təcrübəsi çoxdur, biz də yararlanacağıq


Dekabrın 10-da keçirilən Zəfər paradından sonra Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb. İki qardaş ölkə liderinin imza atdığı mühüm anlaşmalardan biri də “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu” adlı sənəd olub. İmzalanmış sənədlə Azərbaycanla Türkiyənin maraqlarına uyğun məqamları bu platformadan işıqlandırmaq mümkün olacaq. Türkiyə və Azərbaycan arasında qurulacaq yeni ortaq media platforması ilə dezinformasiya xarakterli məlumatların qarşısının alınması hədəflənir.

Bundan əlavə televiziya və film sahəsində də ortaq işlər görüləcək. İmzalar atıldıqdan təxminən 3 ay müddətində layihənin həyata keçirilməsi planlaşdırılır. Bildirilib ki, media sahəsində məlumat, bilik, təcrübə və mənbələr mübadiləsi aparılacaq. Müxtəlif media və sektor nümayəndələri ilə ortaqlıqlar qurulacaq, təlim və mübadilə proqramları təşkil ediləcək. İki ölkənin fikir liderləri arasında rabitə körpüsü qurulacaq. 

Media ekspertlərinin fikrincə, Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması ilk növbədə Azərbaycan həqiqətlərinin dünya mediasına çıxmasını asanlaşdıracaq. Digər tərəfdən Azərbaycan müəyyən mənada dünya mediasına inteqrasiya olunacaq. 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın Türkiyə ilə, eyni zamanda digər türk ölkələriylə əməkdaşlığı mövzusunda zaman-zaman təşəbbüslər olub. Eyni zamanda, türk dövlətlərinin bir neçə dəfə media forumları keçirilib:

“Ancaq geriyə baxanda görürük ki, bu sahədə əməli və davamlı iş görülməyib. Bu baxımdan, iki qardaş ölkə arasında media sahəsində yeni əməkdaşlıq imkanlarının müzakirəsi artıq buna olan ehtiyacdan irəli gəlir. Bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyevin Ankaraya səfəri zamanı Azərbaycan və Türkiyə arasında media məkanında strateji əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. İndi imzalanan sənədlər həmin müzakirələrin nəticəsidir. Hesab edirəm ki, informasiya savaşının daha önə keçdiyi indiki mərhələdə medianın imkanlarının düzgün qiymətləndirilməsi və ortaq çalışmalara ciddi önəm veriləcək. Bunu hər iki dövlətin maraqları tələb edir. Bu format uğurlu alındığı təqdirdə, digər türk dövlətlərinin də burada iştirakı təmin olunmalıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması mətbuat nümayəndələrinin arzusu idi və yaxşı ki, artıq dövlət səviyyəsində bu arzu həyata keçirilir:

“Düşünürəm ki, ortaq media platforması həyata keçirilərsə, bu iki ölkə arasında informasiya sahəsində əlaqələri intensivləşdirməyə imkan yaradacaq. Necə ki, Türkiyə və Azərbaycan bir çox sahələrdə iç-içədir, eləcə də medianın da iç-içə olması təmin olunur. Vətən müharibəsində Türkiyə mediasının azərbaycanlı jurnalistlərlə yanaşı iştirak etmələri, böyük fədakarlıq göstərmələri bunu sübuta yetirdi. Hesab edirəm ki, birgə fəaliyyətimiz bir çox nailiyyətlərə yol açacaq. Bu, Azərbaycan mediası üçün çox vacibdir. Reallıq ondan ibarətdir ki, Türkiyənin həm çap, həm də televiziya mediası bizdən daha təcrübəlidir. Bu təcrübə müharibə dövründə də hiss olundu. Biz birlikdə çox güclü oluruq. Media sahəsində də birlikdə güclü olacağımıza şübhə etmirəm”.