Ermənistan üçün bir xilas qapısı açıq saxlanıb

Dirçəlməyin yolu Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından keçir

Ermənistanda kəskin anti - Türkiyə və anti - Azərbaycan ritorikası ilə yanaşı türk dünyası ilə əlaqələrin düzəldilməsinə tərəfdarlar olanlar da var. Məsələn, “Mənim addımım” fraksiyasının deputatı Andranik Koçaryan hesab edir ki, qonşularla diplomatik dialoqun qurulması gərginliyin qarşısını almaq üçün çox vacibdir. Onun sözlərinə görə, Türkiyə ilə yaxşı münasibət qurulmalıdır.

Çünki Türkiyə regionun ən böyük oyunçularından biridir: “Ankara ilə münasibətimiz yaxşılaşmasa, müharibəyə məhkumuq. Müharibədən qurtulmaq üçün ən yaxşı yol əlaqə və dialoqdur. 90-cı illərdən bəri Türkiyə ilə dialoq qurulmayıb. Türkiyədən əlavə, Azərbaycanla da müxtəlif səviyyələrdə münasibətlər yaratmaq lazımdır”. Xatırladaq ki, Koçaryan dekabrın 8-də Ermənistan parlamentində Azərbaycanla diplomatik münasibətlərin yaradılmasının vacibliyini bəyan etmişdi.

Politoloq Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, Ermənistan savaşda məğlub olub. İrəvanda anlayırlar ki, onların xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Ancaq bunun üçün Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddiasından vaz keçməlidir. Ekspertin sözlərinə görə, ümumiyyətlə, Cənubi Qafqaz bütöv bir orqanizmdir:

“Bu gün dünyada Azərbaycana, Gürcüstana, Ermənistana yönəlik siyasətdən daha çox Cənubi Qafqaza yönəlik siyasət müzakirə predmetinə çevrilib. Cənubi Qafqazın tək yolu Türkiyə ilə  inteqrasiyadır. Türkiyə Cənubi Qafqazı Rusiyanın caynağından almalıdır. Əlbəttə ki, bu məsələdə Ermənistan daha çox maraqlıdır. Qardaş Türkiyənin bu ölkə ilə sərhədlərini açması İrəvan üçün “xilas kəməri” kimi də dəyərləndirilə bilər. Artıq unudulan “Sürix protokolları” Ermənistan və Türkiyə üçün olduğu kimi Azərbaycan üçün də mənfəətlidir.

İlk növbədə Vaşinqtonun dəstəyi ilə sərhədlər açılarsa, Türkiyə Avropada ona qarşı irəli sürülən mənasız iddialardan birini aradan qaldırmış olacaq. Digər tərəfdən, Ankara Avropa Birliyinə inteqrasiya yolunda əsas şərt kimi Ermənistanla diplomatik münasibətlərin qurulması, soyqırımı iddiası ilə bağlı birgə komissiya yaradılması, Cənubi Qafqazda güc balansını dəyişib Türkiyənin öz təsirini genişləndirməsinə nail ola bilər. Ermənistan indiyə qədər Qarabağ danışıqlarında ona görə güzəştə getmirdi ki, bunun qarşısını Rusiya alırdı, artıq ermənilər məğlub olub.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması isə imkan yarada bilər ki, Türkiyə gələcəkdə Ermənistanda nüfuz dairəsi formalaşdırsın, Ermənistan hərbi ritorikadan birdəfəlik əl çəksin. Ermənistan Rusiyanın diktəsilə deyil, daha sərbəst qərar verə bilərsə, bu, ermənilər üçün xilas ola bilər. Digər tərəfdən, bölgədə mühüm oyunçuya çevrilməkdə olan Ankara üçün İrəvanı ram eləmək olduqca vacibdir. Ehtimal etmək olar ki, ilkin mərhələdə Ankara İrəvan ilə ilkin diplomatik əlaqələri bərpa etmək niyyətində olacaq. Sərhədlərin açılması isə sonrakı mərhələyə saxlanılacaq”.

Analitik vurğulayıb ki, Türkiyə ilə əlaqələrdə daha çox Ermənistan maraqlıdır:

“Qarabağ münaqişəsinin tənzimlənməsində və “erməni soyqırımı” məsələsində İrəvanın tutduğu radikal mövqe bu ölkəni önəmli layihələrdən kənarda qoydu və İrəvan bunun bədəlini ödədi. Ermənistan ölkənin gələcəyini qurban verərək, Rusiyanın forpostu missiyası ilə razılaşmalı oldu. İrəvanda anlayırlar ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün nicatdır.

Lakin rəsmi İrəvan Rusiyanın təzyiqlərindən ehtiyat edir. Burada ən maraqlı məqamlardan biri odur ki, erməni diasporu da sərhədlərin açılmasına etiraz edir və rəsmi İrəvan belə addımlar atarsa, ümumxalq etirazları ilə hədələyir. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. “Sürix protokolları” reallaşarsa, bölgəyə əlavə maliyyə yatırıla bilər. Məhz bu səbəb Ankara və İrəvanın diqqətini çəkən əsas amillər sırasındadır.

İqtisadi tənəzzüldə olan Ermənistan buna vadar olacaq. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan diplomatiyası çevikliyi ilə fərqlənərsə, proseslərə İran qoşula bilər. Bunun müqabilində isə Tehran İrəvanı qurban verə bilər. Bir sözlə, İrəvanı düşdüyü fəlakətdən yalnız Bakı və Ankara xilas edə bilər”.