Qələbədən sonra əl uzatmaq istəyənlər artır

BMT missiyasının Qarabağa gəlməsi problem deyil

Hətta Rusiyanın regionda imperiya maraqlarının olduğunu nəzərə alsaq, bunu təşkil etmək vacibdir

BMT Qarabağa öz missiyasını göndərmək niyyətini qoruyub saxlayır və missiyanın regiona ən qısa zamanda gəlməsi üçün bütün tərəfləri əməkdaşlığa çağırır. Bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib. Onun sözlərinə görə, missiya region sakinlərinin ehtiyaclarını qiymətləndirmək üçün dekabrın əvvəlində Qarabağa gəlməli idi, ancaq bu hələlik reallaşmayıb:

“Deməzdim ki, hansısa maneə var. Detallar işlənilir. Münaqişə regionlarında bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq. BMT-nin Humanitar məsələlər üzrə İdarəsində və digər departamentlərdəki əməkdaşlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün bütün tərəflərlə işləyirlər”. 

Beynəlxalq təşkilatın Qarabağda bundan sonrakı proseslərdə iştirakı ilə bağlı “Şərq”ə fikirlərini bölüşən politoloq Azər Qasımov hesab edir ki, Azərbaycan ictimaiyyətinin BMT ilə bağlı rəyi mənfidir. Ortada 30 ilə yaxın müddətdə həll edilməmiş 4 qətnamə söhbəti var:

“Azərbaycan hər dəfə bu qətnamələrin həyata keçirilməsini tələb etdikdə eşitməməzliyə vuruldu. “Münaqişənin sülh yolundan başqa həlli yolu yoxdur” deyildi. Artıq həmin qətnamələr əhəmiyyət kəsb etmir.

Azərbaycan hərbi gücü hesabına qətnamələrin icrasını təmin etdi və torpaqlarımızı işğaldan qurtardı. Zəifliyini, təsir gücünün olmadığını dərk edən BMT rəsmiləri artıq humanitar yardımdan danışırlar. BMT-nin Qarabağdakı siyasi proseslərə və sövdələşməyə müdaxilə edə bilməsi üçün Təhlükəsizlik Şurasının 5 daimi üzvünün razılığı lazımdır.

Həm də tərəflər xüsusi müraciət etməlidir. Ermənistanın isə belə fikri yoxdur, həm də bunun üçün hüquqi zəmin yoxdur. Çünki Qarabağ problemi Azərbaycanın daxili işidir. Ancaq noyabrın 10-da imzalanmış üçtərəfli müqaviləyə əsasən qaçqın və məcburi köçkünlər ermənilər yaşayan ərazilərə BMT-nin nəzarətində qayıtmalıdır. Bu baxımdan qurumun sırf həmin məsələylə bağlı prosesə qoşulmasında heç bir problem olmamalıdır. Hətta Rusiyanın regionda imperiya maraqlarının olduğunu nəzərə alsaq, bunu təşkil etmək vacibdir.

Nəzarətin olması mütləqdir. Problemin həlli tək Rusiyanın hegemonluğuna buraxıla bilməz”.