Paşinyan artıq nə danışdığını bilmir


Azərbaycan liderinin sözünü dinləsəydilər, Ermənistan indi bu günə düşməzdi

Ermənistanın Qarabağdakı tarixi məğlubiyyəti ölkəni acınacaqlı duruma salıb. Hərcmərclik, cəmiyyətdə parçalanma, dövlətin uğursuz siyasəti və digər problemlər Ermənistanın başını qara buludlar kimi alıb. Belə bir ağır siyasi-sosial-iqtisadi durum fonunda Baş Nazir Nikol Paşinyan xalqa müraciət edib. O çıxışı zamanı ölkə sərhədlərində baş verənlərdən danışıb. Uğursuz lider açıqlamasında bunları söyləyib:

“Qarabağ başqa mövzudur, amma indi Ermənistan sərhədlərinin bəzi hissələrində ağrılı proseslər gedir. Bu, ciddi məsələdir və vətəndaşlarımızı incidir. Hərbi qüvvələrimiz ölkənin bütün sərhədləri boyunca yerləşdirilib. Biz belə məsələlərin həlli ilə məşğuluq. Buna görə təşvişə düşməyin. Bundan sonra Ermənistanın əsl sərhədləri olacaq, cəbhə xətti olmayacaq".

Xülasə, həmişəki kimi Baş nazir yenə millətinin başının altına yastıq qoymaqla məşğuldur.


N.Paşinyanın çıxışını “Şərq”ə şərh edən politoloq Mübariz Əhmədoğlu 10 Noyabr bəyannaməsindən sonra Azərbaycan və Ermənistan sərhədində baş verənlərə təəccübləndiyini söyləyib:

“Sən demə SSRİ dövründə Ermənistanın sərhəd ərziləri bizim tarixi torpaqlarımız olub. Həm də rəsmən Azərbaycan aid idi. Məsələn Zod qızıl yatağı, Qafan hava limanına qədər olan ərazi,  Basarkeçər, Vardenis ilə bağlı açıqlanan məlumatlar özümü də şoka salır. Əslində  Azərbaycan  SSR-in ərazisi imiş. Ermənilər Moskvanı, SSRİ-ni aldadıblar və özləri üçün istifadə ediblər. İndi Azərbaycan nəinki Dağlıq Qarabağ münaqişəsi nəticəsində formalaşmış sərhədi, SSRİ dövründəki sərhədi də bərpa edir. Ona görə bu proses ermənilər üçün ağrılı keçir. Onlar 1988-ci ildəkindən də çox itkiylə üzləşiblər. Ona görə narahatlıq var. Lakin Paşinyanın çıxışını o təşvişi aradan qaldıran parametr kimi qəbul etmirəm. Onun sözləri bəhanələrdən ibarətdir. O nə danışdığını bilmir. Həm özü, həm də Ermənnistan üçün böyük bəla yaradır”. 

M.Əhmədoğlu deyib ki, Prezident İlham Əliyev müharibə müddətində Paşinyana torpaqlarımızdan çıxma qrafikini təqdim etdiyi təqdirdə əməliyyatları dayandıracağını söyləyirdi. Lakin N.Paşinyan İlham Əliyevə qulaq asmadı. O yalvara-yalvara rus sülhməramlılarını gətirdi:

 “İndi Azərbaycan Rusyanın sülhməramlı qüvvələri ilə  dil tapır, vəziyyət də  istədiyimiz kimi formalaşır. Lakin rus sülhməramlıları bütün Ermənistanın daxilinə nəzarət edəcək. Paşinyana havadarlıq edən qərb dövlətləri onun yaxasından yapışsınlar ki, niyə rus qüvvələrini gətirdin? Onsuz da indiki vəziyyəti İlham Əliyev vəd etmişdi. Sadəcə qrafik istəyirdi ki, Kəlbəcərdən, Ağdamdan, torpaqlarımızdan nə vaxt çıxacağının hesabatını versin. Bir sözlə reallıq başqadır, Paşinyanın sözləri isə tamam fərqlidir. O özünü  hakimiyyətdə saxlamaq üçün bəhanələr uydurur. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Azərbaycanın sözü keçəcək. Əgər bəyanatdan imtina edəcəklərsə, Rusiya sülhməramlıları bu ərazidən getməli olacaq. Azərbaycan və Ermənistan üz-üzə qalacaq. Ermənistan da qarşımızda  dayana bilirsə buyursun, dayansın”.