Arutyunyanın Moskva səfəri ! – Kreml ona nəyi izah edib? - Pərdəarxası

“Səfər atəşkəsin pozulması və ermənilərin təxribatları ilə bağlı ola bilər”

“Rəsmi Kreml Ermənistana izah edir ki, ağlınızı başınıza toplayın və bununla barışın”

“Əks halda ölkə başçısının da qeyd etdiyi kimi, təxribatlar davam edərsə, Ermənistan xəritədən silinəcək!”


Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan işgüzar səfərlə Rusiyaya yola düşüb. Bu, yeni təyin olunmuş müdafiə nazirinin Rusiyaya ilk səfəridir.Bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, nazirin bir sıra rəsmi görüşləri planlaşdırılır. Moskvada o, Rusiyanın müdafiə naziri general Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.
Xatırladaq ki, Ermənistan prezidenti noyabrın 20-də David Tonoyanın ölkənin müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Onu Vaqarşak Arutyunyan əvəzləyib.

Siyasi analitik Rusif Məmmədsoy “Sherg.az”a açıqlamasında səfərin mahiyyətini şərh edib: 

“Yeni müdafiə nazirinin ilk səfərinin məhz Moskvaya olması gözlənilən idi. Təzə təyin olunub və Moskvada onu müəyyən görüşlər gözləyir. Lakin, ümumilikdə erməni rəsmilərinin Rusiyaya səfərinin arxasında şübhəsizdir ki, qorxu var. Öz sahiblərinə sadiqliklərini göstərməyə gedirlər. Bundan öncə də Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfər etmişdi.

Onun məqsədi fərqli idi. Paşinyandan sonra hakimiyyəti ələ almaq istəyirdi. Lakin düşünmürəm ki, bu baş verəcək. Müxalifətin namizədi Vazgen Manukyan oldu. Hərçənd onun da hakimiyyətə gələcəyi ağlabatan deyil. Erməni cəmiyyəti artıq Qarabağ klanına inanmır”. 

R.Məmmədsoyun fikrincə, işğalçının hansısa “şıltaqlıq” üçün daha şansı yoxdur: 

“Ermənistanın müdafiə nazirinə gəlincə, fikrimcə, bu, dünən Hadrut və digər bölgələrdə baş vermiş atəşkəsin pozulması ilə bağlıdır. Erməni rəsmilər və cəmiyyəti məsələdən narahatdır.

Bunu razılaşmaya zidd adlandırırlar. Çox qəribə yanaşmadır. Təxribata cəhd edirlər. Sonra yenidən qovulurlar. Ancaq hələ də kimlərisə günahkar hesab edirlər. Dünən Paşinyan təcili iclas çağırdı. Erməni KİV dəvət edildi. Paşinyan erməni cəmiyyətinə hansısa açıqlama vermək istəyirmiş. Lakin olmadı.

Bəzi iddialara görə o istefa verəcəkmiş.  Paşinyan həmin zaman Moskva ilə danışıb. Bundan sonra həmin açıqlama verilməyib. Bu nə dərəcədə realdır ? Söyləmək çətindir. Amma Rusiya indiki məqamda Ermənistanda stabilliyin qorunmasında maraqlıdır.

Nəzərə alsaq ki, Vazgen Manukyan və digərləri Qarabağın taleyi ilə barışmaq istəmir. Burada əsas məsuliyyət də məhz Rusiyanın üzərinə düşdüyünə görə, Kreml Paşinyanı bir qədər səssiz qalmağa inandıra bilər.

Məncə, müdafiə nazirinin də səfərinin əsas səbəblərindən biri budur. Digər səbəb isə atəşkəsin pozulması, ermənilərin təxribatları və.s ola bilər.  Rəsmi Kreml Ermənistana izah edir ki, ağlınızı başınıza toplayın və bununla barışın. Əks halda ölkə başçısının da qeyd etdiyi kimi, əgər bu belə davam edərsə, Ermənistan xəritədən silinəcək!”.