Tam zamanında tərpəndik! - «...Status-kvonu xeyrimizə dəyişdik»

2020-ci ili başa vurmaq üzrəyik. Azərbaycan bu ili tarixə qızıl hərflərlə yazdı. Biz otuz ildən sonra, nəhayət, 44 günlük Vətən müharibəsi ilə ədaləti bərpa etdik, torpaqlarımızı azad etdik.

Dekabrın 10-da keçirilən Qələbə paradı da zəfərimizin ən bariz təzahürü idi. Beləliklə, biz xalq, millət olaraq növbəti ilə daha böyük coşğu ilə girəcək, daimi qayğıları unudacaq, hər ilki arzuları artıq başqaları ilə əvəz edəcəyik.



“Ağ Partiya” sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında 2020-ci ilin ölkəmiz üçün əhəmiyyətini belə səciyyələndirib: 

“Müsahibələrimdə dəfələrlə vurğulamışdım ki, indi Qarabağ müharibəsini aparmaq üçün ən uyğun vaxtdır. Çünki sonra gec ola bilərdi. Vaxtın uzanması düşmənin xeyrinə işləyirdi.

Pandemiyanın olması da xeyrimizə idi-dünyanın başı özünə qarışmışdı. Ərdoğan da qardaş Türkiyənin nə qədər başındadır, bu vəziyyətdən yaxşı mənada xeyrimizə istifadə etməli idik.

Yaxşı ki, bütün bu üstünlüklərdən yararlandıq və Qarabağımızın 85 faizini azad etdik, status-kvonu xeyrimizə dəyişdik. İndi qalan 15 faizi də Azərbaycanın yurisdiksiyasına tabe etməliyik! 2020 –ci il bütün dünya üçün pis olsa da, Azərbaycandan ötrü, həqiqətən, gözəl il oldu !”.