İran niyə narahatdır? - "Türkiyə qapısı" dəhlizi və...”- Kökləri dərindədir ! 

Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ 44 günlük  Vətən müharibəsində qəhrəman ordumuzun şanlı zəfəri ilə 30 illik erməni işğalından azad edildi. Bu münasibətlə Azadlıq meydanında keçirilən möhtəşəm hərbi Zəfər paradında prezident İlham Əliyevlə birlikdə iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin başqanı  Rəcəb Təyyib Ərdoğanın səsləndirdiyi şeirlər və söylədiyi fikirlər böyük rezonans doğurub. Qardaş ölkə liderinin tarixi gündə Xalq şairi Bəxtiyar Vahabzadənin və istiqlal şairi Əhməd Cavadın şeirlərini oxumasını həm Azərbaycan, həm də Türkiyə vətəndaşları rəğbətlə qarşılayıblar. Hər zaman kəsərli çıxışları ilə yadda qalan Ərdoğanın şeirə, poeziyaya maraq göstərdiyi heç kimə sirr deyil.

Lakin nədənsə Türkiyə liderinin qonşu ölkələrə, o cümlədən İrana göndərdiyi dostluq və əməkdaşlıq mesajına münasibət bildirmək əvəzinə, cənub qonşumuz Araz çayı ilə bağlı söylənən şeirdən narahatlığını açıq büruzə verdi.

 Bu barədə “Sherg.az”a danışan siyasi analitik Züriyə Qarayeva cənub qonşumuzun narahatlığının təsadüfi olmadığı qənaətindədir: 

“İranın narahatlığı bu gün yox, çoxdan hiss olunmaqdadır.  

Azərbaycanın müstəqilliyindən narahat  olan İran rejimi 1990-cı illərin əvvəllərindən başlayaraq Xocalı soyqırımı törədən ermənilərə dəstəyini əsirgəmir. Şuşanın işğalı öncəsi Rəfsancani hakimiyyərinin sərgilədiyi mövqe də tarixin yaddaşındadır. 1994-cü ildə neft hasilatına dair “Əsrin müqaviləsi”ni imzalayan Azərbaycana qarşı Xəzər dənizi sularında qırıcı təyyarə uçuşları ilə narahat olan İranın təhdidlərinə məhz Türk şahinlərinin manevrləri son qoydu.  

Bu ilin 27 sentyabrınadək Xudafərin körpüsü yaxınlığında, erməni işğalı  davam etdiyi zaman İranın dövlət bayrağı heç görünmədi. İşğaldan azad olunmuş Cəbrayıla səfər edən Prezident İlham Əliyevin Xudafərin körpüsünün Azərbaycan hissəsinə bayrağımızı sancdıqdan bir gün sonra körpünün İran hissəsində bayraq göründü. 

Hətta İran rejimi Arazın cənub sahilində hərbi təlimlər də keçirməyi lazım bildi. Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahat olan İranın reaksiyası idi”.  

Ekspert belə münasibətə təsir edən digər məqamlardan da danışıb: 

“Azərbaycanın “Şahdəniz- 2” yatağından Trans-Adriatik təbii qaz kəmərinin inşasının Vətən müharibəsi şəraitində tamamlanması və  Qərbi  Avropa öləkələrinin önəmli qaz təhcizatçısına çevrilməsi də İranı narahat etməyə bilməzdi.  Nəhayət, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli sülh bəyannaməsinin şərtlərindən birinə uyğun olaraq, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək yeni yollarla,Türkiyədən  Azərbaycana açılacaq birbaşa nəqliyyat dəhlizi inşa ediləcək. 

Yəni türkdilli ölkələrin, Balkanlardan Orta Asiya və Çinin qərb sərhədinədək nəqliyyat əlaqəsi yaranacaq. Böyük mənəvi, iqtisadi və geosiyasi əhəmiyyətə malik olacaq "Türkiyə qapısı" adlanan bu dəhliz 35 milyon türkün yaşadığı İranı narahat etməyə başlayıb. 

Bir sözlə, Ərdoğanın səsləndirdiyi Araz haqqındakı bir parça şeir İran XİN-in Türkiyə cümhuriyyətinin bu ölkədəki səfirini dəvət edərək narazılıq bildirməsinə, nazirin Səfəvilər dövlətinin xəritəsini paylaşmasına və xəbərdarlıq mesajlarına səbəb ola bilməzdi. Köklər daha dərindir, səbəblər isə xofdadır. İran həmişə narahatdır”.