Yeni format yaranıb ! – “İndi həmsədrlərə yer yoxdur”- Lazımsız “oyunçu”... !

“Minsk qrupu münaqişəni hələ də “isti” saxlamaq istəyir. İddia edir ki, həll olunmamış məsələlər var”

“Lakin başa düşmək lazımdır ki, məsələ həll olunub”


Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrləri- Stefan Viskontini, Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Ölkə başçısı görüşdə çox mühüm məqamlara toxunub. Dövlət rəhbəri qeyd edib ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur:
“Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir”.

“Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.- deyə, dövlət başçısı əlavə edib.
 Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu barədə “Sherg.az”a açıqlamasında daha vasitəçilərin işinə, demək olar, heç bir ehtiyac qalmadığını deyib: 
“Məsələni özümüz həll etmişik. İndi Ermənistan beynəlxalq ictimaiyyətin qəbul etdiyi sərhədlərin o tərəfindədir. Minsk qrupu münaqişəni hələ də “isti” saxlamaq istəyir. İddia edir ki, həll olunmamış məsələlər var. Vasitəçilər hələ də prosesdə iştirak etmək niyyətindədir. Amma buna əsas qalmayıb. Bildiyiniz kimi, Minsk qrupunun fəaliyyətində üç əsas prinsip var: münaqişənin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyünün bərqərar olması və millətlərin öz müqəddəratını təyin etməsi. Həmsədrlər bu prinsiplərin heç də hamısının yerinə yetirilmədiyini deyirlər. Lakin başa düşmək lazımdır ki, məsələ həll olunub”.

 Sabiq nazirin fikrincə, “düyünün açılmasına” dair yeni format yaranıb:

 “İndi əsas iştirakçılar Türkiyə və Rusiyadır. Onlar Azərbaycanın dəvətilə suverenliyimizin bərpa olunması ilə məşğuldurlar. Niyə məhz həmin dövlətlər? Çünki hər iki dövlət başçısı Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Həm də bizim istənilən “oyunçu”nun iştirakı ilə məsələni həll etmək hüququmuz var. Və dediyim kimi, biz Ankara ilə Moskvaya üstünlük verdik. Minsk qrupu heç yada da düşmədi. Prezidentimizin sözügedən nitqi məhz buna işarə idi. Dövlət başçısı həm beynəlxalq ictimaiyyətə, həm də yerli cəmiyyətə çox ciddi mesajlar verdi. Təkrarlayıram, yeni format yaranıb və bu formatda lazımsız “oyunçu”lara yer yoxdur.

 T.Zülfüqarov, həmsədrlərin bundan sonrakı fəaliyyətinə dair bəzi məqamlara da toxunub:

“Onların yeni təklifinə ehtiyac olduğunu düşünmürəm. Sadəcə,  hansısa humanitar xarakterli addımlar ata, qaçqın və köçkünlərin geri qayıtmasına yardımçı ola bilərlər. Bu, indiki məqamda yerinə düşən təşəbbüs olar”.