Diqqət ! - "Azad edilmiş bəzi ərazilər minadan təmizlənməyib" – Partlayış !

“Kim o əraziyə ayaq basırsa, hər an təhlükə və faciə ilə nəticələnən partlayış ola bilər”

"İstər hərbçi, istər hansısa dövlət orqanı nümayəndələri həmin ərazilərdə olan təhlükəsizlik tədbirləri və tələblərinə əməl etsinlər”


Dünən saat 17:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu  həlak olub. Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşübər. Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri məlumat yayıb. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

Hadisə ilə bağlı “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, müharibə bitsə də, azad edilmiş bəzi ərazilərimiz minalardan təmizlənməyib. Bunun üçün müəyyən zaman tələb olunur.

Polkovnik qeyd edib ki, işğaldan azad edilən ərazilər hərbi mühəndislər tərəfindən təmizlənir və müəyyən yolları istifadə olunacaq duruma gətirirlər:

“Azad edilən bütün torpaqlarda təhlükəli ərazilər işarələnib. Əlbəttə, bununla əlaqədar şəxsi heyətə də mütəmadi olaraq bütün məlumatlar çatdırılır, onlar təhlükəsizliklə bağlı maarifləndirilirlər. Amma kimsə təhlükəsizlik tədbirlərinə riayət etməyərək təyin olunmayan istiqamətlərdə, yaxud mina sahələri təmizlənməyən əraziyə ayaq basırsa, hər an təhlükə və faciə ilə nəticələnən partlayış ola bilər”.

Ş.Ramaldanov vurğulayıb ki, işğalda olan ərazilərimizi düşmən tapdağından azad etmişik, amma indi qarşımızda daha böyük işlər durur:

“Görünməyən düşmən-yerin altında olan minaları təmizləmək üçün ciddi tədbirlər görülür. Ona görə gərək hər kəs-istər hərbiçi, istər hansısa dövlət orqanı nümayəndələri həmin ərazilərdə olan təhlükəsizlik tədbirləri və tələblərinə əməl etsinlər.

Əks halda bədbəxt hadisələrlə qarşılaşa bilərik. Nə qədər ki, təhlükəsizlik tədbirlərinə riayət edilməyəcək, o zamana kimi faciəli hallarla üzləşəcəyik”.