Hadrut təxribatı ilkin siqnaldır ! – “Ruslar danışıqlardan kənara çıxırlar” - Türklər gəlsin! 

“Sərhəddə öz nəzarətində olan əraziləri genişləndirməyə cəhd edirlər”

“Nə üçün rus sülhməramlıları meşədə gizlənmiş  erməni əsgərlərinin bizimkilərə hücumu zamanı onları çıxarmırdılar?”

“Belə çıxır ki, həmin erməni əsgərləri rus sülhməramlılarına tabe olmurlar və ruslar öz işinin öhdəsindən gələ bilmir”

“Azərbaycan ərazisinə, xüsusilə Qarabağa türk sülhməramlıları yerləşdirilməlidir. Başqa variant yoxdur”


Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. Erməni kütləvi informasiya vasitələrindən bildirilib ki, sözügedən silahlı dəstələr meşəlik ərazidə azmış vəziyyətdə olublar. Həmin silahlı dəstələr ərazini tərk etməyib, əksinə, döyüş mövqeləri yaradıblar. Qeyd edək ki, dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.


Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 11-də Hadrut ərazisində növbəti dəfə atəşkəs pozulması qeydə alınıb:
“Bütün təmas xətti üzrə atəşin dayandırılması rejiminə riayət edilir. 11 dekabrda Hadrutda atəşin dayandırılması rejiminin bir dəfə pozulması qeydə alınıb. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”.

Siyasi analitik Turab Rzayev Hadrutda atəşkəsin pozulmasının nə ilə nəticələnəcəyi barədə fikirlərini “Sherg.az”la bölüşüb.
Ekspert söyləyib ki, artıq Hadrutdakı təxribat ilkin siqnaldır:

“Atəşkəsin pozulması onunla bağlıdır ki, Rusiya sülhməramlıları ilə yaxşı münasibətimiz var idi. Amma bəlli oldu ki, rus sülhməramlıların bəzi şərtləri yerinə yetirilməyəcək. Məsələn, bizimlə üzbəüz postda erməni əsgərləri durur. Lakin sərhəddin bir tərəfində ruslar, qarşı tərəfində isə biz durmalı idik. Buna baxmayaraq, ermənilər qarşımızdakı postda dayanır və Qarabağ bayrağını taxırlar.

Bu, dözülməz haldır. Anlaşmaya görə, Dağlıq Qarabağdakı bütün erməni silahlıları oradan çıxarılmalı idilər. Lakin biz yenə də müəyyən güzəşt edirdik, səsimizi çıxarmırdıq.

Artıq bəlli olduğu kimi ruslar necə ki, Donbas və Osetiyada hər ölkə ilə anlaşılmazlıq olanda  sərhədlərini ayırıb, yeni münaqişə ocağı yaradırlar. Eyni hadisəni biz də yaşayırıq. Erməni silahlıları Hadrutda əsgərlərimizə atəş açırlar.

Ona görə də onların həmin bölgədən çıxarılması üçün  ruslara müraciət etdik. Rus sülhməramlıları gəldilər və  çıxış etdilər ki, erməni silahlıları həmin ərazini tərk etsinlər, lakin kimsə çıxmadı.

Ona görə də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyat keçirib, həmin ərazini azad etdi, ermənilər çıxarıldı. Bundan sonra rus sülhməramlıları gəlib oranı nəzarətə almaq istəyirlər.

Nə üçün rus sülhməramlıları meşədə gizlənmiş  erməni əsgərlərinin bizimkilərə hücumu zamanı onları çıxarmırdılar? Belə çıxır ki, həmin erməni əsgərləri rus sülhməramlılarına tabe olmurlar və ruslar öz işinin öhdəsindən gələ bilmir”. 

T.Rzayevin fikrincə, Azərbaycan ərazisinə, xüsusilə Qarabağa türk sülhməramlıları yerləşdirilməlidir. Başqa variant yoxdur:

“Türk əsgərləri istər hərbi baza, istərsə də təlim adı ilə ərazilərimizdə yerləşdirilməlidir. Çünki rus sülhməramlıları artıq danışıqlardan kənara çıxıb, sərhəddə öz nəzarətində olan əraziləri genişləndirməyə cəhd edirlər.

Əsgərlərimizlə rus sülhməramlıların üz-üzə gəlməsi, Ermənistan-Azərbaycan,  eləcə də Azərbaycan-Rusiya arasında yeni müharibə və münaqişənin başlamasına gətirib çıxara bilər.

Ən yaxşısı sərhəddə türk əsgərlərinin olmasıdır. Bundan sonra rus əsgərləri nə Hadruta girməyi, nə də həmin ərazini öz xəritələrində genişləndirməyi düşünərlər”.