Hadrut təxribatının GİZLİNLƏRİ ! - “Şuşa ilə əlaqəni kəsmək istəyirlər” 

“Rus sülhməramlıları nəinki toqquşmaların qarşını alır, daha radikal davranır-erməniləri təhrik edirlər”

“Çünki Rusiya da bölgədə sülhün təmin olunmasında maraqlı deyil”

“Amma proseslər Bakı-Ankara- Moskva platformasında reallaşacaq”

“Rəsmi İrəvanın hansısa bir şəkildə iştirakına isə yer yoxdur”


 Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb. “11 dekabrda Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb”, - deyə Rusiya MN-dən bildirilib.
Göründüyü kimi, ermənilər özlərini nadinc, sözə qulaq asmayan şagird kimi aparırlar. Görünür, biz indi düşmənə 44 günlük müharibədən daha tutarlı  “dərs verməliyik” ki, ağıllansın. 



Politoloq Məhəmməd Əsədullazadə Hadrutdakı təxribat barədə fikirlərini “Sherg.az”la bölüşüb. O, bunun gözlənilən olduğunu söyləyib: 

“10 noyabr bəyanatından sonra eməni silahlı birləşmələrinin Hadrutda, Xocavənd meşələrində gizləndikləri məlum idi. Odur ki, belə bir təxribat şəxsən mənim üçün təəccüblü deyil. Hətta baş verənlər Araik Arutunyanın rəhbərliyi altında planlı, koordinasiyalı şəkildə baş tutub. Açıq danışmaq lazımdırsa, rus sülhməramlılarının öz missiyalarından kənar fəaliyyət göstərmələrini deməliyəm. Onlar nəinki toqquşmaların qarşını alır, daha radikal davranır-erməniləri təhrik edirlər.

Çünki Rusiya da bölgədə sülhün təmin olunmasında maraqlı deyil. Onlar Hadrutu ələ keçirmək, Şuşa ilə əlaqələri kəsmək istəyirlər. Rəsmi Bakı diqqətli, prinsipial olmalı və sülhməramlılara fəaliyyətini xatırlatmalıdır. Türkiyənin bölgədə mövcudluğu isə Kremli neytrallaşdırmaq baxımından çox mühümdür. Bundan sonra proseslər Bakı-Ankara- Moskva platformasında reallaşacaq. Rəsmi İrəvanın hansısa bir şəkildə iştirakına isə yer yoxdur”.

Politoloq təxribatların bundan sonra təkrarlanacağını da istisna etmir: 

“Düzdür, genişmiqyaslı əməliyyatların olacağını düşünmürəm. Çünki Ermənistanın nizami ordusu, döyüş qabiliyyəti qalmayıb. Lakin bu cür cəhdlər olacaq. Nə qədər ki, həmin ərazilərdə erməni yaraqlıları qalıb və ruslar xain missiyanı davam etdirirlər, daimi sülhdən, atəşkəsdən söhbət gedə bilməz”.

M. Əsədullazadə, həmçinin gələcək proseslər barədə də danışıb: 

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur, İrəvan və Göyçə bizim tarixi torpaqlarımızdır. Lakin 1920-ci illərdə ermənilərə verilən Zəngəzuru BMT onların ərazisi kimi tanıyır. Bu da o deməkdir ki, indiki məqamda bizim prioritetimiz Mehri və Naxçıvan dəhlizlərinin açılması ilə yanaşı, həm də erməni silahlı birləşmələrinin regiondan çıxarılması olmalıdır. Sonra Zəngəzur məsələsini gündəmə gətirə bilərik. Amma tələsməyimiz Ermənistanın danışıqlardan yayınmasına səbəb ola bilər. Onsuz da onlar elə bunu-bir bəhanə ilə destruktiv mövqe tutmağı arzulayırlar”.