"Minsk Qrupu həmsədrləri format olaraq Azərbaycanın tərəfdaşı deyil"

"Həmsədrlərin bundan sonra, hətta hər hansı bir qiymətləndirmə, araşdırma prosesində yer almayacağı da onların diqqətinə çatdırıldı və bildirildi ki, Azərbaycan bu prosesə artıq öz beynəlxalq tərəfdaşlarını dəvət edib"

Azərbaycan 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu və münaqişə tarixə qovuşdu. Münaqişənin həllində vasitəçilik missiyasını icra edən ATƏT-in Minsk Qrupu isə fəaliyyət göstərdiyi 28 il ərzində problemin həllində heç bir rol oynaya bilmədi. Ümumiyyətlə, bu qurumun prosesin irəliyə doğru aparılmasında tutarlı addımının və mövqeyinin şahidi olmadıq. Rəsmi Bakı bütün beynəlxalq öhdəliklərinə əməl etsə də, həmsədrlərindən ədalətli yanaşma, işğalçıya təsir üçün əməli fəaliyyət görmədik.

Belə şəraitdə Minsk qrupu həmsədrlərinin regiona, - öncə Bakıya, sonra Yerevana səfərləri onların öz təşəbbüsləri sayəsində reallaşıb, yəni vasitəçilər bölgəyə dəvət edilməyib. Sadəcə olaraq Azərbaycan tərəfi humanist davranaraq, həmsədrlərin təklifinə etirazını bildirməyib. Dekabrın 12-də ABŞ və Fransadan olan həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kasprşiki qəbul edən dövlət başçısı İlham Əliyev bu məqama xüsusi diqqət çəkdi. Prezident çox açıq şəkildə masada onun qarşısında əyləşən diplomatları və onların təmsil etdikləri dövlətləri tənqid etdi: “Buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər.

Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”. Əmin ola bilərik ki, ermənipərəst mövqeyi ilə seçilən Kasprşik və həmsədr ölkələrin diplomatları indiyə qədər bu cür sərt münasibətlə rastlaşmayıblar. Onlara siyasət və diplomatiya dərsi keçilməyib. Prezident isə bunu ustalıqla həyata keçirdi. Dövlət başçısı son görüşdən çox vaxt keçdiyini, qarşılıqlı dialoqun nə az, nə çox, düz 1 il bundan əvvəl baş tutduğunu məqsədyönlü şəkildə bildirərək bu qurumu fəaliyyətsizlikdə ittiham etdi. Bildirdi ki, bu vaxt ərzində bir çox hadisələr baş verib: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir”. Prezident son günlər təxribatlara əl atan erməni silahlı birləşmələrinə də növbəti dəfə xəbərdarlıq edib: “Mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik”. Sözün qısası, Minsk qrupunun həmsədrləri bu dəfə Azərbaycana gəldiklərinə peşman oldular. Onlar bu dəfə tamamilə fərqli bir ölkə gördülər, Ali Baş Komandanın sərt mövqeyinin şahidi oldular. Tam başa düşdülər ki, Azərbaycanla təhdid dili ilə danışmaq, xalqımızın hissləri ilə oynamaq olmaz. 

Minsk qrupu diplomatlarının düz 1 ildən sonra Bakıya gələrək münaqişənin nizamlanmasına guya ki, töhfə vermək niyyətləri artıq Bakıda və ictimaiyyətimizdə ciddi ikrahla qarşılanmaqdadır. Bundan sonra həmsədrlər hansı istiqamətdə fəaliyyət göstərə bilərlər?

Bir sıra analitiklər hesab edirlər ki, status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə Minsk Qrupu regionda yeni reallığa uyğun olaraq etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Amma fərdi olaraq Minsk qrupu üzv dövlətləri, xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hamısı, o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiya və ya prosesin siyasi inhisara alınması baş verməməlidir. Digər qisim isə ümumiyyətlə, Minsk formatının tamamilə buraxılmasını məsləhət görürlər. 
Məlumat üçün bildirək ki, ATƏT-in Minsk qrupunun fransız və amerikalı həmsədrləri regiona səfərləri çərçivəsində İrəvanda da olublar. Rusiyalı həmsədr İqor Popov xəstə olduğu üçün səfərdə iştirak etməyib. Həmsədrlər Ermənistan Xarici İşlər Nazirliyinə daxil olarkən erməni jurnalistlərin suallarına cavab verməkdən imtina ediblər. XİN rəhbəri Ara Ayvazyanla görüşən vasitəçilər hökumət nümayəndələri ilə müzakirələr aparıblar. 
Millət vəkili Nəsib Məhəməliyev xatırladıb ki, ölkə başçısı Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün həmsədrlərə əvvəllər də sərt reaksiyalar göstərib. Lakin vasitəçilər danışıqlar prosesini süni şəkildə uzatmaqla, status-kvonun  saxlanması üçün imitasiya ilə məşğul olublar: “Dövlət başçısı 28 il ərzində təmsil etdikləri qurumun praktiki olaraq avaraçılıqla məşğul olduqlarını və onların əvəzinə Müzəffər Azərbaycan Ordusunun cəmi 44 gün ərzində problemi köklü şəkildə həll etdiyini vurğuladı. Həmin anda həmsədrlərin, ələlxüsus Kasprşikin acınacaqlı sifət quruluşu diqqətdən yayınmadı. Əslində həmsədrlərin məyusluğu başadüşüləndir. 30 il müdafiə etdikləri işğalçı ölkə tam iflasa uğrayıb. Ən əsası isə özləri lazımsız quruma çevriliblər. İndiki cəhdləri isə batmaqda olan xəstə erməni cəmiyyətini xilas etməkdən ibarətdir. Dövrün reallıqlarını Müzəffər Azərbaycan əsgəri və Ali Baş Komandan yaradıb. Həmsədrlər bu reallıqlarla barışmalı və havadarlıq etdikləri ermənilərə vəziyyəti düzgün izah etməlidirlər”. 

Siyasi şərhçi Elçin Mirzəbəyli də hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun erası bitib. Onun sözlərinə görə, vasitəçilərin bundan sonra nə işlə məşğul olacaqları bəlli deyil, olacaqları işin də qara qəpiklik dəyəri olmayacaq:

“Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərinin 28 il ərzində Azərbaycan xalqına və dövlətinə çəkdirdiklərinin cavabını təxminən 28 dəqiqəlik nitqinin cüzi bir hissəsində artıqlaması ilə verdi: “Dövlət başçısının son bir neçə cümləsində diqqət çəkən iki məqam var: - ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana dəvət edilmədiyinin, görüşə özlərinin təşəbbüs göstərdiklərinin xüsusi olaraq vurğulanması və onlara öz fikirlərini kameralar önündə səsləndirmələri üçün “imkan yaradılması”. Birinci məqam, həmsədrlərin prosesdə hər hansı formada iştirakının Azərbaycana ümumiyyətlə lazım olmadığını və görüşün sadəcə dəvətsiz qonağa olan münasibətdən baş tutduğunu diqqətə çatdırır. İkinci məqam isə odur ki, Azərbaycanda ATƏT-in Minsk qrupuna güvənəcək, etimad göstərəcək kimsə qalmayıb. Görüşdə Rusiyanı həmsədrlik formatında təmsil edən şəxsin deyil, səfirin təmsil etməsi də olduqca açıq, birmənalı mesaj kimi qəbul edilə bilər. İki həmsədrin ayrılıqda görüşə təşəbbüs göstərmələri də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun görüşə dəvət olunmasına zəmin yarada bilər. Bütün hallarda hər iki məqam Azərbaycanın mövqeyinin kifayət qədər açıq və şəffaf olduğunu nümayiş etdirir. Həmsədrlərin bundan sonra, hətta hər hansı bir qiymətləndirmə, araşdırma prosesində yer almayacağı da onların diqqətinə çatdırıldı və bildirildi ki, Azərbaycan bu prosesə artıq öz beynəlxalq tərəfdaşlarını dəvət edib. Sadə məntiqlə, bu o deməkdir ki, Minsk qrupunun həmsədrləri format olaraq, artıq Azərbaycanın tərəfdaşı deyillər”. 

REAL təmsilçisi Natiq Cəfərli də vurğulayıb ki, Prezidentin Minsk qrupu ilə danışıqları, onlara dediyi sözlər böyük əksəriyyətin xoşuna gəldi, çünki bu sözlərə və münasibətə ciddi əsas var idi. Siyasi şərhçi bəyan edib ki, Minsk qrupu səfərə gəlmədən öncə yenə Madrid və Kazan prinsiplərindən danışırdılar.

Köhnə, mənasız, Azərbaycan əsgərinin darmadağın etdiyi formulları yenidən masaya gətirmək, sanki yeni reallığı və hərbi qələbəni görmək istəmirdilər. Ancaq dövlət rəhbərliyi səviyyəsində onlara yerləri göstərildi. Lakin N.Cəfərli vasitəçilərə münasibətin çox aşağı salınmasının, əhalidə bu quruma hədsiz nifrət hissinin yaradılmasının əleyhinə olduğunu deyib. Səbəblərini isə bu cür açıqlayıb: “Biz ATƏT kimi institutdan doğru istifadə etməyi öyrənməliyik, ilk olaraq onlara təklif etmək lazımdır ki, yeni reallığı nəzərə alıb yeni təkliflər hazırlasınlar. Əgər həmin təkliflər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində icmalararası münasibətlərin bərpasına, münaqişənin bütün nəticələrinin, o cümlədən 1988-ci ildə Ermənistan ərazisindən vəhşicəsinə deportasiya edilmiş 235 min azərbaycanlının hüquqlarının bərpasına xidmət edəcəksə, onları dəstəkləməliyik. Rusiya öz əsgərini ərazimizə yeritməklə və orada istədiyi kimi hərəkət etməklə Minsk qrupuna ehtiyacın olmadığını göstərdi. Məncə, ATƏT formatının tam sıradan çıxmasında Kreml daha çox maraqlıdır. Çünki Avropa təsisatlarının məsələdə yenidən aktiv rol olması onların planlarına mane ola bilər. Ona görə də, ATƏT-lə yeni münasibətlər formatı təsis etməklə Rusiyanın ərazimizdə əl-qol açmasına maneələr yarada bilərik. Başqa sözlə, ATƏT-ə biz indi həm də Rusiyanın təkbaşına moderator olmasına mane olacaq institut kimi baxmalıyıq. Kremlin təkbaşına moderatorluğu bizə yaxşı heç nə vəd etmir, İndi kimsə deyə bilər ki, “ilanın ağına da lənət, qarasına da”. Dövlət siyasəti emosiyalarla olmur, qısa-orta-uzun müddətli düşünülmüş strategiyaya əsaslanaraq ağıllı taktiki addımlarla qurulur. Biz bölgədə yeni reallıq yarada bildik, artıq biz mütləq böyük düşünüb, böyük oynamağa borcluyuq. Bu yolda ən vacib elementlərdən biri balansı doğru qurmaq, böyük oyunçuların qaçılmaz maraq toqquşmalarından ustalıqla istifadə etməkdir”.