Kreml imicini daha da pisləşdirir

"Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur"

"Onların hazırlayıb yaydığı xəritə qeyri-realdır və qısa zamanda ona düzəliş edilməsinə ehtiyac var"

Rusiya sülhməramlıları tərəfindən Dağlıq Qarabağda mövqelərin müəyyən olunması ilə bağlı yeni xəritənin təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb. Cəmiyyət haqlı olaraq Rusiya sülhməramlılarının gündə bir xəritə cızaraq dövriyyəyə buraxmasına sərt etiraz ediblər. Görünür, Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradını, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakını və orada verilən mesajları həzm edə bilmirlər.

Müşahidələr göstərir ki, Rusiya xəritələrlə manipulyasiya etmək və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlərlə öz öhdəliklərini açıq-aşkar pozur. Halbuki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlıları Qarabağ bölgəsinə sülhyaratma missiyası ilə yerləşdirilib. Yəni onların vəzifəsi Qarabağda təhlükəsizliyi və birgəyaşayışı təmin etmək məqsədilə mövcuddular. Rusiya regiondakı fəaliyyətində Azərbaycan dövlətinin və xalqının maraqlarını birmənalı nəzərə almalıdır. Hər halda Rusiyada müəyyən qüvvələr başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər addımın acısını Ermənistan çəkəcək. Eyni zamanda bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə olacaq. 

Milli Məclis sədrinin müavini Adil Əliyev vurğulayıb ki, Rusiya sülhməramlılarının üçtərəfli Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması başadüşülən deyil. Vitse-spikerin sözlərinə görə, sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz: “Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu, ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Dərhal yayılmış xəritələrdə olan nöqsanı aradan qaldırmalıdırlar. Onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Görünür, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş şəkildə Şanlı Zəfər yürüşümüzdə dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi narahat edir”. 

APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı da bəyan edib ki, Rusiya sülhməramlılarının yeni “xəritə” hazırlayıb yaymaları sadəcə biabırçılıqdır:

“Rusiyanın Ermənistanı daim silahlandırması, müharibə dövründə davam edən “erməni sevgisi”, sülhməramlı adı ilə ölkəyə daxil olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Rusiyada bunu yaxşı bilirlər ki, Azərbaycan ictimai rəyində bu ölkənin yüksək müsbət reytinqi yoxdur. Buna rəğmən, hələ də bu cür qeyri-adekvat davranışlar etmək, Zəfər paradından qıcıqlanmaq, Azərbaycan məhsullarının bir qisminin idxalına qadağa qoymaq onsuz da yaxşı olmayan imici daha da pisləşdirir. Xəritə manipulyasiyaları Rusiyanın öhdəliklərini açıq-aşkar pozmasıdır və buna tezliklə rəsmi açıqlama verilməlidir”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də deyib ki, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçularını zərərsizləşdirmək Azərbaycanın suveren hüququdur. Bundan “hiddətlənmək”, yeni “xəritələr” tərtib etmək Rusiya sülhməramlılarının həddi deyil: “Onların hazırlayıb yaydığı xəritə qeyri-realdır və qısa zamanda ona düzəliş edilməsinə ehtiyac var. Rusiyada söz sahibi olan qüvvələr Azərbaycan tərəfinin  xoş məramını, qonşu ölkəyə tarixi şans verdiyini anlamalıdırlar. Bu şansdan istifadə etməklə Rusiya dünyadakı yarıtmaz, neqativ imicini aradan qaldıra bilər. Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərmək ağılsızlıqdır, rasional düşüncədən çox uzaqdır. Dərk etməlidirlər ki, onların sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi nə dünya, nə də Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Çoxsaylı suallara, narazılığa səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır”.