Qarabağda bütün təxribat ocaqları söndürülməlidir

Yerevan hökuməti anlamalıdır ki, Azərbaycanın ikinci zərbəsindən sonra Ermənistandan əsər-əlamət qalmayacaq

10 noyabrda təslimçi sülhə imza atan Ermənistan tərəfi çox keçmədən öz xislətini ortaya qoydu. Məlum oldu ki, noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub, 2 nəfər yaralanıb. Bununla kifayətlənməyən erməni terrorçuları dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının quraşdırılması zamanı 1 hərbçimizi şəhid edib, “Azercell” şirkətinin əməkdaşı isə ağır yaralanıb.

Baş verənlərdən sonra Dövlət Təhlükəsizlik Xidməti Çaylaqqala və Köhnə Tağalar ərazisində anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb və erməni quldurları zərərsizləşdirilib. DTX-nın keçirdiyi uğurlu anti-terror əməliyyatı nəticəsində Hadrut rayonu tam olaraq Ordumuzun nəzarəti altına keçdi. Şuşaya gedən yol üçün, həmçinin Laçın rayonunun Köhnəkənd zonası, Qubadlı rayonunun Şimal-Şərq hissəsi və digər ətraf ərazilər üçün təhlükə tam olaraq aradan qaldırıldı. Həm də düşmən tərəfə Qarabağda belə təxribatçı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı mesajı verildi. İstənilən halda silahlı insident sübut etdi ki, nə qədər ki, bölgədə ermənilər tam tərksilah olunmayıblar, atəşkəs kövrək olacaq və məsələ tam həll olunmamış qalacaq. O ki qaldı rusiyalı sülhməramlılara, yəqin Moskvaya da aydın oldu ki, hərbçiləri dincəlməyə gəlməyiblər, onlar da təhlükə altındadırlar, atəş xəttinin ortasında qala bilərlər. Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Telegram” kanalında yazıb ki, Hadrut meşələrindəki ermənilər beynəlxalq terrorçulardır. Korotçenko xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: “Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə bəyan etdiyi kimi beynəlxalq birlik, eləcə də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Meşələrdə gizlənən və Hadrut rayonunda təxribat törətmiş erməni qanunsuz silahlı birləşmələrinə beynəlxalq terrorçular kimi baxılmalıdır”. 

Ermənilərin Hadrut təxribatını “Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Azərbaycan tərəfi Qarabağda bütün təxribat ocaqlarını söndürməlidir. QAT rəhbərinin sözlərinə görə, erməni separatçıları və bir qrup silahlı birləşmələr bölgədən geri çəkilmək istəmirlər:

“Bu hadisələrdə ilk olaraq məsuliyyət təxribatçı Ermənistanın üzərinə düşür. Yerevan hökuməti anlamalıdır ki, Azərbaycanın ikinci zərbəsindən sonra Ermənistandan əsər-əlamət qalmayacaq. Ermənilər bütün təxribatlarına son qoymalıdır. Məsələ ondadır ki, zəif və acınacaqlı duruma düşmüş ermənilər o səviyyədə deyillər ki, hərbçilərimizə hücum təşkil etsinlər. Baş verənlərdə ən böyük məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür. Belə görünür ki, ruslar Qarabağda öz missiyalarını layiqincə icra edə bilmirlər. Ümumiyyətlə, Rusiya sülhməramlıları son günlər 10 noyabr Bəyannaməsinin şərtlərinə o qədər də ciddi əməl etmirlər. Bəzi hallarda isə özbaşına layihələr hazırlayırlar, tərəflər arasında müəyyən “təmas xətti” cızırlar. Erməniləri Dağlıq Qarabağa daşıyır, onların bölgədə istədikləri yerdə məskunlaşa biləcəyini iddia edirlər. Bir sözlə, səlahiyyətlərini aşırlar”. 

A.Nağının qənaətincə, Azərbaycan Ordusu Dağlıq Qarabağın bütün nöqtələrinə nəzarəti öz əlinə almalıdır:

“Xankəndi daxil olmaqla müvafiq güc strukturlarımız hər rayona yerləşməlidir. Əslində Rusiya sülhməramlıları bu işdə bizə dəstək verməlidir. Ancaq rus sülhməramlıları ermənilərin təxribatına şərait yaradır. Məsələ Moskva ilə ciddi müzakirə olunmalı, Ermənistan rəhbərliyi üçtərəfli Sazişə qeyd-şərtsiz əməl etməyə məcbur edilməlidir. Əks halda başqa istiqamətdə tədbirlər görməliyik”.