Biz bir millətik, türk millətiyik

Təkcə “Diriliş Ərtoğrul” yox, bütün türk serialları dublyajsız efirə getməlidir

Məlum olduğu kimi AzTV-də Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer alan “Diriliş Ərtoğrul” teleserialı yayımlanmağa başlayıb. Məşhur tarixi serial həftəiçi hər gün AzTV-də efirə verilir. Ancaq serialın Türkiyə türkcəsindən dilimizə tərcümə olunması ölkə ictimaiyyətində birmənalı qarşılanmır. Bildirilir ki, Türkiyə türkçəsinin ölkəmizdə dublyajına ehtiyac yoxdur. Ən əsası isə bu cür seriallar dublyajla təqdim olunduqda onun orijinal intonasiyası, effekti aşağı düşür. Xatırladaq ki, 2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın senarisi Mehmet Bozdağa aiddir. “Diriliş Ərtoğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb.

O, bu filmdəki roluna görə “Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb. “Dizi”nin hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin xristian cəngavərləri və monqollara qarşı mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir. Qeyd edək ki, 2012-ci ildə Azərbaycan telekanallarında əcnəbi serialların yayımına qadağa qoyulmuşdu. Bu qadağa yalnız bu ilin sentyabrın 1-dən ləğv edilib. Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00-07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək.

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da bu cür tərcümələrə qarşı çıxıb. Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradındakı parlaq çıxışını bütün Azərbaycan hörmətlə dinlədi və hamı da başdan sona hər şeyi başa düşdü:

“Ərdoğan türkcə danışdı. Amma nədənsə, bizim türk filmlərini televiziyalarda nümayiş etdirənlərimiz və onların “milli ideologiya” adına ayrıseçklik edənlərimiz bu filmləri başa düşmürlər və azərbaycancaya tərcümə edirlər”. S.Rüstəmxanlı türk filmlərinin Anadolu türkcəsində yayımlanmasının vacib olduğunu, azərbaycancaya uyğunlaşdırılıb səsləndirilməsinə heç bir ehtiyac olmadığını bildirib. 

Tarixçi-alim Dilavər Əzimli də bəyan edib ki, Mirzə Ələkbər Sabir yüz il öncə bu məsələni qaldırmışdı. Şair “Osmanlıcadan türkə tərcümə” nə deməkdir?!” şeiri ilə həmin biabırçı vəziyyəti şərh etmişdi. Tarixçinin sözlərinə görə, yüz il keçsə də bəzilərimizin təfəkkürü dəyişmir, dəyişmək istəmir:

“İnanın, adam dəhşətə gəlir. Mən “Diriliş Ərtoğrul” serialının sadəcə 3-4 bölümünü izləyə bildim, sonrasına səbrim çatmadı, dözmədim. Çünki izlədikcə o möhtəşəm film gözümdən düşürdü.

Serialı Azərbaycan dilinə tərcümə edənlər filmin başına elə oyun açıblar ki, adamda nifrət yaranır. Hələ eşitmişəm ki, “Quruluş Osman”ı da bu günə qoymaq fikrindədirlər. Mümkünsə, bu işə qol qoymasınlar, insanların min-bir əziyyətlə ərsəyə gətirdiyi tarixi serialları məhv etməsinlər. Məqsəd insanları maarifləndirmək, gənc nəslin tarixi şüurunu bərpa etməkdir, yoxsa pul qazanmaq?!

Boş yerə tərcüməyə nə qədər vəsait sərf edirlər. Çünki gündəlik filmlərin tərcüməsinə külli miqdarda pul xərclənir. Sabir Rüstəmxanlıdan başqa bu məsələni qabardan yoxdur. Ayıb deyilmi? Bəlkə qərar qəbul edək ki, Türkiyə türkcəsi bizim dilə uyğun deyil?!”. 

Politoloq Əhəd Məmmədli də vurğulayıb ki, Türkiyə seriallarının efirlərimizdə olduğu kimi təqdim olunmaması, onlara dil baxımından müdaxilə edilməsi biabırçılıqdır:

“Məgər bir ləhcədən digərinə, bir şivədən başqasına tərcümə olar? Bu nə deməkdir? Özümüz-özümüzü biabır edirik. Görünür, müəyyən sahələrdə hələ də “5-ci kalon” öz sözünü deyir, təsir imkanlarını qoruyur. Ancaq bu rusbaşlardan birdəfəlik xilas olmaq lazımdır. Biz bir millətik, türk millətiyik. Bir millətin iki dili olmaz. Yaxşı ki, buna etiraz edənlər var. Ümid edirik, qısa zamanda bu problemə əncam çəkiləcək. Təkcə “Diriliş Ərtoğrul” yox, bütün türk serialları dublyajsız efirə getməlidir”.