Paşinyan dirənir...

Müxalifət də vəziyyətin fərqindədir

Ermənistanda ölkəni qısa müddətdə ayağa qaldıracaq siyasi qüvvə yoxdur


“Nikol Paşinyan qərar qəbul etmək vəziyyətində deyil”. Bu barədə Ermənistanın “Vətən” Partiyasının sədri Artur Vanetsyan deyib. Onun sözlərinə görə, Paşinyanın istefasını hər keçən gün bir az da gecikdirməsi ölkənin məhvinə gətirib çıxarır. O, Ermənistanın növbədənkənar parlament seçkisi keçirməməsi gərəkdiyini, ölkədə ciddi problemlərin olduğunu bildirib. Vanetsyan vurğulayıb ki, ölkədə ciddi təhlükəsizlik problemləri, dəhşətli iqtisadi situasiya, səhiyyə böhranı var:


“Bu üç problemi çox sürətli həll etmək lazımdır. Həll edilməsi tələb edilən ən vacib məsələ əsirlərin geri qaytarılmasıdır. Bu problemlər həll edilmədən Ermənistanda növbədənkənar parlament seçkisi keçirmək mümkün deyil”. Məsələ ondadır ki, 10 noyabr bəyannaməsindən sonra israrla baş nazirin istefası tələb olunsa da, hətta onun yerinə vahid namizəd təyin edilsə də, müxalif siyasi qüvvələr ölkədə növbədənkənar seçkilərin keçirilməsini istəmirlər. Müxalifətin niyyəti sadəcə Paşinyanı devirmək və müvəqqəti hökumət qurmaqdır. Onların fikrincə, indiki qarışıq dövrdə hansısa seçki keçirmək olmaz. Lakin yerli ekspertlər iddia edirlər ki, müxalifət xalq arasında güclü sosial bazasının olmadığını bildiyi üçün seçki yox, müvəqqəti hökumət arzulayır. 

Siyasi şərhçi Fuad Heydər “Şərq”ə açıqlamasında bildirib ki, bəlkə də Ermənistan tarixində hakimiyyətə ən axmaq və təlxək biri rəhbərlik edir. Onun sözlərinə görə, müxalifət zənn edir ki, Paşinyanı devirib hakimiyyətə özləri gələrsə, müharibənin acı nəticələrini aradan qaldıra bilərlər:

“Paşinyan hakimiyyətdən getmək istəmir. Əgər o, könüllü istefa versəydi, yerinə müvəqqəti kimisə oturtmaq olardı. Lakin baş nazir dirənir və postunu verməyəcəyini deyir. Reallıq odur ki, 44 günlük müharibə Ermənistanın onsuz da aşağı olan nüfuzunu yerlə-yeksan etdi. Bundan sonra Ermənistan hakimiyyətinə kim gəlirsə-gəlsin, məcburi qaydada Azərbaycan tərəfinin şərtlərini qəbul etməli olacaq. Əks təqdirdə münaqişə, daha doğrusu, Azərbaycanın Ermənistanı cəzalandırmasının yeni mərhələsi başlayacaq. İnanmıram ki, bundan sonra erməni cəmiyyətində hansısa siyasi qruplaşma bunu gözə alsın. Nəzərə alaq ki, Paşinyan məhz məğlubiyyətə düçar olduğu üçün etirazlara, təzyiqlərə məruz qalır, hər gün təhqiramiz formada aşağılanır”.

Analitikə görə, Ermənistanda ölkəni qısa müddətdə ayağa qaldıracaq, siyasi və iqtisadi cəhətdən dirçəldəcək heç bir siyasi qüvvə yoxdur:

“Ermənilər konkret kimisə dəstəkləməkdə çətinlik çəkirlər, müxalifətə güclü dəstək vermirlər. Fikir verirsizsə, Paşinyana qarşı çıxanların sayı da çox deyil. Paralel olaraq istifadə müddəti keçmiş “Qarabağ klanı”nın da dəstəyi sıfırdır. Yəni hazırda Paşinyan ölkədəki və xaricdəki mövcud reallıqlar fonunda hakimiyyətini qoruyub saxlaya bilir. Ancaq bu da uzun çəkməyə bilər. Ümumən isə Ermənistanın dövlət olaraq ideologiyası, xarici siyasəti dəyişməzsə, sərsəm iddialardan əl çəkilməzsə, bu ölkənin dirçəlməsi, inkişafı mümkün deyil. Belə məqamda rəhbərlikdə kimin olması heç nəyi dəyişmir”.