"Kimsə "zərifliyini" unudub kobudluq etmək istəyirsə..."

Cavid İsmayıl: “...Biz də eyni kobudluqla cavab verə bilərik”

“Guya, Ərdoğan bizim unudulmuş bayatımızı səsləndirib ki? Axı bu bayatı demək olar ki, hər gün Azərbaycanın radio və televiziya kanallarından səsləndirilir”. 
Bu sözləri tanınmış araşdırmaçı-jurnalist Cavid İsmayıl feysbuk səhifəsində yazıb.

C.İsmayıl qeyd edib ki, bu bayatıda Azərbaycan xalqının ikiyə parçalanmasına işarə vurulur, bundan söhbət gedir:

"Yoxsa bu şeirin bizim 100 ildən artıqdır oxunan xalq mahnımız olduğunu Zərifiyə deyən olmayıb?. “Şeir Arazın İrandan ayrılmış şimal hissəsinə aiddir” cümləsi ilə Zərifi diplomatiyada nə qədər kobud olduğunu ortaya qoyub və Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürüb əslində. Bəli, Azərbaycan əsrlər boyu qonşuluğumuzdakı imperiyaların maraqlarının toqquşduğu ərazi olub, vətənimizi öz aralarında dədə malı kimi iki yerə bölüblər, torpaqlarımızda qondarma dövlətlər yaradıblar.

Amma nə parçalandığımızı unutdura, nə də Novruz, Aşura kimi adət-ənənələrimizi əlimizdən ala biliblər. Bütün bunlara rəğmən, biz XXI əsrdə yaşadığımızı və bu əsrdə sərhədlərin zorla dəyişdirilməsinin məqbul olmadığını qəbul edirik, başqa dövlətlərə qarşı ərazi iddiası irəli sürmürük, hamı ilə normal və mehriban qonşuluq münasibətində yaşamaq istəyirik".

Cavid İsmayıl bildirib ki, kimsə "zərifliyini" unudub kobudluq edirsə, biz də eyni kobudluqla cavab verə bilərik: "Məsələn, soruşa bilərik ki, 27 ildir İranla sərhəddəki rayonlarımız işğal altında olduğu müddətdə rəsmi Tehran niyə ora bayraq sancmadı, Azərbaycan öz ərazilərini işğaldan azad edən kimi Xudafərin körpüsünə bayraq sancmaq yadına düşdü?

Niyə Vətən müharibəmiz zamanı xristian Gürcüstan öz ərazisindən Ermənistana göndərilən silah və texnikanı buraxmadı, amma müsəlman İran buraxdı? Niyə İranda yaşayan ermənilər ana dilində təhsil almaq hüquqlarına malik olduğu halda, Azərbaycan türkləri bu hüquqdan məhrum olunub? Çox kobud səslənmədi ki, cənab Zərifi?".