Müharibədən sonra...

Qarabağ istiqrazlarının dövriyyəyə buraxılması məntiqidir

İstənilən halda düzgün yanaşmadır. Həmçinin əhali istiqrazlar dövlət tərəfindən dövriyyəyə buraxılır deyə daha çox etibar edəcək

Milli Məclisin 11 dekabr 2020-ci il tarixli iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  Azərbaycan hökumətində yeni mexanizmin yaradılması haqqında məlumat verib. O bu istiqamətdə hazırlığın getdiyini bildirib:
“Həmin mexanizm “Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlıdır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”.

Məsələni “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənov  Qarabağ istiqrazlarının dövriyyəyə buraxılmasının məntiqli yanaşma olduğunu söyləyib:

“Bu təcrübə dəfələrlə müxtəlif ölkələrdə sınaqdan çıxıb. Daha çox alman təcrübəsi kimi yadda qalır. Çünki Almaniya həm maliyyə-bank sektorunda əmanət-depozitlərin təhlükəsizliyini gücləndirib, həm də istiqrazları, qiymətli kağızları dövriyyəyə buraxıb. Beləliklə İkinci Dünya müharibəsindən sonra  əhalinin əlində olan vəsaitlərin iqtisadiyyata cəlb edilməsində ciddi təcrübə formalaşdırılıb.  Sonra müxtəlif ölkələr də bu təcrübədən istifadə edib. 

Onu da deyim ki, Qarabağın bərpası, yenidən qurulması üçün kifayət qədər vəsait lazımdır. Həmin vəsaitlər indi Azərbaycanın fiskal mühiti baxımından imkansız görünür.

Təbii ki, orta və uzunmüddətli dövr məsələsi var. Söhbət torpaqların bərpa müddətindən gedir. Əgər həmin əraziləri 50 ilə bərpa edəcəyiksə, işləri mərhələli şəkildə həyata keçirmək olar. Amma hər ötən gün, hər keçən ay müvafiq bölgələrin iqtisadi imkanlarının  Azərbaycan iqtisadiyyatından kənarda qalmasına səbəb olur.

Eyni zamanda icmaların öz yurd-yuvalarına qayıtması, yaşayışın yenidən bərpası, biznes mühitinin formalaşdırılması üçün sürətli iş prosesi lazımdır. Bu da cari şərtlər daxilində Azərbaycan üçün ciddi maliyyə yükü deməkdir. O da məlumdur ki, Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq zəif inkişaf edib. Alternativ vəsaitlərin yerləşdirilməsi üçün müxtəlif üsullar, qiymətli kağızlar bazarı yoxdur.

Belə bir maliyyə sektoru riskli olduğu üçün əksər insan vəsaitlərini  bu seqmentdə yerləşdirməyə üstünlük vermir. Nəticədə əhalinin əlində mühüm passiv yığımların toplanmasına  gətirib çıxarır.

Yəni vəsaitlər iqtisadiyyatdan kənarda, yastıq altında qalır. Onların istifadə edilməsi, pulun dövriyyə sürətinin artırılması hazırda ciddi zərurətə çevrilib. 

Düşünürəm ki, hökümət yeni istiqrazları dövriyyəyə buraxmaqla həmin istiqamətdə boşluğun doldurulması üçün imkan yaradır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın  dövlət borcu ilə bağlı  strategiyası var. Həmin strategiyanın hədəflərində hüquqi baxımdan dəyişiklik edilməsə, Azərbaycanın xaricdən borclanması  ilə bağlı məhdudiyyətlər olacaq.

Bu mexanizmin yaradılması xaricdən deyil, daxildən borclanmağa üstünlük  verilməsi kimi qiymətləndirilə bilər. İstənilən halda düzgün yanaşmadır. Həmçinin əhali istiqrazlar dövlət tərəfindən dövriyyəyə buraxılır deyə daha çox etibar edəcək.

Bu istiqrazlara investisiya yatırılması istiqamətində təşəbbüs, həvəs digərləri ilə müqayisədə daha  yüksək olacaq. Bu da hökumətin işini asanlaşdıracaq.  Qısa müddətdə daha böyük vəsait cəlbetmə imkanı yaradacaq”.