Ərazilərimizin kiçik bir hissəsində erməni hərbi birləşmələri qalır

Zahid Oruc: "Əminəm ki, dövlətimizin qətiyyəti, gücü və sərt iradəsi bütün Ermənistanda sərhəd məsələsini təyin etməyə imkan verəcək"

Ermənistanın Qarabağdakı ağır məğlubiyyəti ölkəni çətin duruma salıb. Bu günlərdə ölkədəki ağır siyasi-sosial-iqtisadi böhran fonunda Baş nazir Nikol Paşinyan xalqa müraciət edib. O, Ermənistan sərhədlərində baş verən hadisələrə toxunub:

“Qarabağ başqa bir mövzudur, amma indi Ermənistan sərhədlərinin bəzi hissələrində ağrılı proseslər gedir və vətəndaşları narahat edir. Bu, ciddi məsələdir və vətəndaşlarımızı incidir. Bizim hərbi qüvvələrimiz ölkənin bütün sərhədləri boyunca yerləşdirilib. Biz belə məsələlərin həlli ilə məşğuluq. Buna görə təşvişə düşməyin. Bundan sonra Ermənistanın əsl sərhədləri olacaq, cəbhə xətti olmayacaq” - deyə Paşinyan vurğulayıb.

Paşinyanın söylədiklərini “Şərq”ə dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun qənaətincə, Paşinyan çalışır ki, hazırkı vəziyyəti qiymətləndirsin. 
Parlamentari bildirib ki, Baş nazir 1990-cı illərdəki durumdan çıxış edərək söyləsəydi ki, sərhədlər ayrı-ayrılıqda olsun, bu zaman Koçaryan və Sarkisyana bənzəyərdi:


“Təəssüf ki, Ermənistanın içində məhz belə qüvvələr çoxdur. Paşinyan yaxud da qeyd etsə idi ki, 30 ilə yaxındır yeni kəndlər salınıb və buna görə sərhəd xətti itib, insanların mühüm hissəsi heyvandarlıq və.s aqrar sferanı inkişaf etirmək üçün müxtəlif işlər görüblər.

Buna görə də o, hərbi əməliyyatlar bitmiş olsa da, rus təmsilçilərinin olmasına baxmayaraq, gerçək arqumentləri qəbul etmədiyini desə də, əlavə təlaş yarada bilərdi. İndi isə gözümüzün önündə tamam başqa mənzərə var.

Məsələn, Azərbaycan sərt tələblərini qoydu və bu tələblər gerçəkləşdi. İndi işğaldan azad edilən ərazilər üzrə görüntülər hərbiçi və zabitlərimiz vasitəsilə internet platformalarına çıxır. Bu videolardan görürük ki, Azərbaycanın vətən bütövlüyü təmin edilib. Azad edilən kəndlərdə özlərinə həyat quran erməni sakinlərinin israrına baxmayaraq, proses xeyrimizə irəliləməkdədir”.

Z.Oruc qeyd edib ki, Kəlbəcərdən keçib gələn Laçın dağları, müxtəlif yarğan və bataqlar belə vətənimizin ayrılmaz hissəsidir:

“Paşinyan Təhülkəsizlik Şurasının iclasında bəyan etdi ki, Zəngilan və Qubadlı ərazisində növbəti məsələlərin razılaşdırılması üçün erməni həmüdafiə qüvvələri iştirak edir. Həqiqətən də qeyd olunan ərazilərdə kiçik hissədə erməni hərbi birləşmələri qalıb. Həmin silahlı qrupun fəaliyyəti qanunsuz olduğu üçün bu məsələlər həllini tapmalıdır.

Əminəm ki, dövlətimizin qətiyyəti, gücü və sərt iradəsi bütün Ermənistanda sərhəd məsələsini təyin etməyə imkan verəcək”.