Almaniyadakı soydaşımız: “Qarabağ Avropanın maraq dairəsinə salınsın"

“Bunun üçün orada turizm layihələri həyata keçirilməlidir”

“Bu layihələrin gəlirlərinin şəhid və qazi ailələrinə, habelə yeni yaradılan YAŞAT təşkilatına ayrılması da yaxşı olar”

“Biz Avropa modellərindən yararlanmalı və lazım gələrsə, bunun üçün Avropa parlamentinə müraciət etməliyik”


İkinci Qarabağ müharibəsi təkcə regiondakı vəziyyəti dəyişmədi. Həmçinin dünyadakı siyasi proseslərə də təsirsiz ötüşmədi. Artıq ayrı-ayrı dünya ölkələrinin, hətta ABŞ-ın xarici siyasətində Azərbaycan mühüm yer tutur. Dekabrın 10-da keçirdiyimiz Qələbə paradı ilə düz bir ay əvvəl, yəni 10 noyabrda qazandığımız zəfərin altından imza çəkdik. Başqa sözlə desək, qalibiyyətimizi rəsmiləşdirdik. Deməli, bir dövlət, millət olaraq bundan sonra qarşıya qoyduğumuz məqsədlərimiz, vəzifələrimiz də dəyişdi. İndi həmişəkindən daha həmrəy, daha möhkəm olmalıyıq ki, düşmənlərin “başlarını qaldırmalarına” imkan verməyək.


Almaniyada yaşayan həmvətinimiz, oradakı miqrasiya xidmətinin əməkdaşı, “Liderlik” proqramının işçisi Nurlan Məmmədov hazırkı proseslərə dair fikirlərini “Sherg.az”a bildirib. O, tarixi qələbəmizin arxasında dayanan amilləri vurğulayıb: 

“Mən 2019-cu ildə Diaspor komitəsinin keçirdiyi “Liderlik” layihəsində Almaniyanı təmsil edirdim. Çox səmərəli keçdi. Xüsusilə dövlət strukturlarının, o cümlədən ASAN xidmətin işi məni heyran etdi. Deməliyəm ki, Almaniyada belə, bu qədər operativ işləyən və rəqəmsallığa önəm verən sistem yoxdur. Həmin layihə çərçivəsində, həmçinin hazırda Prezidentin köməkçisi vəzifəsini icra edən Hikmət Hacıyevlə görüşdük, müzakirələr apardıq. Cocuq Mərcanlıya səfər etdik, buradakı investiyasalar barədə öyrəndik.

Əslində o vaxt gördüklərimiz Azərbaycanın bu qələbəsinin kökündə dayanan uğurlar idi. Amma, düzü, nəticəni belə tez qazanacağımız ağlımıza gəlməzdi. Əlbəttə, ən vacib məqamlardan biri xalq və dövlət birliyidir. Ümid edirəm və inanıram ki, insanlarımız hələ uzun illər dövlətin, hakimiyyət isə əhalinin yanında olacaq. Bu, bizim qələbələrimizin təməlində dayanır. Azərbaycanın çox çətin geosiyasi regionda yerləşməsi, iri dövlətlərlə əhatə olunması heç kimə sirr deyil. Belə bir şəraitdə bu qələbəni qazanmaq, şübhəsiz, ikiqat fərəhləndiricidir”.

 N.Məmmədov ölkəmizdə baş verən hadisələrin Almaniyadakı inikasını bu cür təsvir edib:

 “Qarabağ iki ölkə arasındakı yox, regional konfliktdir. Yəni ən azı bölgədəki dövlətlərin bu “düyün”də maraqları var. Almaniyadakı azərbaycanlılar indi heç olmadığı qədər həmrəydirlər.

Siyasi mövqeyindən asılı olmayaraq hər kəs eyni cəbhədədir. Diasporumuz bir neçə istiqamətdə fəaliyyət göstərir, o cümlədən şəhid ailələrinin qayğıları ilə maraqlanır, medianı izləyir.

Əminliklə və tam məsuliyyətimlə deyə bilərəm ki, buradakı mətbuat məsələlərə qərəzli yanaşır, din amilini əsas götürür. Hətta şər-böhtan yazmaqdan da çəkinmirlər. Buna misal olaraq Azərbaycanda Suriya döyüşçülərinin olmasına dair tirajlanan xəbərləri göstərmək olar. KİV çox nadir hallarda proseslərə obyektiv, bitərəf yanaşır.

İnanın, diaspor haqsızlığa, ədalətsizliyə reaksiya göstərməsə, heç bu da olmaz. Biz hətta bu, nəticəsiz qalsa da, yerli televiziyalardan birini şikayət etmişdik. Habelə siyasətçilərlə danışır, onlardan müsahibələr alırıq. Yəni bu və ya digər formada haqq səsimizin dünyada eşidilməsi naminə əlimizdən gələni edirik”.

Soydaşımız, həmçinin bir sıra maraqlı təkliflər səsləndirib: 

“Biz indidən ermənilərlə birgə yaşamaqdan ötrü müxtəlif addımlar atmalıyıq. Onsuz da gec-tez belə olacaq. Başqa yolumuz yoxdur. Fikrimcə, konfliktin həlli naminə xüsusi bir institutun yaradılması yaxşı olar. Qoy, Azərbaycan və erməni mütəxəssisləri orada müzakirələr aparsınlar. Əlbəttə, həmin institut Şuşada yerləşməlidir.

Bu, həm şəhərin inkişafı və tanınması baxımından əhəmiyyətlidir, həm də simvolik xarakter daşıyar. Dediyim kimi, insanların rahat yaşaması üçün yeganə yol sülhdür.

Biz bu məqama köklənməli və onun ətrafında düşünməliyik. Lakin eyni zamanda Azərbaycan Qarabağda öz hərbi gücünü hiss etdirməlidir. Bunun üçün həmin ərazilərdən birində hərbi məktəbin yaradılması, həmçinin Zəngilan, Füzuli və ya hansısa sərhəd rayonun “hərbçilər şəhəri”nə çevrilməsi məqsədəuyğun olar.

Yəni düşmən daha “başını qaldırmağa” cəsarət etməməlidir. Növbəti bir məqam turizm layihələrinin həyata keçirilməsidir. Bu, Qarabağı Avropanın maraq dairəsinə salmaq üçün müstəsna əhəmiyyətlidir.

Eyni zamanda Qarabağda həyata keçiriləcək layihələrin gəlirlərinin şəhid və qazi ailələrinə, habelə yeni yaradılan YAŞAT təşkilatına ayrılması da yaxşı olar. Biz Avropa modellərindən yararlanmalı və lazım gələrsə, bunun üçün Avropa parlamentinə müraciət etməliyik”.