İran nankorluq edir ! – “Azərbaycan -Türkiyə birliyini həzm edə bilmir”

“Rəsmi Ankara ən ağır vaxtlarında rəsmi Tehranın yanında olub, xüsusilə Ərdoğan İrana böyük köməklik edib”

“İran Ermənistanın Azərbaycana məğlub olması ilə razılaşa bilmir”

“İran malı Ermənistanda qablaşdırılaraq Gürcüstan məhsulu kimi dünya bazarına çıxırdı. Artıq bunun qarşısını alınıb”


Dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qələbəsindən narahat olan bəzi qüvvələri hərəkətə gətirib. Paradda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur mahnıdan söylədiyi “Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar” misraları İranda narahatlıqla qarşılanıb. İş o yerə çatıb ki, hətta bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Tehran Ərdoğanın şeir oxumasını “qəbuledilməz addım” kimi qiymətləndirib.

İranın Xarici İşlər Nazirliyindən bildirib ki, Türkiyə prezidentinin çıxışı “müdaxilə” kimi qiymətləndirilir. Belə bir sual meydana çıxır: Ərdoğanın söylədiyi şeirdən qıcıqlanmaya səbəb İranın “Araz” dərdidir, yoxsa paniranizm siyasəti?. Türkiyə liderinin şeiri İranı niyə bu qədər narahat edir?

Mövcud proseslər fonunda fikirlərini “Sherg.az”la bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, İran dəfələrlə ciddi problemlərin üstünü örtməyə çalışıb. Analitik vurğulayıb ki, İranda Türkiyə başçısının söylədiyi şeirə verilən reaksiyanın kökündə müxtəlif məqamlar var. Məqsəd İran cəmiyyətinin diqqətini şeirə yönəltməklə, “Amadnews” telekanalının təsisçi Ruhullah Zəmin edamına olan reaksiyaları azaltmaqdır:

“R.Zəm ötən il İranda yanacağın qiymətinin qaldırılması və digər məsələlərlə bağlı qarşıdurma zamanı həmin jurnalist böyük xidmətlər göstərib. Tehran isə həmin jurnalistə çox qəzəblənmişdi və hökm vermişdi ki, hansı yolla olursa, olsun onu İrana gətirmək lazımdır. Jurnalistin edamı ciddi qarşıdurmaya səbəb olmasın deyə diqqəti başqa səmtə yönəltmək üçün əllərindən gələni etdilər.

Nəhayət, belə bir fürsət yarandı: Ərdoğan dediyi şeirdə Arazı ayrılıq çayı kimi göstərdi. Amma Araz ilk dəfə ayrılıq kimi göstərilmir. Zaman-zaman bunun şahidi olmuşuq, Azərbaycandakı bütün müğənnilər bu mahnını oxuyublar. Onda gərək İran Azərbaycanın hər bir müğənnisinə qarşı ciddi məsələ qaldırsın”.

C.Nuriyev qeyd edib ki, İran Ərdoğanın paraddakı çıxışına görə bir güllə ilə bir neçə “dovşan” vurmaq istəyirdi:

“Birincisi, Azərbaycan-Türkiyə münasibətlərinin yaxşı olması İranı həddindən artıq qıcıqlandırır. İkincisi, İran Ermənistanın Azərbaycana məğlub olması ilə razılaşa bilmir.

Çünki İranın nə qədər malları var idisə, Ermənistana daşınaraq, orada qablaşdırılıb, Gürcüstana verilirdi. Beləliklə, həmin mal Gürcüstan məhsulu kimi dünya bazarına çıxırdı. Artıq bunun qarşısını alınıb, ona görə də İran Azərbaycanın qalibiyyətini həzm edə bilmir. Üçüncüsü, farsların içində türk dünyasına nifrət var. Zaman-zaman bu nifrəti gündəmə gətiriblər.

Ərdoğanın şeirinə belə reaksiya vermək İrana ona görə lazım oldu ki, jurnalistin edamına olan diqqəti yayındırsınlar. İranın narahatlığı, verdiyi təəcüblü deyil. Onlar öz xislətlərinə uyğun hərəkət etdilər.  Türkiyə ən ağır vaxtlarında İranın yanında olub, xüsusilə Ərdoğan İrana böyük köməklik edib. Bu baxımdan İranın nankorluğu göz öndüdədir.

Hətta onlar o qədər tərbiyəsizləşdilər ki, Azərbaycan haqqında da şüarlar gündəmə gətirdilər. Müsəlman dövlətindən belə təbliğatın yayılması sübut edir ki, İranda İslam ancaq  göstəriş üçündür. Təəssüf ki, İranın molla rejimi yenə də tərbiyəsizliklərindən yararlandı”.