Paşinyan terrorla məşğuldur ! – “Baş nazir “köhnə mahnı”lar oxuyur”

Onun “Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılması lazımdır” açıqlaması situativ xarakterlidir”

“Çünki real siyasətdə deyilənlərin inikası görünmür”

Rəsmi İrəvan müstəqil deyil, öz maraqlarını reallaşdıra bilmir, əvəzində başqalarının əlində alətə çevrilir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasındakı müəyyən fikirləri ilə bir çoxlarını təəccübləndirib. O, söyləyib ki, Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılması lazımdır. “Hər iki ölkə ilə əməkdaşlıq yollarını tapmaq üçün çalışmalıyıq”-deyə, baş nazir əlavə edib.

 Bilmək olmaz, Paşinyanın, həqiqətən, ağlı başına gəlib, ya bu da növbəti “oyun”udur. Amma əmin olduğumuz bir məqam oyun “sezon”unun axırına az qalmasıdır. Birazdan ən yaxşı halda Paşinyan devriləcək. Ən pisini isə özləri düşünsünlər...



Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Sherg.az”a açıqlamasında baş nazirin sözügedən bəyanatının reallaşacağına inamsızlığını ifadə edib: 

“Əlbəttə, biz də sülh istəyirik. Lakin, məncə, bu, situativ xarakter daşıyır. Yəni Paşinyan məqama uyğun belə danışıb. Başqa sözlə desək, məlum açıqlama boğazdan yuxarı deyilmiş sözlərdən ibarətdir.

Çünki real siyasətdə deyilənlərin inikası görünmür. Erməni hakimiyyəti çox məntiqsiz və mənasız siyasət yeridir. Həm Paşinyan, həm də digər rəsmilər “köhnə mahnı”larını oxumaqda, Dağlıq Qarabağda erməni xalqının taleyindən, özlərinin "Artsax” kimi adlandırdıqları ərazinin müstəqiliyindən danışmaqda davam edirlər”.

A.Nağının sözlərinə görə, Ermənistan öz xarici siyasətini müəyyənləşdirməkdə müstəqil deyil: 

“Meşələrdə guya partizan dəstələri yaradıblar. Əslində isə onlar terrorçuluqla məşğuldurlar. Təxribatlar törədirlər. Əlbəttə, Ermənistanın özünə qalsa, Azərbaycan və Türkiyə ilə ən azı qonşuluq münasibətləri aparar.

Çünki bu, onun özünə faydalıdır. Amma rəsmi İrəvan müstəqil deyil, öz maraqlarını reallaşdıra bilmir və bunun əvəzində başqalarının əlində alətə çevrilir”.