Monitorinq Mərkəzi niyə Ağdamda yaradılır? – Səbəblər sadalandı 

“Hər halda digər rayonlara nisbətən Ağdamda lazımi şəraitin qurulması daha rahatdır”

“Üstəgəl, bu rayon mərkəzə daha yaxındır, kommunikasiya potensialı lazımi səviyyədədir”

“Sadaladığım məqamları nəzərə alsaq, ən məqsədəuyğun qərarın verildiyini deyə bilərik” 



Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı bir sıra məqamlara aydınlıq gətirib.

Dövlət başçısı deyib ki, artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik: “Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır”.



 “Ümid” partiyasının sədri İqbal Ağazadə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsinə dair fikirlərini “Sherg.az”la bölüşüb:

“Bu barədə daha yaxşı danışa biləcək hərbi eskpertlər, mütəxəssislər var. Yəqin ki, seçimin mahiyyəti bir az sonra aydın olacaq. Hələlik bu barədə “qeyri-professional” və ya “ən doğru” demək düzgün olmaz. Birinci halda qərarı şübhə altına ata bilərik. Və yalnız fəaliyyətini gördükdən sonra ideal variant olduğunu deyə bilərik. Hər halda ən optimal qərarın veriləcəyinə və Azərbaycanın maraqlarının nəzərə alınacağına inanıram”.



 Ehtiyatda olan polkovnik Şair Ramaldanov qərarın səbəbini belə izah edib:

“Birincisi, Ağdam da Azərbaycan ərazisidir. Monitorinq Mərkəzinin azad olunmuş digər bütün ərazilər kimi orada da yaradılması tam təbiidir. Yəqin, belə məsləhət olub. Amma, məncə, bu, daha çox inrastukturla bağlıdır. Hər halda digər rayonlara nisbətən Ağdamda lazımi şəraitin qurulması daha rahatdır. Üstəgəl, bu rayon mərkəzə daha yaxındır, kommunikasiya potensialı lazımi səviyyədədir. Sadaladığım məqamları nəzərə alsaq, ən məqsədəuyğun qərarın verildiyini deyə bilərik”.