“Girovlar Prezidentin iradəsi sayəsində azad edildilər”

Dünən erməni əsirliyində olan 9 nəfər vətəndaşımız Azərbaycana qaytarılıb. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.
Xəbərdə deyilir ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb. Girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.

Dövlət Komissiyası Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.



Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a bildirib ki, girovlar vətənə qayıtması çox sevindirici haldır:
“Ən çox Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasına sevindim. 
Girovlarımız haqqında Avropa Şurasında məsələ qaldırmışdıq, amma heç bir reaksiya olmurdu. 
Bu gün girovlar cənab Prezidentin iradəsi sayəsində azad edildilər.
Digər əsirlərimizin də ölkəmizə qayıtması sevindiricidir.  Beynəlxalq aləmdə müharibədən sonra əsirlərin dəyişdirilməsi yaxşı ənənədir.
Erməni əsirlərinin qaytarılmasına da normal yanaşıram. Bütün bunlar müharibənin yox, sülhün missiyasıdır”.