Ərdoğanın söylədiyi bayatı Güneydə trend oldu: Oyanış !  

“Tehran unutmasın ki, bu, xalq ədəbiyyatıdır, 50 milyonun dilindəndir. Narahat olsalar, onlarla belə bayatı səslənər”


Azərbaycanın tarixi qələbə paradından sonra dillərdə bir türkü dolanır. O da  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı səsləndirdiyi  “Arazı ayırdılar, lil ilə doyurdular. Mən səndən ayrılmazdım, zor ilə ayırdılar” misralarıdır. Cənab Ərdoğan elə ürəkdən söylədi ki, illərin həsrəti, yanğısı baş qaldırdı. Qarabağa qovuşduq, sevindik. İndi isə Təbriz yarası qanamağa başlayıb.

Şübhəsiz ki, Türkiyə liderinin qələbə paradında Təbrizi yada salması İranı da narahat edib. Fəqət, bu təsir başqa təsirdir. İran rəsmilərini həmin tarixi çıxış yaman qıcıqlandırıb. Elə olmasa, Türkiyənin İrandakı səfirini Xarici İşlər Nazirliyinə  çağırmazdılar. Nə başınızı ağrıdaq, Türkün səsi İranı titrədib. Sanki Rəcəb bəyin, sözündə bir yanlış varmış kimi davranırlar.

Məgər Arazı ayırmadılarmı? Qardaşı qardaşa həsrət qoymadılarmı? Bu sualların cavabını İran da yaxşı bilir. Məhz bildiyi üçün xalqın ayrılıq həsrətindən yaranan bayatının səslənməsindən narahat olub.  

Bir də Ərdoğanın səsini tək İran rəsmiləri deyil, həm də Güney Azərbaycanda yaşayan soydaşlarımız eşidib. Yad edildikləri üçün seviniblər. Kaş onları heç unutmadığımızı, daim xatırladığımızı bilsələr...

Deyirəm axı güneyli qardaşlarımız Arazın adını eşitcək fərəhləniblər. Sosial şəbəkələrdə sevinclərini dilə gətirib, R.T.Ərdoğanın səsinə səs veriblər. “Arazı ayırdılar” deyib, videolar çəkiblər. Xülasə, bir Təbriz havası var yaralı ürəklərdə...

Millət vəkili, şair Sabir Rüstəmxanlı da “Sherg.az”a güneyin oyanışı  haqqında danışıb. O Ərdoğanın söylədiyi bayatıya cənubdan gələn reaksiyalardan söz açıb:

“Ərdoğanın səsləndirdiyi bayatı İran rəsmilərinin gülünc etirazına səbəb olunca Güney Azərbaycanda dillərə düşdü. Kiçikli- böyüklü hər kəs onu təkrarladı, birlik duyğumuzdan yaranmış yeni şeirlər sosial şəbəkələrdə yayıldı. Tehran unutmasın ki, bu, xalq ədəbiyyatıdır, 50 milyonun dilindəndir. Narahat olsalar, onlarla belə bayatı səslənər. Hər birinin yüz-iki yüz il yaşı var. Sözü varsa, bu bayatıları qoşan otaylı-butaylı türklərə, onların babalarına desin, hörmətli Ərdoğana yox”.

S.Rüstəmxanlı sonda  Arazla bağlı bir başqa bayatı səsləndirib:

Araz, Araz, Xan Araz!
Dağlardan axan Araz!
Qardaşdan ayrı saldın,
Evimi yıxan Araz!..