Məsələ bitib ! - Nə həmsədrlərə, nə də Araikə ehtiyac var 

“Müzakirə üçün əsas tərəflər isə Rusiya, Türkiyə və Azərbaycandır. Ermənistan isə tamamilə yad bir ünsürdür”

“Həmsədrlərlə Araik arasında görüşə Azərbaycanın razılığı olmalıdır”

“Çünki ərazilər Azərbaycanındır. Azərbaycan isə Dağlıq Qarabağ adlı bir rejimi tanımır”



ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskonti və Endrü Şoffer separatçıların rəhbəri Araik Arutyunyan ilə görüşməkdən imtina ediblər. Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Baş verənləri “Sherg.az”a şərh edən politoloq Natiq Miri hesab edir ki, görüşdən hansı tərəfin imtina etməsi birmənalı olaraq təsdiq olunmayıb. Analitik qeyd edib ki, Minsk formatı, xüsusilə 1994-cü ildən fəaliyyət göstərən həmsədr institutu öz işini başa çatdırıb:



“Ordumuz çoxsaylı şəhidlər verərək münaqişəyə son qoyub. Ona görə də artıq “Dağlıq Qarabağ münaqişəsi” anlayışı mövcud deyil. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ və ermənilərin yaşadığı Xankəndi Azərbaycanın tərkib hissəsi kimi tanınır. 

Bu baxımdan ortada humanitar və sosial problemlərin həll edilməsi qalır. 10 noyabr üçtərəfəli bəyanatda bütün məqamlar nəzərdə tutulub. Yaxın perspektivdə bu məsələləri müzakirə etmək məcburiyyəti yaranacaq. Müzakirə üçün əsas tərəflər isə Rusiya, Türkiyə və Azərbaycandır. Ermənistan isə tamamilə yad bir ünsürdür.

Qarabağ ərazisi Azərbaycanın olduğu üçün qərarı ölkəmiz verir. Ona görə təmas bölgəsində Rusiya sülhməramlıları ilə müvəqqəti işləmək məcburiyyətindəyik”.

N.Miri söyləyib ki, artıq Ermənistanın hansısa hüququ olmadığı üçün həmsədrlərin Araik Arutyunyan ilə görüşməsinə ehtiyac yoxdur:

“Eyni zamanda bu görüşün baş tutması üçün Azərbaycanın razılığı olmalıdır. Çünki ərazilər Azərbaycanındır. Azərbaycan isə Dağlıq Qarabağ adlı bir rejimi tanımır”.