Akar haqlıdır ! – “Şərtə əməl olunmasa, işimizi sona çatdıracağıq”

“Sülhməramlıların hazırkı davranışı bizi narahat edir, qəlbimizə şübhə toxumu səpir”

“Odur ki, Hulusi Akarın açıqlaması yerinə düşdü. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə üzərinə götürdüyü öhdəliyə sadiqdir”


Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qarabağdakı vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin iclasında çıxış edib. O,  Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki təhlükəsizlik məsələsinə də toxunub: "Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəliyi götürmüşük”.

H.Akar, həmçinin bildirib ki, müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Əgər Ermənistan hakimiyyətinin ağlı başındadırsa, bu açıqlamadan dərs götürəcək və özünü yığışdıracaq. Əks halda bir də baxacaqlar ki, sürünərək çıxdıqları təpəcikdən üzü aşağı yuvarlanırlar…



Millət vəkili Razi Nurullayev məsələ haqqında “Sherg.az”a danışarkən geniş miqyaslı hərbi əməliyyatlar ehtimalını istisna edib: 

“Bunun üçün Azərbaycanın lazımi imkanları var, düşmənin isə yoxdur. Belə çıxır ki,  savaşı Rusiya ilə aparmalıyıq. Bunu nə biz istəyirik, nə də şimal qonşumuz. Amma, əlbəttə, müqavilədən kənara çıxmalar olarsa, Azərbaycan bununla barışmaz və orada yaşayan erməniləri özünə tabe edər. Həmçinin regiondakı erməni separatçıları bu və ya digər formada zərərsizləşdirilməlidirlər. Bu isə müharibə yox, anti-terror əməliyyatı deməkdir”.

R.Nurullayev, həmçinin işğalçının son təxribatına dair də fikirlərini bildirib: 

“Ermənilər Rusiyaya, Fransaya və ayrı-ayrı ölkələrdəki diasporlarına güvənirlər. Lakin indiki məqamda onlara kömək edə biləcək yeganə qüvvə Kremldir. Digərləri çox uzaqdadır. Yəni Ermənistan rəsmi Moksvanın və Qarabağdakı sülhməramlıların “kölgəsində gizlənərək” bizə “daş atır”.   Əgər Rusiya “əlini çəksə”, Ermənistan heç bir halda belə davrana bilməz. Çünki bütün qonşuları ilə münasibətlərini korlayıb. Hətta Rusiyaya “təpik atır”, başının üstündən iş görürdü. “Burunları əziləndən” sonra ağlı başına gəldi və yenidən şimal qonşumuzun ayağından yapışdı. Onlar həmişə-bütün tarix boyu belə olublar: “burunları əzilən” kimi özlərinə yiyə axtarıblar”.

Parlamentari Türkiyənin milli müdafiə nazirinin açıqlamasının çox mühüm əhəmiyyət daşıdığı qənaətindədir: 

“Əlbəttə, sülhməramlıların hazırkı davranışı bizi narahat edir, qəlbimizə şübhə toxumu səpir. Odur ki, Hulusi Akarın açıqlaması yerinə düşdü. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə üzərinə götürdüyü öhdəliyə sadiqdir. Fəqət kimsə cığallıq edərsə, şərtlərə qarşı çıxarsa, başlatdığımız işi sona çatdıracağıq”.