Koronavirus bir xof kimi insanların canına keçib

Xüsusilə sosial-iqtisadi problemlər insanların psixologiyasına ciddi zərbə vurub

Yaxın qohumlar arasında baş verən qanlı münaqişələr də depressiyanın əlamətləridir

Dünyada koronavirus pandemiyasının yayılması ilə əlaqədar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da karantin rejimi tətbiq olunub. Nəticədə insanlar evdə qalmağa məhkum olublar. Bu isə əksər insanlarda bir sıra psixi pozğunluqların yaranmasına, depressiyaya düşmələrinə səbəb olur. Son günlər ölkədə baş verən yaxın qohum cinayətləri bunu deməyə əsas verir ki, insanların psixologiyasında ciddi dəyişikliklər cərəyan edir. Uzun müddət evdə qalmaq daha çox hansı insanlara mənfi təsir göstərə bilər?

Bu və digər suallara cavab tapmaq üçün psixoloq Fərqanə Mehmanqızına müraciət etdik. Psixoloq vurğuladı ki, son bir ildə yaşananlar, xüsusilə sosial-iqtisadi problemlər insanların psixologiyasına ciddi zərbə vurub:

“Nəzərə alaq ki, karantin müddətində insanlar əvvəlki azadlıqlarından məhrum oldular. Və xəstəlik bir xof kimi canlarına keçdi. Bunlar təbii ki, aqressiv depressiyanın əlamətləridir. Aqressiv depressiya isə yaxın qohumları bir-birinə qarşı getmələrinə səbəb olur.

Bir tərəfdən maddiyyat problemləri, digər tərəfdən dörd divar arasında qalmaq insanlarda təbii ki, aqressiyaya yaradan amillərdəndir. Əvvəlki həyat tərzini dəyişmək istər-istəməz ailədaxili münasibətlərə də son zamanlar ciddi təsir göstərib. Əvvəllər insanlar işdə olurdular və evə gəldikdə çalışırdılar ki, biri-birləri ilə xoş ünsiyyətdə olsunlar. Ancaq indi bütün ayı, hətta ili bir yerdə olmaq artıq səbəbsiz aqresiyyalara səbəb olmaqdadır. Bu kimi hadisələr də nəticə etibarı ilə bir-birini ittihama, bir-birinin səhvini bağışlamamağa gətirib çıxarır”.

Psixoloq qeyd edib ki, hər bir insanın psixoloji vəziyyəti fərqlidir:

“Bu, fərqli psixoloji duruma uyğun olaraq insanlar fərqli münasibət sərgiləyirlər. Hər kəsin öz psixoloji durumuna uyğun olaraq da ünsiyyəti mövcuddur. Adamlar var ki, belə deyək ki, evdə qaldıqca biri-birlərini daha yaxşı tanımağa başlayırlar, həmişə etmək istəyib də edə bilmədiyi işlərlə məşğul olaraq özlərini inkişaf etdirməyə çalışırlar.

Amma insanlar da var ki, müəyyən həyat ritmlərindən çox kənara çıxıblar. Hətta deyərdim ki, 180 dərəcə dönüblər. Maddi sıxıntılar insanların sinirlərinə çox ciddi təsir göstərib. Ümumiyyətlə, insan psixologiyasında insanın şüurunda davranışında müəyyən məşğulliyyət olmalıdır. Əgər bu məşğuliyyət onlarda yoxdursa və həzz, motivasiya vermirsə, onlar dərin depresiyyaya düşə bilirlər.

Bir tərəfdən xəstəlik və ölüm qorxusu hər kəsdən özünü qorumaq kimi fəsadlar da özünü təbii ki, göstərir. Bu aqressiv depressiya ətrafa, özünə qarşı bir qınaq obyektinə çevrilir. Belə ki, ailədaxili şiddət, ailədaxili münaqişələr kəskin artır.

Çox təəssüf ki, bu kimi hadisələr insanlara mənfi təsir etməyə bilməz. Nəticədə çox zaman ailə daxilində cinayət hadisəsi baş verir. Unutmayaq ki, karantin və pandemiya ilə yanaşı bunların üzərinə bir də Vətən savaşı da gəldi. Şəhidlərimiz oldu. Təbii ki, qələbə özgüvən, rahatlıq verdi. Amma biz ön cəbhədə qalib gəlsək də, pandemiyaya qalib gəlməmişik.

Sevdiyimiz insanları, yaxınları günbəgün itiririk. Bu itirmək bizi daha da çökdürdü. Ümid edirəm ki, zamanla müəyyən psixoloji layihələr həyata keçiriləcək. Və nəticədə bu gərəksiz aqressiyalardan insanlar qurtulmuş olacaq”.