Təhlükə yaradan Çindir

Böyük siyasi oyunlar indi başlayır

ABŞ dünyanın nizamını dəyişib, rəqiblərinə qarşı yeni cəbhələr açmaq istəyir

“Regionda baş verən hadisələrə, müharibəyə, müharibədən sonrakı proseslərə, Türkiyə Prezidentinin Bakıdakı Paradda iştirakına və orada söylədiyi şeirlə bağlı İranın təpkisinə real izah tapmaq üçün bütün bunlara qlobal yanaşmaq tələb olunur. Prezident İlham Əliyev İranla sərhədimizi dostluq sərhədi adlandırır. Qeyd olunan şeir yüz il əvvəl yazılıb, ancaq indi, məhz Azərbaycanın qələbə paradında özü də, dünyada sözünün çəkisinə görə sayılıb-seçilən liderlərdən biri olan, dediyi fikirlərlə beynəlxalq aləmdə dəfələrlə bomba partlayışı effekti yaradan R.T.Ərdoğan tərəfindən səsləndirilir. Təbii ki, bu ciddi mesaj idi, ancaq hamının fikirləşdiyi kimi sadə məzmunlu mesajın olmadığını düşünürəm”.

Bu fikirləri politoloq Xəyal Bəşirov “Şərq”ə açıqlamasında deyib. Politoloq bildirib ki, hazırkı mərhələdə regionda yeni və daha təhlükəli konfliktin yaranmasına maraq yoxdur:

“Bəs o zaman səbəb nə idi?! Səbəbləri dediyim kimi qlobal siyasətdə axtarmaq lazımdır. Beynəlxalq aləmdə pandemiyadan sonra, baş verən ən önəmli hadisə hansıdır? ABŞ-da prezident seçkiləri. Seçkilərdə Amerika tarixində qalib gələn prezidentliyə ən yaşlı namizəd C.Bayden oldu. Sual ola bilər ki, bunun mövzumuzla nə əlaqəsi var? Var.

Özünün imperialist siyasətinə Trampın dörd illik hakimiyyəti dövründə bəzi dəyişikliklər üçün fasilə verən ABŞ, yeni qlobal siyasi və hərbi əməliyyatlara başlayır. Əsas hədəf isə "iki qoçun başı bir qazanda qaynamaz" prizmasından baxanda hər növbəti gündə ABŞ-a yeni təhlükə yaradan Çindir. Çünki hələ qərbin fatehlərindən biri olan Napoleonun yatmış şir hesab etdiyi Çini oyatmağın vaxtının gəldiyini düşünən ABŞ artıq onu oyadıb. Məhz elə buna görə də, Cozef Baydenlə birlikdə vitse-prezident vəzifəsinə Hindistan əsilli Kamala Harris seçildi. Hindistan əhalisi onların qələbəsini bayram da etmişdi”.

Politoloq əlavə edib ki, bütün bunlar onu deməyə əsas verir ki, növbəti ildən ABŞ-la Hindistan arasında ciddi yaxınlıq gözlənilir:

“Burada ABŞ-ın məqsədi, heç də əhali baxımından Çinlə yarışa girə biləcək yeganə ölkə kimi Hindistanın, böyük bir qismi səfalət içində olan bir milyard yarımlıq əhalisinin güzəranını yaxşılaşdırmaq deyil. Əksinə, məqsəd postpandemiya dövrünə bütün dünya kimi ciddi iqtisadi böhranla daxil olacaq Hindistanın bu vəziyyətindən, elə onun özünün də əzəli rəqiblərindən biri olan Çinə qarşı maksimum istifadə etməkdir. Bütün dünyanı ciddi iqtisadi böhranla üz-üzə qoyan pandemiyadan ən çox zərərə uğrayan da, dünyanın istehsal maşını olan Çindir.

Pandemiya başlanarkən virusun yayılmasında Çinin maraqlı olduğu ilə bağlı informasiyaları yayan qərb ölkələri bunu nə ilə izah edirdilər? Guya ucuz işçi qüvvəsinin çoxluğuna görə, dünyaca məşhur olan bütün brendlərin istehsal müəssisələrinin yerləşdiyi Çində həmin şirkətlərin səhmlərinin qiymətlərində fantastik ucuzlaşma baş verdi. Bundan istifadə edən Çin dövləti çox ucuz qiymətə həmin səhmlərə sahib oldu. Hətta bu iddia real olsa belə, həlli mümkün olmayan problem deyil. Elə ucuz işçi quvvəsinin bol olduğu Hindistana verilən ən böyük vədlərdən biri də, həmin istehsal müəssisələrinin onun ərazisinə köçürülməsi olmazdımı? Bu zaman Çinin əldə etdiyi həmin səhmlər sadəcə kağız parçasından başqa bir şey hesab olunmur”.

X.Bəşirovun sözlərinə görə, ABŞ üçün Çini tərksilah etmək vacibdir:

“Nəyin bahasına olur-olsun İranı və Pakistanı Çinə qarşı ittifaqa cəlb etmək və ya ən pis halda neytrallaşdırmaq lazımdır. Əzəli düşmən olan Rusiya ilə Türkiyənin yaxınlaşmasının əsas sirri də burdadır. Liviyada, Suriyada və hətta cənubi Qafqazda belə müvəqqəti də olsa, maraqların uzlaşdırılmasına nail olmağın da səbəbini bu amillə bağlayıram. Hadisələrin bundan sonrakı gedişatı ilə bağlı mülahizələrimi də qeyd edim. 2020-ci ili dünya üçün cəhənnəmə çevirən pandemiyanın müəllifinin Çin olduğuna nail olan ABŞ, növbəti ildə bu virusun vaksinini hazırlayan və dünyanı şərdən xilas edən xeyir obrazında qəhrəman kimi zühur edəcək. Başqa dövlətlər bu vaksini hazırlamağa nə qədər cəhd etsələr belə, hətta doğru vaksini tapsalar da bunun bir əhəmiyyətinin olacağına inanmıram.

Ən son olaraq qeyd edim ki, bu prosesdə Türkiyənin önəmli missiya daşımasının da spesifik əsasları vardır. İlk öncə Çinlə Türkiyənin yaxınlaşması ehtimalını demək olar ki, istisna edən türk əsilli uyğurlarla bağlı problemdir. Məhz bu amilə görə, Türkiyənin özü də bu məsələdə ciddi olaraq maraqlıdır. Çünki Türkiyənin də hər ehtimala qarşı Asiyanın cənub-qərbindən başlayaraq uzaq şimal-şərq ərazilərinə qədər uzanan türk əsilli xalqlarla bağlı öz planları var.

Pakistanın prosesə cəlb olunması ehtimalı İranın razılığını almaqdan daha real görünür. Çünki hələ Firdovsinin "Şahnamə" əsərində bəhs olunan İran-Turan münasibətlərinin mövcud olduğu dövrlərdən başlayaraq, hətta islamı belə sünni və şiə məzhəblərinə ayırmaqla bu iki qövm barışmaz mövqe nümayiş etdirməkdədir.

İstənilən halda İranın Türkiyənin yer alacağı cəbhənin əks istiqamətində mövqe tutacağını düşünsəm də, siyasətdə istənilən dəyişikliyin baş verə biləcəyini də nəzərə almaq lazımdır. Hazırda İrana edilən təzyiqlərdə və məhz Türkiyənin vasitəsi ilə edilməsində əsas məqsəd də budur. İran Prezidentinin R.T.Ərdoğanın ünvanına söylədiyi müsbət xarakterli fikirləri hələ ki, qeyri-müəyyən olan vəziyyətin əksinə atılmış ilk addım hesab etmək olar. Qalan prosesləri izləməkdən başqa hələ ki, edə biləcəyimiz bir şey yoxdur”.