7 illik işgəncənin sonu...

Əhməd Şahidov: "Bu müddətdə erməni vəhşiliyindən biz danışmışıq, indi də Dilqəm Əsgərov və Şahbaz Quliyev danışır"

"Yerevan hökuməti girovlarımızın 7 il ərzində hüquqlarını pozduğuna görə təzminat ödəməlidir. Məncə, bu məsələni yarımçıq, erməniləri cəzasız qoymaq olmaz" 

Dekabrın 14-dən erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi ilə qarşılıqlı qaytarılmasına başlanılıb. İlk etapda 14 nəfər əsir və girovluqdan azad edilərək Azərbaycana gətirilib. Yenidən doğmalarına qovuşan vətəndaşlarımız arasında 6 ildən çoxdur erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev də var. Ümumən, sentyabrın 27-də başlayan Vətən müharibəsində əsir düşmüş 12 hərbçi azad edilərək ölkəyə gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. Məlumat üçün deyək ki, 12 əsir və girov müqabilində Ermənistan tərəfinə 44 əsir təhvil verilib.

Bütün əsirlərlə yanaşı, 6 ildən sonra Dilqəm və Şahbazın da Azərbaycana gətirilməsi ailə üzvləri ilə yanaşı, ölkə ictimaiyyəti və illərdir girovların azad edilməsi istiqamətində gecə-gündüz çalışan hüquq müdafiəçilərinin də hədsiz sevincinə səbəb olub. 

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə bildirib ki, mülki girovlarımızın azad edilməsi ölkə başçısı İlham Əliyevin dəmir yumruq strategiyasının tərkib hissəsidir. Ekspertin sözlərinə görə, məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin qətiyyəti nəticəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq Vətəndədir:

“Azərbaycan diplomatik sahədə də qələbəsini davam etdirir. Bu, hamımızın sevinci və uğurudur. 7 ildir həsrət və ümidlə bu günü gözləyirdik. 2014-cü ildən məsələ dövlətin diqqətində idi. Cənab Prezident hər zaman girovların qaytarılmasını gündəmdə saxlayıb. Ötən müddət ərzində Minsk qrupu həmsədrləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərliyi ilə görüşlərində, mühüm qlobal forumlarda məsələni qaldırıb.

Paralel olaraq, Xarici İşlər Nazirliyi və müvafiq qurumlar da əlindən gələni edib. Dilqəm və Şahbazın azadlığa qovuşması məsələsi hər zaman medianın da diqqətində olub. Biz də dövlət başçısının mövqeyindən çıxış edərək beynəlxalq təşkilatlar fonunda girovlarımızın azad edilməsi istiqamətində əlimizdən gələni etmişik. Hüquq müdafiəçisi olaraq ATƏT-də, Avropa Şurasında, BMT-nin Cenevrə ofisində dəfələrlə məsələ qaldırmışam, Avropa Parlamentində çıxışlarım olub. Diplomatik müstəvidə bacardığımızı etməyə çalışmışıq”. 

Ə.Şahidov bəyan edib ki, təəssüflər ki, dünyadakı ikili standartlar girovlar məsələsində özünü göstərirdi:

“44 günlük savaş dönəmində Ermənistan tərəfinin həqiqətə uyğun olmayan iddialarını qısa zamanda cavablandıran və Azərbaycana xəbərdarlıq edən Avropa İnsan Haqları Məhkəməsi 7 il ərzində mülki girovlarımızla bağlı heç bir real addım atmadı. Möhtəşəm qələbəmizdən, döyüş meydanında və siyasi müstəvidə əldə etdiyimiz üstünlükdən sonra nəhayət ki, Ermənistan təslim olaraq, rəsmi Bakının gücü ilə barışmalı oldu. 10 noyabr Bəyannaməsinin 8-ci bəndində əsir və girovların qaytarılması da öz əksini tapmışdı.

Yerevan hökuməti son ana qədər Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsindən boyun qaçırırdı. Hökumət yaxşı bilir ki, girovların qaytarılması Yerevana başağrısı olacaq. Erməni cəmiyyətində Dilqəm və Şahbaza nifrət böyükdür. Lakin dövlət başçısının qətiyyəti və dəmir yumruq siyasəti nəticəsində Ermənistan bu məsələdə də Azərbaycanın diktəsinə boyun əymək məcburiyyətində qaldı”. 

Hüquq müdafiəçisi vurğulayıb ki, əgər bu böyük uğurda zərrə qədər iştirakı varsa, buna görə çox xoşbəxtdir:

“Sevincimizin həddi-hüdudu yoxdur. Dilqəm və Şahbaz müəyyən proseduru keçməli, bir müddət karantində qalmalıdırlar. Bir neçə mərhələni keçdikdən və səhhətləri ilə bağlı heç bir problemin olmadığı bəlli olduqda evlərinə, ailələrinin yanına buraxılacaqlar. 6 il biz danışmışıq, inşallah bundan sonra erməni vəhşiliyi ilə bağlı Dilqəm və Şahbaz özləri danışarlar.

Hüquq müdafiəçisi kimi çox istərdim ki, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin 7 il ərzində çəkdikləri işgəncələri, qeyri-qanuni rəftarı, qanunsuz olaraq həbsxanada saxlanmaları ilə bağlı hüquqi prosesi davam etdirək. İşimiz hələ bitməyib. Əgər girovlarımız razı olsalar, Avropa İnsan Haqları Məhkəməsində məsələni yenidən qaldırıb, Ermənistana rəsmi dava aça bilərik.

Yerevan hökuməti girovlarımızın 7 il ərzində hüquqlarını pozduğuna görə təzminat ödəməlidir. Məncə, bu məsələni yarımçıq, erməniləri cəzasız qoymaq olmaz. Erməni iddialarına birdəfəlik son qoyulmalı, Dilqəmlə Şahbazın günahsızlığı beynəlxalq məhkəmədə rəsmən elan olunmalıdır ki, ermənilər öz ittihamlarına son versinlər”.