Yaxşı qonşuluğun əsası qoyulacaq

Ərdoğan Qafqazın gələcək uğurlu modelini bir daha söylədi

Əgər məğlub Ermənistan bölgədəki vəziyyəti düzgün dəyərləndirməyi bacarsa, yeni əməkdaşlıq formalaşar

Ola bilsin, müharibədən dərhal sonra buna nail olmaq asan deyil, zaman lazım olacaq. Amma müəyyən müddət sonra qarşılıqlı anlaşma və müzakirələr mümkündür


Azərbaycanla əzəli və əbədi qardaşlığımızı çəkə bilməyənlərin inadına can qardaşlarımıza dəstəyimizi davam etdirəcəyik”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə görüşündən sonra səsləndirib. Türkiyə lideri Azərbaycanın rəşadətlə əldə etdiyi zəfərdən narahat olan bəzi region dövlətlərini 30 illik bir zülmün başa çatmasının sevincini yaşayan xalqla bu sevinci bölüşməyə dəvət edib. Ərdoğan deyib ki, Türkiyə dost ölkələrlə əməkdaşlığını genişləndirdikcə bəzi hallarda haqsız hücumlara məruz qalır:

“Dostlarımıza hüzurlu bir gələcək qurmaq üçün dəstək göstərərkən, təəssüf ki, haqsız ittihamlara məruz qalırıq. Biz nə qonşuları ilə, nə də hər hansı bir dövlətlə gərginlik yaşanmasını əsla istəyən bir ölkə deyilik. Öz ölkəmizlə birlikdə bütün bölgəmizin və dünyamızın rifahının tərəfindəyik. Amma bu durum ölkə və millət olaraq haqqımızın, hüququmuzun, suverenliyimizin pozulması anlamına gəlməməlidir.

Kimsənin haqqına toxunmadığımız kimi, kimsənin də bizim haqqımıza toxunmasına yol vermədik, verməyəcəyik. Dağlıq Qarabağda yaşananlar ölkəmizin bu qərarlı müqavimətinin nə qədər önəmli olduğunu göstərdi. Türkiyə bir əsr öncə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda olduğu kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”. 

Türkiyə lideri ifadə edib ki, Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb:

“Türkiyə-Azərbaycan keçmişdən gələcəyə sarsılmaz bir körpü inşa edib. İnşallah bundan sonra Qarabağda münaqişə yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, kin-küdurət yerinə yaxşı bir qonşuluğun əsası qoyulacaq”. Xatırladaq ki, Ərdoğan bundan əvvəlki çıxışlarında bir neçə dəfə bölgədə yeni “beşlik”, “altılıq” platformaların yaranmasından, qonşu ölkələrin ortaq fəaliyyətindən bəhs edib. Türkiyə lideri vurğulayıb ki, region dövlətlərinin bir-biri ilə sıx əməkdaşlığı həm bölgəni, həm də ayrı-ayrılıqda həmin ölkələri inkişaf etdirəcək. Ən əsası isə regionda sülh və sabitlik hökm sürəcək. 

Türkiyə liderinin diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Ərdoğanın gündəmə gətirdiyi regional əməkdaşlıq formatları və düşmənçiliyin kənara qoyulması uzunmüddətli gələcək üçün zəruridir. Siyasi şərhçinin sözlərinə görə, bölgəmizdə sabitlik və əmin-amanlıq istəyiriksə, gec-tez ortaq platformalar qurulmalıdır:

“Bunu reallaşdırmaq üçün qonşu dövlətlər bir-birinə ərazi iddiasında olmamalı, başqasının torpağına göz dikməməlidir. Türkiyə və Azərbaycanın vurğuladığı məqam budur. Türkiyə Cümhuriyyətinin quruluşunda “yurdda sülh, dünyada sülh” prinsipi dayanır. Azərbaycan Respublikası da müstəqillik əldə etdiyi gündən etibarən bu prinsipə sadiq olub. Regionumuzda sülhün bərqərar olması üçün əlimizdən gələni etmişik. Bölgədə üçlü formatların birbaşa təşəbbüskarı olmuşuq. Qərb həmişə bizə təzyiq edirdi ki, siz öz ərazinizi ermənilərə güzəştə gedin və bölgədə sülh olsun. Təbii ki, Azərbaycan buna əsla razı ola bilməzdi, ona görə də 44 günlük müharibə ilə öz ərazi bütövlüyümüzü bərpa etdik. Çünki ərazi bütövlüyündən, suverenlikdən qətiyyən güzəşt olmaz. Regional əməkdaşlıq dövlətlərin suverenliyinə hörmət əsasında formalaşmalıdır. Bu da vurğulandığı kimi yeni mərhələ deməkdir”. 

Ekspert bəyan edib ki, Türkiyə hələ 1990-cı illərdə region ölkələrinə nümayəndə heyəti göndərmiş və bölgə ölkələrinin müstəqilliyini tanımışdı. Bütün bu addımlar regional əməkdaşlıq formatı qurmaq, bölgə dövlətlərini birləşdirmək məqsədi güdürdü:

“Əfsuslar olsun ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi və nəinki Azərbaycana, Türkiyəyə qarşı da ərazi iddiası irəli sürdü. Nəticədə Türkiyə Ermənistanla sərhədlərini bağladı. Ondan sonra Ankara hökumətindən bir neçə dəfə təklif olub ki, Ermənistan işğalçılığa son versin, torpaqlarımızı qaytarsın və bununla regional əməkdaşlığa böyük töhfə vermiş olsun. Lakin Yerevan hökuməti bütün dostluq təkliflərini geri çevirdi. İndi reallıqlar başqadır. Əgər məğlub Ermənistan bölgədəki vəziyyəti düzgün dəyərləndirməyi bacarsa, yeni əməkdaşlıq formalaşar və təbii bundan ən çox qazanan elə ermənilər olar. Ola bilsin, müharibədən dərhal sonra buna nail olmaq asan deyil, zaman lazım olacaq. Amma müəyyən müddət sonra qarşılıqlı anlaşma və müzakirələr mümkündür. Dünyada bunun çoxsaylı nümunələri var”.