Hər gün bir dəyərli dostumuzu itiririk

Rəşad Süleymanovun vəfatı bütün media cameəsini üzdü

“Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəşad Süleymanov yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. R.Süleymanov 10 gün əvvəl koronavirus infeksiyasına yoluxubmuş və ev şəraitində müalicə alırmış. 37 yaşlı jurnalist hərbi ekspert kimi də fəaliyyət göstərirdi. O, Azərbaycanda hərb və müdafiə sahəsində ixtisaslaşan azsaylı jurnalistlərdən biri idi. Yüksək peşəkarlığı, istedadı, eyni zamanda gözəl xarakteri ətrafı, tanışları, jurnalistika cameəsində daim yüksək qiymətləndirilirdi. Məhz bu səbəbdən R.Seleymanovun qəfil ölüm xəbəri onu tanıyanları əməlli-başlı məyus edib. Fesybuk sosial şəbəkəsində Rəşad Süleymanovun həmkarları, dost-tanışları acı xəbəri dərin hüznlə qarşılayıb, tanınmış jurnalistlə bağlı xatirələrini, fikirlərini bəyan ediblər. Onların bir neçəsini oxuculara təqdim edirik.

Əflatun Amaşov: “Amansız koronavirus daha bir həmkarımızı sıralarımızdan aldı. Jurnalist Rəşad Süleymanovun vəfatı məni son dərəcə kədərləndirdi. Mərhumun ailə üzvlərinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verirəm. Rəşad istedadı, prinsipiallığı, bacarığı ilə seçilən həmkarlarımızdan idi. Vətən müharibəsi müddətində necə çox çalışdığının şahidiyəm. Tez-tez zəng edib müxtəlif hərbi məsələlərlə bağlı onunla fikir mübadiləsi aparırdım. Sevinirdim ki, ölkəmizdə hərb sahəsini onun kimi bilən, eyni zamanda yüksək vətənpərvərliyi ilə seçilən jurnalistimiz var. Və bü gün. Çox sarsıldım. Allah sənə rəhmət eləsin, Rəşad!”.

Bahəddin Həziyev: “Ay Rəşad, ay Rəşad! Heç səndən gözləməzdim! Amma nə edəsən, əziz qardaş, əziz həmyerlim, əziz dost, məsləkdaş, nə edəsən ki, bu lənətə gəlmiş virus seçməyə başlayıb?! Seçib aparır. Çox çalışqan, çox mərifətli, bizim Qarabağda deyildiyi kimi, ifallı, jurnalist kimi istedadlı, insan kimi insan! Heyf! Ağrımı, üzüntümü ifadə edəcək bir söz tapa bilmirəm... Allah rəhmətini əskik etməsin!”.

Aqil Ələsgər: “Ən son Füzulidən gələndə zəng etmişdi. “Sənin Xələfşənə getdim, gördüm” demişdi. Xeyli zarafatlamışdıq. Elə Füzulinin işğaldan azad olma xəbərini də həyətdə bizə o vermişdi. Rəşad haqqında keçmiş zamanda yazmaq insanı bir başqa ağrıdır. Rəşad jurnalistikamızın, xüsusilə, nəcməddinlərə rəğmən öz gücünə ayaqda qalan hərbi jurnalistikanın böyük itkisidir. Rəşad, vaxtsız gedişinlə hamımızı incitdin, ağrıtdın... İnan ki, normal başsağlığı yazmağa da adamın əli gəlmir. Beyin qəbul etsə də, ürək qəbul etmir yoxluğunu...
Axı o torpaqlara birlikdə gedəcəkdik”. 

Vüsalə Mahirqızı:

“Parad günü xeyli yazışdıq burda. Heç nəyi yox idi. Ondan bir-iki gün əvvəl danışdıq. İşğaldan azad olunmuş ərazilərə getməklə bağlı...
Bu nədi axı?”. 

Anar Burcəliyev: “Hər gün bir dəyərli dostumuzu itiririk. Dəyərli dostumuz Rəşad Süleymanovun vəfatı xəbəri məni də dərindən sarsıtdı. Başdan-ayağa vətən sevgisi ilə yoğrulmuş gözəl insan... Sənin yoxluğun Azərbaycan hərbi jurnalistikası üçün çox ağır itkidir. Məqamın cənnət olsun qardaş!”.

Əziz Əlibəyli: “Baxırsan, dünən telefonda danışdığın, yolda rast gəlib görüşdüyün, sevincinə təbrikini qol-qanad edən, "Abi, salam. Necəsən?" deyənin sabah ayılırsan ki, yoxdur, gedir insanlar bir-bir. Barı kimsənin qəlbinə dəymədən ölsəydik. Allah rəhmət eləsin, nə deyəsən”.

Elməddin Muradlı: “Çox pis təsir elədi. Cəbhəyə yardımlar, dərmanlar daşıyırdıq. Xeyli işimiz var idi. O yurdlara qayıdacaqdır. Rəhmət diləyirəm Rəşada”.

Ülkər Qasımova: “Rəşad... Sənin haqqında keçmiş zamanda danışmaq istəmirəm, danışmayacam da. Yenə çətinə düşəndə tez səni yığacam, uzun-uzun başa salacaqsan məni. Fakültədə də Vətən sevginlə, torpağa bağlılığınla hamımızı heyrətləndirirdin. 3-cü kursda dərsə gələndə gördük Rəşad yoxdur, dedilər Rəşad Süleymanov təhsilini dondurub əsgərliyə gedib. Ay Rəşad... Sonra qayıtdı 1 il aşağı kursda təhsilini davam etdirdi. O qədər ruhun, mənəviyyatın geniş idi sənin, ay Rəşad. Mən sənin kimi qardaşı necə tapacam? 10 gündə sənə xəstəxanada yer tapılmadı? Bir çarpayı, nəfəs aparatı tapılmadı sənə? Sən necə əziyyətlərə dözmüşdün, bu virus onların yanında nə idi ki... İçim soyumur, səsin qulağımdan getmir. Kaş dünən zəng edərdim sənə”.

Ramil Məmmədli: “Bizi qoydun getdin qardaş... Suallar qarşısında aciz qalmışam Rəşad Süleymanov... Dayanmışam evinin önündə, gəl həmişəki kimi söhbət edək... Kaş yalan olaydı bu xəbər...”