Koronavirus zarafatı sevmir

Şahbaz Xuduoğlu başına gələnləri detallarına qədər yazdı

"Bir an özünüzü rinqdə hiss edin. Səhlənkar olsanız, rəqibiniz zəif yerinizdən vurub məhv edəcək"

Həkim infeksionist: "Tövsiyəm budur ki, əgər yüngül temperaturunuz varsa, həkimin gəlişini gözləmədən ərazi üzrə poliklinikaya gedin, lakin təngnəfəsliyiniz varsa, özünüzü ağır hiss edirsinizsə, təcili yardıma çağırış edin"


“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu, təəssüf ki, koronavirusa yoluxduğuna dair sosial şəbəkədə status paylaşıb. Şahbaz bəyin yazdıqları koronavirus dəhşətini anlamaq üçün artıq yetərlidir, bizcə. Hələ də virusun varlığına inanmayan, ya da inansa da, özünü “sındırmayıb”, qaydalara əməl etməyi gözardı edənlər yazılanlardan nəticə çıxarsalar yaxşıdı. 

“İşdə hiss etdim ki, qızdırmam var,  termometr gətirdilər,  37.3 göstərdi. İstiliksalan dərman içdim; ilıq suya “Nemisil” qatıb içdim, dalınca “Parasetamol” və “Ampisillin” həbləri. Ardıcıl bir neçə stəkan çay. Mürəbbə ilə... Növbəti gün işə gəlmədim. Kürəyimdə və bədənimdə ağrılar əmələ gəldi. Halsızlaşdım. Heç nə etməyə həvəs olmadı. Dadbilmə və qoxubilməmi yoxladım. Məncə dəyişən bir şey baş verməmişdi. Hər səhər tezdən 6-da bir saat parkda qaçan adam indi sadəcə uzanıb tənbəlliyinə tamaşa edirdi. 

Səhərlər kök, alma, bal, boranı çəkib şirəsini içirəm. Demək olar, hər gün bu reseptimə əməl edirəm və mürəbbəli çayı da əlimdən qoymuram. 
İştahamda dəyişiklik olmayıb. Sadəcə bir səhər şirə içəndə gördüm ki, dadbilməm itib. Bu bir az həyəcanlı məsələdi. Ən kəskin dadlar belə yox olmuşdu, sarımsaq yedim, onun dadı qalmışdı. 

3 gündən sonra qızdırmam itib-getdi. Amma bəzən geri döndüyünü hiss edirdim. Qızdırma da aldadıcı olur; gedir, gəlir. 
Evdə qaldığım günün axşamı təcili yardım gəldi. 3 tibb işçisi gəlmişdi, boğazdan yaxma götürdülər. Elə həmin axşam müalicəyə başladıq, əlamətlərdən COVİD-ə bənzəyirdi; istilik var, bir də halsızlıq, həm də bədən ağrıları. 
Təcilli yardım komandasında gələn biri çox təcrübəli və qayğıkeş insan idi, dərmanların siyahısını verdi, "ziyanı yoxdur, nəticəni gözləmədən qəbul edin". 

Aptekə gedib onları aldım. 380 manat etdi, amma dərmanların hamısı deyildi.
İlk resepti sizə təqdim edirəm. 
Azitromisin 500 mg gündə 1 dəfə, 3 gün
Zinkorot 25 mg gündə 1 dəfə
Vit C 1000 mg gündə 3 dəfə
Arbidol 200 mg gündə 3 dəfə
Kardiomagnil 150 mg gündə1 dəfə
Selen 1 tab gündə 1 dəfə
Maqnerot 1 tab gündə 1 dəfə
Tamiflu 1 tab gündə 1 dəfə.
Deksametazon gündə 1 ampula sistemlə birlikdə,
Sistem olaraq Pascorbini və Dematon T
Nacl 200 mg,  sistem şlanqı
Devitor 8 damcı

Elə o axşam atma dərmanlara başladım. 
Gündəlik iynə və sistemlər üçün evə gələn tibb bacısı tapmaq müşkül məsələyə çevrilsə də, bir dostun sayəsində o da həll olundu. 
Növbəti gün axşam telefona sms gəldi, nəticə pozitiv idi. 

Bir gecə yuxum qaçdı. Havasız bir durumda, boş fəzada məqsədsiz dolanan yarpaq kimiydim. Havam çatışmadı. Bunun necə olduğunu hiss etmədim. Naməlum bir güc məni balkona çıxardı. Orda gecənin mübhəm çağında, sakit və sərin havanı var gücümlə içimə aldım. Dərin öskürək tutdu. Xəstələndiyim vaxtdan ilk dəfə belə güclü öskürək yaşadım. Ciyərlərimin dibində məskunlaşmış hansısa düyünün açıldığını duydum. Bir neçə nəfəs hərəkətləri etməyə davam etdim. Artıq nəfəsim maneəsiz hərəkət edirdi. Hətta nəfəsimi buraxmasam belə içəridə heç bir qıcıq yaratmırdı. Gözlərimdən yaş gəldi. Görünür, öskürəyin təsiri idi. 
O gecə rahat yatdım…” 

Ş.Xuduoğlu həkimin məsləhəti ilə “KT” etdirib və ağ ciyərində 15 faiz buzlaşma müəyyən olunub.  

Qan analizləri də verib. Sistemlər, iynələr bitənə qədər evdən çıxmayıb. “Dərmanları və ərzağı dostlar və qohumlar alırdı. Onlar da qapıda qoyub gedirdilər. Belə başa düşdüm ki, Covid müalicəsi çox bahalıdır. Üst-üstə toplayanda 1500 manatdan çox xərc çıxdı. Əgər tanışlar və qohumlar olmasaydı, vəziyyət çox gərgin ola bilərdi. İndi aptekə girəndə demək olar ki, əksəriyyət o dərmanları soruşur. Onlar da yoxdur. Kleksanı bir tanışa alıb göndərdim, bir iynəsi 70 manat, özüm üçün alanda isə bu 17 manat idi. Qanda qatılaşmanın qarşısını alır. Əsas dərmanlardan biri Arbidol ümumiyyətlə apteklərdə yoxdur. Arbidolun əvəzinə indi Faverprovir təklif edirlər. Onun qiyməti bir ay əvvəl 250 manat idi, indi isə 500 manatdır. Türkiyədə bu dərman reseptlə verilir, bizdə isə reseptsiz.

Xəstə olduğum müddətdə iki dəfə qanunu pozaraq evi tərk etdim, həkim müayinəsi üçün. Təcili yardım çağırmaq real deyildi, halımı soruşmağa zəng edən dövlət qulluqçuları da "görək nə edə bilirik" - deyib qeybə çəkildilər. 
Bu məsələni qadağa qoymaq, yaxud cəza verməklə nizama salmaq olmaz. Qanun ən köməksiz və kimsəsiz insanların halını göz önünə gətirərək qəbul edilməlidir.  
Tövsiyələrim; dünyada sizi sevən və sizin sevdiyiniz kimsə varsa, bura övladlar və yaxınlar aid olur, onda covid sizə qələbə çala bilməz.
2. Qrip əlaməti varsa, mütləq həkimə müraciət edin.
3. Həkimlə bütün halınızı paylaşın, yazılan dərmanları vaxtında qəbul edin. 
4. COVİD-19 zarafatı sevmir. Bir an özünüzü rinqdə hiss edin. Səhlənkar olsanız, rəqibiniz zəif yerinizdən vurub məhv edəcək.
5. Özünüz dərhal hərəkət edin, dost-tanışların köməyini istəyin, çəkinməyin.

Ş.Xuduoğlunun paylaşdıqları eyni zamanda evdə müalicənin problemlərini də göstərir. Buna qarşı hansı tədbirlər görülə bilər?  
Həkim infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, statusda qeyd olunan dərman preparatları COVİD-19 müalicəsinin protokoluna daxildir. TƏBİB-in protokolunda da bunlar var. Sadəcə, “Tamiflyu” artıq görünür. “Deksametozon” preparatı isə COVİD-19-la yanaşı pnevmoniya da varsa, istifadə edilməlidir: 

- Burada iki məsələ var: ambulator müalicə və stasionar müalicə. Ambulator – evdə müalicə səhiyyənin yükünü azaldır. Hamımız artıq bilirik ki, həkim çatışmazlığı yaşanır, bütün yoluxanların xəstəxanalara yerləşdirilməsi mümkün deyil. Yalnız ağır xəstələr stasionar müalicəyə alınır. Gün ərzində 30-40 müraciət olursa, 20 nəfərdən 1-i stasionara yerləşdirilir. Protokol qaydasında belədir ki, xəstənin saturasiyası 90-dan aşağı, tənəffüs sayı isə 30-dan yuxarıdırsa, o, ağır xəstə sayılır. Ancaq əlbəttə ki, xəstə özü bunları müəyyənləşdirə bilməz. Bunu ancaq həkim edə bilir. Tövsiyəm budur ki, əgər yüngül temperaturunuz varsa (COVİD-də yüksək temperatur adətən olmur), həkimin gəlişini gözləmədən ərazi üzrə poliklinikaya gedin, lakin təngnəfəsliyiniz varsa, özünüzü ağır hiss edirsinizsə, təcili yardıma çağırış edin.