Ermənistan Kremlin “orbit”indən çıxmaq istəyir: "Rusiya zəifləyib !"

“Ermənilər Rusiyanın zəifləməsini istyəyirlər”

“Nəhayət, 200 ildən sonra Türkiyə Qafqaza daxil oldu”

“Regionda Rusiya və Ermənistan tərəfindən hər hansı bir təhlükə olarsa, mütləq bu fakta diqqət çəkiləcək”


Rusiyanın “english.pravda.ru” saytında dərc olunan “Ermənistan ya Rusiya ilə addımlayır, ya da milli fəlakətin uçurumuna yuvarlanır” başlıqlı məqalədə maraqlı məqamlara toxunulub. İnna Novikovanın qələmə aldığı yazıda bildirilir ki, Ermənistan ancaq və ancaq Rusiyanın yanında olmalıdır, olmasa, Ermənistan məhv olacaq. Lakin Ermənistanın başqa bir seçimi var. Bu variantı Baş nazir Nikol Paşinyan özü açıq şəkildə dilə gətirib: “Türkiyə və Azərbaycanla münasibətlərimizi yaxşılaşdırmalıyıq”.

Maraqlıdır ki, bu məqalə Paşinyanın sözügedən bəyanatından dərhal sonra ortaya çıxıb. Rusiya bütün varlığı ilə Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşmasına qarşıdır. Çünki bu yaxınlaşma Rusiyanın Cənubi Qafqazla birdəfəlik vidalaşması anlamına gəlir. Moskvanın istədiyi odur ki, hər iki ölkə Dağlıq Qarabağa görə bir-biri ilə sonsuzluğa qədər düşmən olaraq qalsın. Beləliklə, Rusiya həm Ermənistana, həm də Azərbaycana qarşı təzyiq mexanizminə sahib olsun. 

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Nikol Paşinyanın verdiyi açıqlamanın nəyə hesablandığı barədə “Sherg.az”a danışıb.
Partiya sədri bildirib ki, erməni səmimiyyətinə inanmaq mümkün deyil:

“Onların nə dərəcədə “səmimi” olduğunun hər zaman şahidi olmuşuq. Fikrimcə, Paşinyan Ermənistanın gələcəyi və taleyi ilə bağlı bir qədər rasional düşündüyü üçün belə açıqlama verir. Ona görə də bu açıqlamada səmimiyyətdən söhbət gedə bilməz.

Ümumiyyətlə, Rusiyanın regionda zəiflədiyi bəllidir. Nəhayət, 200 ildən sonra Türkiyə Qafqaza daxil oldu. Regionda Rusiya və Ermənistan tərəfindən hər hansı bir təhlükə olarsa, mütləq bu fakta diqqət çəkiləcək”.

A.Əsədli vurğulayıb ki, ermənilər Rusiyanın zəifləməsini istyəyirlər:

“Paşinyan düşünür ki, gələcəkdə Cənubi Qafqazda yer almaq üçün səsləndirdiyi çağırışa sığınsın. Lakin onun söylədikləri başdan- ayağa irrasional açıqlamadır. 44 günlük savaşda yaşananlar hələ də gözümüzün önündədir. Ermənistan ordusu ilə bağlı miflər darmadağın oldu. Ermənilər öz havadarlarının-Fransa, hətta Rusiyanın regiondakı proseslərdə hansı gücə nail olduqlarını və nəticənin nə olduğunu hər kəsdən yaxşı bilirlər. Paşinyan isə sabah tamam başqa cür ifadələr səsləndirə bilər. Ona görə də onun söylədiklərinə etibar etmək mümkün deyil”.