Qəhrəman jurnalistin doğum günüdür: Salatın yolu ! - VİDEO

O, vətənin dar məqamında döyüşlərin ən qızğın olduğu yerə, cəbhə bölgəsinə yollanıb

Ailəsi və iş yoldaşları dəfələrlə ondan nigaran qaldığı üçün Salatının cəbhəyə getməsinin qarşısını almaq istəyirdilər

Lakin o xalqı belə bir zamanda məlumatsız qoymamaq üçün birbaşa döyüş bölgəsinə yola düşür


Bu gün onun anadan olduğu gündür.  Azərbaycanın ilk şəhid qadın jurnalisti olan Salatın Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda anadan olub. 1979-cu ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi başa vurduqdan sonra elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və təhsilini geofizika ixtisası üzrə davam etdirib.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Jurnalist ixtisasına olan sevgisi onun yolunu bu peşədən salıb. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb.

O, vətənin dar məqamında döyüşlərin ən qızğın olduğu yerə, cəbhə bölgəsinə yollanıb. Ailəsi və iş yoldaşları dəfələrlə ondan nigaran qaldığı üçün Salatının cəbhəyə getməsinin qarşısını almaq istəyirdilər.

Lakin o bütün bunlara baxmayaraq öz peşəsinin layiqli şəkildə davam etdirir. Xalqı belə bir zamanda məlumatsız qoymamaq üçün birbaşa döyüş bölgəsinə yola düşür.

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.

Vətənin igid qızı olan Salatın 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında düşmən gülləsinə tuş gəlib. 1992-ci il noyabrın 6-da Salatın Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib və Şəhidlər Xiyabanında dəfn edilib. 
Allah rəhmət eləsin !



AYTAC ALİ