Türk professor: “ABŞ NATO-nun birlik sisteminə zərbə vurur”

“Bizim sanksiyalar qarşısında məğlub olmaq, NATO üzvlüyündən çıxmaq kimi bir niyyətimiz yoxdur”

“Özünü təhdid altında görən hər bir ölkə müdafiə üçün lazımi silahları ala bilər”

“Bu baxımdan, Türkiyənin Rusiyadan S-400 sistemini alması təbiidir”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya qərarına sərt reaksiya verib. “Haber Global”ın məlumatına görə, bu barədə o, Niğde-Ankara Şosse yolunun açılış mərasimində danışıb:

“Bu sanksiyalar NATO üzvü olaraq ilk dəfə ölkəmizə tətbiq edilib. Bu necə ittifaqdır? Bu necə müttəfiqlikdir? Bu qərar ölkəmizin suveren hüquqlarına açıq bir hücumdur. Qərarın səbəbi nədir? Səbəb Türkiyənin Rusiyanın S-400 hava müdafiə sistemini almasıdır. Bəs Türkiyə niyə bu yola üz tutdu? ABŞ uzun zamandır əlindəki hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satılmasına icazə verməyib. Bundan başqa Türkiyə “F-35” təyyarəsinin minə yaxın hissəsini istehsal edir və ABŞ-a verir. Bu sistemləri əldə etmək istədiyimiz şərtlərə cavab verməyən ABŞ Senatdakı maneələrdən əlavə, ehtiyaclarımızı başqa bir yerdən qarşıladığımız üçün sanksiya tətbiq etdi.

Qarşımızda duran tək yol isə Türkiyənin S-400 sistemini almasıdır. Və bu sistemin heç bir texniki açıqlama verilməyən “F-35”-lər üçün, pulun böyük bir hissəsini verəcəyimiz halda, təhdid təşkil edən iddiaları sadəcə bəhanədən ibarətdir. Əsas məqsəd ölkəmizin son zamanlarda müdafiə sənayesində başlatdığı nailiyyətləri əngəlləyərək bizi yenidən onlardan tamamilə asılı vəziyyətə salmaqdır. Üstəlik, bunu öz hesabatlarında açıq şəkildə bildirirlər”.

Tarixən ayrı-ayrı dünya dövlətlərinin Türkiyəyə meydan oxuma cəhdləri məlumdur. Amma qardaşımız hansı sınaqlardan çıxmadı, kimlərlə kəllə-kəlləyə gəlmədi ki? Yəni bu cür təzyiqlər də nə bizi, nə də rəsmi Ankaranı qorxudar. 

Türkiyənin İstanbul universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yaşar Onay  bu təzyiqləri “Sherg.az”a şərh edib:

“ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları həm iki ölkənin dostluq münasibətlərinə, həm də NATO-nun birlik sisteminin ruhuna böyük ziyan verib. Özünü təhdid altında görən hər bir ölkə müdafiə üçün lazımi silahları ala bilər. Bu baxımdan, Türkiyənin Rusiyadan S-400 sistemini alması təbiidir. Bir az əvvəl də Yunanıstandan S-300-ü almışdıq. Deməyim odur ki, bu düşməncə davranışın izahı yoxdur. Türkiyə- ABŞ münasibətləri onsuz da xeyli müddətdir, yaxşı deyil. Suriyada, İraqda, Şərqi Aralıq dənizinda iki ölkə arasında ciddi problemlər var. Yəni ABŞ-ın  bu reaksiyasını Türkiyə unutmaz. İndi yeni dövlət qurulur və Türkiyə orada yer alır. Bizim sanksiyalar qarşısında məğlub olmaq, NATO üzvlüyündən çıxmaq kimi bir niyyətimiz yoxdur. Türkiyə güclüdür və özümüzdən başqa heç kimə güvənimiz yoxdur”.