BDU önündə nostlalji hisslər...

Dünən bir məsələ ilə bağlı dörd il bakalavr təhsili aldığım və hazırda magistrantı olduğum doğma Bakı Dövlət Universitetinə(BDU) getdim. Mühafizə əməkdaşına yaxınlaşdım, nə qədər elədimsə də, məni içəri buraxmadı. Düz dörd il rahatlıqla və əminliklə, sadəcə tələbə biletimi göstərərək qapısından içəri keçirdiyim ali məktəbin mühafizə əməkdaşları məni tanısalar da, bu dəfə “Olmaz” dedilər. Məcbur qalıb çöldə gözlədim və hündür “barmaqlıqların” o tərəfinə- mənimlə “üzbəüz” olan iki saylı korpusun üçüncü mərtəbəsinə- Jurnalistika fakültəsinə gözümü zillədim. Bəli, sözün əsl mənasında zillədim. İndi bom-boş olacağından, dəhlizdən, auditoriyalardan “çıt” səsinin də gəlməyəcəyindən o qədər əmin idim ki...Ən yaxşı halda bir neçə müəllim kafedrada və ya otağında oturub öz işi ilə məşğul ola bilərdi. Amma, çox güman, tələbələri təlaşa salan, bəzən də sevindirən, bir çoxları üçün, belə demək mümkünsə, “dosta zəng” funksiyasını yerinə yetirən zəng səsi də heç çalınmır. Özü də neçə aydan bəri...


Koronavirus pandemiyası elə arzuolunmaz bir vəziyyət yaratdı ki, universitetimizə, fakültəmizə- ikinci ailəmizə də həsrət qaldıq. Düzdür, dərslərimiz davam edir. Müəllimlərimiz yenə həmişəki məsuliyyətlə mühazirələrini keçir və tələbkarlıqla seminarları soruşurlar. Tədricən yeni sistemə öyrəşirik. Necə deyərlər, dostlaşmağa çalışırıq. Əslində əvvəlki günlərə nə vaxt qayıdacağımızı bilmədiyimiz bir məqamda bundan savayı yolumuz da yoxdur. Amma inanın, müntəzəm olaraq hər gün eyni yolu gedən, eyni adamların əhatəsində olan, oxşar günlər keçirən adam üçün bu ayrılıq çox çətindir. Ən azından ona görə ki, dərsin bu dəqiqə başlayacağı, müəllimin auditoriyaya daxil olacağı həyəcanı ilə metrostansiyanın ekskalatorunda digər sərnişinlərdən üzr istəyə-istəyə sürətlə yuxarı qalxmırsan, mühafizə əməkdaşlarına təbəssümlə salam verib, özünü evindən çıxıb evinə gəlmiş kimi hiss etmirsən, müəllim mühazirə oxuyanda sözləri hətta lüğətdə belə, göstərilməmiş “ixtisarlarla” tələm-tələsik yazmırsan, seminara çağırılanda “beş dəqiqəyə təkrarlayıram, gəlirəm” demirsən, tənəffüsdə aşağı düşüb təmiz hava almırsan...

Universitetimə baxa-baxa düşündüm bütün bunları. Və qarşısında dayandığım müqəddəs məkandan ötrü necə darıxdığımı bir daha anladım. Kaş yenə növbətçilər dəhlizdə sakitlik yaratmağa çalışar, bir qıraqda iki-iki, üç-üç söhbət edən  tələbələri ya dərsə, ya da aşağı göndərəydilər. Həmin anlarda dekanımız Vüqar müəllim fakültəyə daxil olar və tələbələrlə səmimi görüşə-görüşə otağına doğru addımlayaydı...Könül xanım öz sadiq qəzetçiləriylə “Jurnalist”in növbəti nömrəsini müzakirə edəydi...Qocaman müəllimlərimizdən biri olan Mahmud müəllim qəzet laboratoriyasında bir qrup gənci başına yığın onlara “Nəşriyyat işi”ndən danışar, hərdən bir də böyük kimi “Ay qızım”, “Ay oğul” xitabları ilə başlayan nəsihətləri verəydi. Afaq xanım tələbələrə lazımi qəzetləri tapmağa kömək edəydi...

Digər dekan müavinimiz Samir Xalidoğlu adəti üzrə əlində sənədlərlə, jurnalla dəhliz boyu harasa- ya dərsə, ya dekanlığa...tələsəydi.  307-ci auditoriyadan tanınmış mətbuat tarixçisi professor Nəsiman Yaqublunun gur səsi gələydi...Və mən dərs bitən kimi özümə doğma bildiyim “Yeni media və kommunikasiya nəzəriyyələri” kafedrasına gedəydim. Kafedra müdiri professor Cahangir Məmmədli həmin anlarda dərsi olmayan kafedra müəllimlərinin bir qismi, o cümlədən professor Alxan Bayramoğlu, dosent Zaur Babayev, baş müəllim Mirakif Babayev, müəllimlər Osman Gündüz, Esmira Rövşənova...ilə birlikdə nəyisə müzakirə edəydi. Qapını döyüb içəri girən andaca Cahangir müəllim adəti üzrə “Dədə, gəl” deyər və oturmaq üçün yer göstərəydi...

10- 15 dəqiqə sonra kafedradan çıxanda dəhlizdə “Milli mətbuat tarixi” kafedrasının dosenti Aygün Əzimovanın yoldaşlarımıza Üzeyir Hacıbəyovun “Bir qədər qəzetəcilik dərsi” məqaləsindən danışdığını görəydim. Məni görcək yanına çağıraydı...

Vaxtı ilə müvafiq olaraq dekan və dekan müavinləri vəzifələrində çalışmış hörmətli müəllimlərimiz Akif Rüstəmovla Əli Hacıyevin birinci kurs tələbələri haqqındakı müzakirələrinə Türkiyə türkcəsində deyildiyi kimi, qulaq misafiri olaydım. Elə bu vaxt böyük ədib Qılman İlkinin oğlu və layiqli davamçısı Ayaz Musayev əlində portfellə auditoriyaların birindən çıxaydı. Görüşüb, hal-əhval tutaydıq.
...Studiya müdirimiz Ramin Rzayev arada zəng edər və aparıcısı olduğum “İdmançı” verilişinin növbəti efirinin montajı üçün imkan olan kimi studiyaya qalxmağımı deyəydi.

...Radio jurnalistikadan dərs demiş müəllimlərim Aynur Nəsirova ilə Güney Fridunbəyova çənə aparatımın işləməsindən ötrü usanmadan məsləhətlər verər, yol göstərəydilər.

Təyin olunan kollekviuma cavab verməkdən ötrü ikinci mərtəbədəki “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasına düşər, professor Sabir Məmmədli ilə üzbəüz oturub, suallarına cavab verəydim. Kafedra müdiri professor Həmid Vəliyev həmin anlarda dərsə hazırlaşar, professor Nəsir Əhmədli isə nə isə qeydlər aparaydı.

Üçüncü mərtəbəyə geri qayıdanda elmi işlər üzrə dekan müavini Sevinc Əliyevanın dərs prosesində redaktələr etməkdən ötrü əlində bir qalaq qəzetlə 300-cü auditoriyaya getdiyini görə və özümü ondan tez dərsə çatdırmağa tələsəydim.

...Bir də baxaydım ki, “Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri, xarizmatik görkəmi ilə seçilən professor Allahverdi Məmmədli şux görkəmilə, təmkinlə auditoriyaya girərək, “Salam!” deyib dərsə başlayır.

...Həmişə səmimiyyəti ilə fərqlənən professor Qulu Məhərrəmlinin başına yığılmış tələbələrlə zarafatlarının şahidi olaydım...
...Fakültədən çıxana yaxın isə o zaman o qədər də yaxşı tanımadığım, fəqət sonradan müəllim kimi bir çox müsbət keyfiyyətlərini “kəşf etdiyim” Ellada xanımla salamlaşaydıq. Beləliklə, sabah bu doğma odacağa yenidən qayıtmaq ümidilə fakültəmi, universitetimi tərk edəydim...

Təəssüf, xeyli vaxtdır bunların heç biri olmur. Müəllimlərimizin, demək olar, heç birini görmürəm. Amma hiss edirəm: onların da tələbələri üçün darıxdıqlarını. Distant dərs prosesində bu nostalji duyğuları bir-birimizə hiss etdirməməyə çalışırıq. Dünyanın axırı deyil ki...Ancaq dərs bitəndən dərhal sonra telefonda müəllimlə danışanda başa düşürsən ki, narahat olmağa haqqın var.

...Lakin nə olur-olsun, hansısa gözlənilməzliyin BDU-nun müəllim-tələbə münasibətlərinə xələl gətirəcəyini düşünmürəm. Əksinə, mən Vətən müharibəsi dövründə onların- yuxarıda adlarını çəkdiyim müəllimlərimlə yanaşı, sevimli pedaqoqlarımız- Rəhilə Kəsəmənlinin, Məhəmmədismayıl Mehdiyevin, Qərənfil Dünyəminqızının, Qərənfil Xəlilovanın...və digərlərinin vətənpərvərliyinin, informasiya siyasətinin həyata keçirilməsindəki peşəkarlıqların növbəti dəfə şahidi oldum və onlarla fəxr etdim. Nə yaxşı ki, sizin tələbəniz, yetirmənizəm.

Ən yaxın zamanda BDU-nun Şuşada açılan filialında görüşənədək...

Kənan Novruzov, BDU, Jurnalistika fakültəsinin magistrantı