"İndi əsas məsələ azərbaycanlıları Xankəndinə qaytarmaqdır"

"Hər kəs, xüsusilə sülhməramlılar öz vəzifə və səlahiyyətlərini dəqiq icra etməli və onlara verilən mandatdan kənara çıxmamalıdır"

“Xocavənd rayonunda qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi və bu əməliyyatın əsasən Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılaraq anti-terror əməliyyatı kimi dəyərləndirilməsini çox doğru hesab edirəm və alqışlayıram. Təqdirəlayiq haldır ki, uğurlu əməliyyat nəticəsində 100-dən çox erməni silahlıları tərk-silah edilib və müqavimət göstərilənlərə qarşı adekvat tədbirlər görülüb. Dağlıq Qarabağda yaşayan dinc erməni sakinlərlə heç kimin işi yoxdu, onlar Azərbaycanın vətəndaşları kimi “dinc” olduğu müddətcə qalıb yaşaya bilərlər. Bu adamların təhlükəsizliyinə və hüquqlarının təminatına ən ali səviyyədə təminat verilib.

Ancaq kimsə əlinə silah alıb bizim əsgərimizə və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarına xəsarət yetirməyə qalxarsa, o zaman həmin şəxslərə qanunun sərt dili ilə cavab veriləcək”.

Bu sözləri Milli Məclisin deputatı Azay Quliyev “Şərq”ə açıqlamasında deyib. Deputat vurğulayıb ki, hamı bilməlidir ki, Dağlıq Qarabağda bu cür qanunsuz silahlılar bizim üçün terror təhdidi yaradır və terrorçulara münasibətdə başqa ölkələr hansı addımlar atırsa, biz də eyni addımları atacağıq:

“Konkret olaraq həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 (“Terrorçuluq”), 228 (“Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə”), 279 (“Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma”) və digər müvafiq maddələrinə uyğun şəkildə cəzalandırılacaq. Bu işə heç kim müdaxilə edə və Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə təhlükə törədən bu terrorçuların və ya qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə mane ola bilməz. Bu baxımdan hesab edirəm ki, hər kəs, xüsusilə sülhməramlılar öz vəzifə və səlahiyyətlərini dəqiq icra etməli və onlara verilən mandatdan kənara çıxmamalıdır”.

A.Quliyev vurğulayıb ki, indi qarşımızda duran ən mühüm vəzifələrdən biri azərbaycanlıların tezliklə Xankəndinə, Xocalıya, Əsgərana və Ağdərəyə qayıtması üçün bu ərazilərin 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni silahlı dəstələrindən tam təmizlənməsi və soydaşlarımızın təhlükəsiz şəkildə bu ərazilərə qayıtmaları üçün hazırlıq işlərinə başlamaqdan ibarətdir:

“Əlbəttə, biz istərdik ki, bu mərhələ sülh yolu ilə tezliklə öz həllini tapsın və gələcəkdə hər hansı anti-terror əməliyyatlarına da ehtiyac qalmasın. Əgər ermənilər anti-terror əməliyyatlarının davam olunmasını istəmirlərsə, o zaman bütün qanunsuz silahlı birləşmələr Azərbaycanı tərk etməli, onların arasında bizim vətəndaşlar varsa, tərk-silah olunub mülki həyata qayıtmalıdırlar. Bu baxımdan Türkiyə silahlı qüvvələrinin birbaşa iştirakı ilə 10 noyabr sazişinin icrasına nəzarəti həyata keçirəcək Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlaması olduqca önəmlidir və bunun prosesin sürətlənməsinə ciddi təkan verəcəyi şübhə doğurmur. Əminəm ki, o qədər də sadə olmayan bu mərhələni də cənab Prezidentin uzaqgörən siyasəti və qətiyyəti ilə uğurla başa çatdıra biləcəyik. Lakin onu da bilməliyik ki, bu həssas mərhələdə prinsipial olduğumuz kimi, həm də soyuqqanlı, təxribatlara uymadan tədbirli davranmalıyıq ki, gözlənilməz situasiyalarla üzləşməyək”.