Paşinyan da təslim olub, ölkəsi də

Ermənistan dövlət sərhədlərindən tutmuş hər yeri artıq Rusiyaya həvalə edib

“Ermənistanda İlham Əliyevlə danışıqlarda vəziyyətin bizim xeyrimizə dəyişməsinə nail ola biləcək siyasətçi yoxdur”. Bunu Ermənistanın keçmiş baş naziri Aram Sərkisyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

Sarkisyan bildirib ki, bir müddət danışıqlar Rusiya vasitəsilə aparılacaq: “Bir il ərzində Bakı ilə birbaşa danışıqlar aparılmayacaq. Bütün məsələlər Moskva vasitəsilə həll olunacaq. Ermənistanda seçkilər keçirilsə də, müvəqqəti deyil, daimi danışıqlar apara biləcək şəxs təyin olunmalıdır”.

Mövzuya münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında qeyd edib ki, bu, Ermənistanın Rusiyanın forpostu, yəni qeyri-rəsmi muxtar respublikası olması deməkdir. Politoloq bildirib ki, onsuz da Ermənistan müharibədən sonra bütün mövqelərini Rusiyaya təhvil verib:

“Demək olar ki, Ermənistan dövlət sərhədlərindən tutmuş hər yeri artıq Rusiyaya həvalə edib. Bunu açıq şəkildə Paşinyan da, digər rəsmilər də bəyan edib. Hər şeydə Rusiyadan kömək istəmələri onu deməyə əsas verir ki, ermənilər ruslardan çox şey umurlar. Yəni onlar özlərini tam Rusiyaya təslim etdilər. Bunu da əlbəttə ki, Moskva onlardan gözləyirdi və istəyini də aldı. Bu o deməkdir ki, artıq Azərbaycan məsələləri Moskva ilə həll eləməlidir. Azərbaycan hər bir halda ərazi bütövlüyünü tam şəkildə təmin etməlidir. Hazırda Azərbaycanın yanında olan ölkələr Türkiyədir, Pakistandır. Azərbaycan Moskva deyib geri çəkilməməlidir! Hərbi masada qazandığı uğuru siyasi masada təmin etməlidir”.