Sərfəli varianta üstünlük verməliyik

Türkiyədən Naxçıvana qaz tədarükü enerji təchizatını şaxələndirəcək və təminatın etibarlılığını artıracaq

Ankarada imzalanan Saziş gələcək iqtisadi layihələrin başlanğıcıdır

Dekabrın 15-də Azərbaycanla Türkiyə arasında Naxçıvana təbii qazın tədarükünə dair anlaşma memorandumu imzalanıb. Anlaşmaya əsasən, təbii qazın İğdırdan Muxtar Respublikaya ötürülməsi üçün yeni boru kəməri qurulacaq. İğdır-Naxçıvan qaz kəmərinin Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr olacaq.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycan Naxçıvana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirirdi. Müqavilə 2025-ci ilə qədər qüvvədədir. Əlavə olaraq Naxçıvanın qaz təchizatının daha dayanıqlı olması məqsədilə Türkiyədən də qaz nəqli həyata keçiriləcək. Azərbaycan qazı TANAP vasitəsi ilə qardaş ölkəyə, oradan isə İğdır vasitəsi ilə Naxçıvana ötürüləcək.

Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, indiyədək Naxçıvanın qaz tələbatı əsasən İran vasitəsilə təmin olunurdu. Azərbaycan İrana böyük həcmlərdə qaz verir, İran isə bunun müqabilində müəyyən qədər qazı Naxçıvana ötürürdü. SOCAR rəsmisi indiyə qədər Naxçıvanın qaz təchizatında problem yaranmasa da, hansısa vasitəçiyə, yaxud tək mənbəyə bağlı olmaq məqbul sayılmırdı. 

Sənədin strateji əhəmiyyətini “Şərq”ə dəyərləndirən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban deyib ki, Türkiyədən Naxçıvana qaz tədarükü enerji təchizatını şaxələndirəcək və təminatın etibarlılığını artıracaq. İqtisadçı bildirib ki, İran üzərindən svop əməliyyatı ilə Naxçıvana qaz ötürmək heç də ucuz başa gəlmir:

“Azərbaycan yeni yaranmış imkanlar çərçivəsində Muxtar Respublikanın enerji təchizatını şaxələndirməyə çalışır. Memorandum İğdırdan Naxçıvana 30 kilometr uzunluğunda, buraxılış gücü 400 milyon kubmetr olan qaz boru kəmərinin çəkilişini nəzərdə tutur. Ötən əsrdə Naxçıvanın qaz təminatı Ermənistan üzərindən keçən qaz boru kəmərləri vasitəsi ilə təmin edilib.

Qaz təminatı Hacıqabul-Qazax-Ermənistan ərazisi və Naxçıvan marşrutu ilə təmin edilib. Sonra bunun dayanıqlığını artırmaq üçün 1978-ci ildə yeni layihə icra olunub. 1980-ci illərin əvvəlində Naxçıvanın qaz təminatı Ağdam-Xankəndi-Laçın-Gorus və Şahbuz marşrutu ilə həyata keçirilib. Bu kəmər 1992-ci ilədək işlək olub. Hazırda həmin kəmərlər mövcud deyil. Kəmərlərin şərq hissəsi tamamilə dağıdılıb”.

Ekspert vurğulayıb ki, əgər yaxın aylarda Azərbaycandan Naxçıvana dəhlizin açılması reallaşarsa, bölgənin enerji təchizatını birbaşa marşrut üzrə həyata keçirmək mümkün olacaq:

“İğdır-Naxçıvan boru kəməri hesabına isə Türkiyənin şərq bölgəsinin qazla təminatı daha sərfəli hala gələcək. Ona görə də mən Ankarada imzalanan bu Sazişi gələcək iqtisadi layihənin başlanğıcı kimi dəyərləndirirəm”.