Səfirin açıqlaması ABŞ-ın Azərbaycana yanaşmasını ortaya qoyur

İki dövlətin əməkdaşlığını maksimum səviyyədə inkişaf etdirməliyik 

Azərbaycan tərəfi bütün beynəlxalq qurumları qarşılıqlı əməkdaşlığa, Qarabağdakı yenidənqurma prosesində ədalətli iştiraka dəvət edir

Amerika hökuməti Qarabağın bərpasında Azərbaycanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Baş prokuror Kamran Əliyevlə görüşən ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberq deyib ki, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ümid edir ki, regionda bundan sonra sülh və əmin-amanlıq bərqərar olacaq. Səfir vurğulayıb ki, Ağ Ev beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək niyyətindədir.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İtaliyadan olan nümayəndələri qəbul edərkən Qarabağdakı quruculuq işlərinə italyan şirkətlərin də dəvət etdiyini söyləmişdi. Siyasi şərhçilərin fikrincə, Azərbaycanın ərazi bütövlüyün dəstəkləyən və rəsmi Bakı ilə isti münasibətlərdə maraqlı olan digər Qərb ölkələrini də Qarabağdakı bərpa fəaliyyətinə cəlb etmək lazımdır. Ələlxüsus, dünya miqyasında güclü təsir imkanlarına sahib ölkələrin Azərbaycanla yaxından əməkdaşlığına şərait yaradılmalıdır. 



Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Şərq”ə bildirib ki, Amerika-Azərbaycan münasibətləri hər zaman qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq istiqamətində inkişaf edib. Deputatın sözlərinə görə, rəsmi Vaşinqton Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü açıq formada dəstəkləyir:

“Səfir Litzenberqin açıqlaması ABŞ-ın Azərbaycana yanaşmasını ortaya qoyur. İki dövlətin əməkdaşlığını maksimum səviyyədə inkişaf etdirməliyik. Azərbaycan tərəfi bütün beynəlxalq qurumları qarşılıqlı əməkdaşlığa, Qarabağdakı yenidənqurma prosesində ədalətli iştiraka dəvət edir. Məhz birgə səylərin nəticəsində yaxın zamanlarda Qarabağı yenidən cənnətə çevirəcəyik. Müxtəlif iqtisadi sazişlərdən sonra nəqliyyat, ticarət və digər kommunikasiya sahələrində çox böyük beynəlxalq strateji layihələr reallaşacaq. ABŞ-ın bu proseslərdə iştirakına müsbət yanaşıram və xeyrimizə olacağını ümid edirəm”. 

Parlament üzvü təəssüflə qeyd edib ki, Amerikada erməni lobbi təşkilatları Vaşinqtonun dövlət maraqlarına zidd olaraq Türkiyə və Azərbaycana qarşı ciddi kampaniya aparırlar:

“Belə qərəzli mövqe sərgiləmək Ağ Evin özünə də zərər yetirir, milli-təhlükəsizlik məsələsində ölkəni zəiflədir. Ona görə də Amerika cəmiyyətinə həqiqətləri olduğu kimi çatdırmaq, onların beynini erməni yalanlarından təmizləmək üçün ciddi çalışmalı, əməkdaşlığı sıxlaşdırmalıyıq. Göstərməliyik ki, rəsmi Bakı ABŞ-a daim yaxın tərəfdaş kimi baxır və münasibətləri inkişaf etdirmək istəyir”.