Qarabağda erməni yuvası qala bilməz

Ərazilərimiz terrorçulardan tamamən təmizlənəcək

Rus sülhməramlılarının Qarabağa gəlməsi ilə erməni ordusu bütün Azərbaycan ərazisindən çıxmalı idi. Rus sülhməramlıları gəlib, amma erməni quldurları hələ də torpaqlarımızı tərk etmək istəmir və hətta vaxtaşırı əsgərlərimizə qarşı terror hücumu həyata keçirirlər. 26 noyabr və 8 dekabrda erməni silahlılarının terror hücumu nəticəsində 4 hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Buna cavab olaraq 11 dekabrda DTX antiterror əməliyyatı keçirərək, sözügedən kəndlərə nəzarəti əlinə alıb.

160 erməni silahlısının Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyünü əks etdirən video-kadrlar da yayılıb. Təslim olan erməni əsgərlərin əsasən Xorom, Lancik və Azatan kəndindən olduqları iddia edilir. Erməni mediası yazıb ki, Şirak vilayətindən əsir düşənlər könüllülər olublar. Şirak sakini Karapet Poqosyan 150 nəfərin əsir düşdüyünü etiraf edib: “Onlar 4 gün mühasirədə qalıb, yaddan çıxıblar, indi əsirdilər”. Ehtimal olunur ki, silahlılar diversiya əməliyyatları keçirmək üçün Qarabağda gizləniblər. Lakin Azərbaycan Ordusu onların yerini müəyyən edərək mühasirəyə alıb. Könüllülərin təslim olmaqdan başqa yolu qalmayıb. Çox sayda erməni əsgərin əsir götürülməsi ilə bağlı sosial şəbəkədə yayılan videoda övladlarını görən erməni valideynlər Müdafiə Nazirliyinin önünə və Hökumət Evinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Etirazçılar səsgücləndiricilər vasitəsilə baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Müdafiə Nazirliyi isə kadrları şərh etməkdə aciz olduğunu və Qarabağda hələ də saxladığı “filialının” araşdırma apardığını bildirib. 



Politoloq Qabil Hüseynli “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistanın məğlubiyyəti ilə barışmayan bəzi ermənilər Hadrut və Ağdərə meşələrində gizlənərək Azərbaycan Ordusuna qarşı təxribat hazırlayırmış. Analitikin sözlərinə görə, hansısa “ağıllı” başıboş ermənilərə məsləhət görüb ki, partizan müharibəsi ilə torpaqları “geri qaytara” bilərlər:

“Bu sarsaq ideya ətrafında cəmləşən ermənilər var. Ən azı 300 erməni terrorçunun olduğu deyilir. Hadrutdakı məlum təxribat onların planının tərkib hissəsi idi. Azərbaycan tərəfi rus sülhməramlılarından tələb etmişdi ki, bölgədəki bütün erməni quldurlarını təmizləsinlər. Əks halda Azərbaycan Ordusu özü hərəkətə keçəcək.

Sülhməramlılar üzərinə düşəni etmədiyi üçün DTX bölgədə anti-terror əməliyyatlarına başladı. Hazırda erməni terrorçuların təmizlənmə prosesi gedir. Zəngilan-Qubadlı bölgəsində də təxribatla üzləşdik.

Erməni tərəfi sərhəd xəttini 10 kilometr qabaqda, yəni bizim ərazimizdə çəkib. Rus sülhməramlıları ermənilərə xəbərdarlıq etsə də, buna əhəmiyyət verilmədi. Nəticədə Rusiya geri çəkildi və bəyan etdi ki, “problemi özünüz həll edin, biz qarışmırıq”. 

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan Ordusunun bütün hazırlıqları tamamdır:

“Canlı qüvvəmiz və hərbi texnikamız Zəngilan-Qubadlı bölgəsində cəmlənib. Erməni mediası bunu “Azərbaycanın Suniki (Zəngəzuru - red) ələ keçirmək cəhdi” kimi təqdim edir. Bu, absurd ittihamdır.

Məqsədimiz erməni təxribatını sonlandırmaq və sərhəd xəttini geri çəkməkdir. Ermənistan kiminsə qazına gələrək hərbi əməliyyatlara başlamaq fikrinə düşməsin.

Bu təhlükəli addım düşmən ölkənin birdəfəlik məhvi deməkdir”.